525.Az

Pərvin: "Mükafatlar yaradıcı adam üçün stimuldu..." (Müsahibə)


 

Pərvin: "Mükafatlar yaradıcı adam üçün stimuldu..." <b style="color:red">(Müsahibə)</b>

Bu günlərdə ölkə Prezidentinin sərəncamı ilə bir neçə gənc müxtəlif sahələr üzrə Gənclər mükafatına layiq görülüb. Ədəbiyyat, incəsənət mədəniyyət sahəsi üzrə gənc yazıçı, "525-ci qəzet"in əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Pərvin mükafatlandırılıb. Bu uğuruna görə onu təbrik etmək yaradıcılığındakı yenilikləri öyrənmək üçün Pərvinlə görüşüb söhbətləşdim... 

 - Pərvin, Prezidentin sərəncamı ilə Gənclər Mükafatına layiq görülməyin münasibətlə səni təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Söhbətimizə elə bu istiqamətdə başlamaq istərdim. Yaradıcı insan üçün mükafatların önəmi nədir?

- Təşəkkür edirəm, Sevinc. Mükafatların yaradıcı adama təsiri mövzusu həmişə müzakirə olunan məsələlərdən biridi. Yadındadısa, elə biz səninlə əvvəlki söhbətimizdə bu haqda danışmışdıq. O zaman da bunu demişdim ki, mükafatlar yaradıcı adam üçün stimuldu. Özünə, gördüyün işə inamı möhkəmləndirir. Amma əlbəttə ki, bu arxayınlaşdırmamalı, fikri yayındırmamalıdı. Xüsusən, gənclik illərində bu məqam daha "təhlükəli"di. Özümə gəldikdə isə deyə bilərəm ki, aldığım mükafatlar təkcə mükafatlar deyil, həm sözünə, zövqünə inandığım insanların haqqımda yazıları, mənə inamları, göstərdikləri  etimad məsuliyyət hissimi artırır. Başa düşürəm ki, arxayınlaşmaq, gördüyüm işə səthi, qeyri-ciddi yanaşmaq qətiyyən olmaz.   Yalnız yalnız çalışmaq, işləmək, oxumaq lazımdı. 

- Ötən ilin sonunda Riqaya, Moskvaya səfərlər etmisən, ədəbi tədbirlərə, festivallara qatılmısan. Oradakı görüşlərlə bağlı təəssüratlarını oxucularla böluşməyini istərdim.

- Moskvada Xaricdə Yaşayan Yazıçılar Forumu hər il keçirilir. Ötən ilin dekabr ayında həmin foruma növbəti dəfə dəvət olunmuşdum. Forum çərçivəsində müasir rus ədəbi mühiti ilə tanışlıq baxımından çox faydalı görüşlərimiz oldu. Siyavuş Məmmədzadə tərəfindən ruscaya tərcümə olunmuş "Balerina" povestim rus ədəbi mətbuatında,  proza almanaxında işıq üzü gördü. Seminarda Azərbaycan ədəbiyyatı, müasir ədəbi mühit haqqında məruzə etdim. Həmin səfərdən bir neçə gün sonra isə Riqada "Beynəlxalq Proza Festivalı"na qatıldım...

- Ümumiyyətlə, mənə başqa şəhərlərə, ölkələrə getməyinin sənə yazıçı kimi təsiri maraqlıdı. Moskva səfəri haqqında danışdın. Amma bu, məsələnin işgüzar tərəfi... Bəs getdiyin şəhərlər, orda gördüyün yeni simalar necə təsir edir sənə?   

- Onu deyim ki, təəssürat adamıyam... Yəni gördüyüm, baxdığım hər bir detalla, hadisəylə bağlı çoxlu təəssüratlarım, fikirlərim olur. Bəzən hətta itib-batıram assosasiyaların içərisində. Səfərlərdə tədbirlərlə yanaşı şəhərlərin, ordakı adamların təsiri, düşündürməsi məsələsini isə dəqiq deyirsən. Məsələn, elə bu son Riqa səfərim haqda deyə bilərəm; hardasa, il yarım öncə Dialoq Avrasiya Platformasının Litvanın paytaxtı Vilnüs şəhərində keçirdiyi "Gənclər Sosial Media Forumu"nda iştirak edirdik. Yolüstü bir neçə saat Riqada olmuşduq. Şəhərin qədim hissəsini, tarixi yerlərini gəzmək imkanımız yaranmışdı. Məndə hər an belə hiss vardı ki, bu şəhərdə olmuşam. Özü şəhər mənə məkan kimi, yer kimi deyil, insan, özü mənə çox doğma insan kimi görünürdü... Bilmirəm, bəlkə şəhərdə qədimliyin maksimum qorunması, latışların təmkininin, rahat, sakit ünsiyyətinin, davranışının mənim bəyəndiyim obraza uyğun olması idi səbəb... Bir neçə saatlıq "görüşümüz"dən xeyli zəngin təəssüratlar yaranmışdı məndə. Ona görə haqqında danışdığım  "Proza festivalı" həm bəyəndiyim şəhəri daha yaxşı gəzib baxmaq imkanı yaratdı...

- Xəyal qırıqlığı olmadı ki ikinci daha uzun səfərindən sonra?

- Yox, qətiyyən. Əksinə! Həm qatıldığım festival son dərəcə maraqlı, yüksək səviyyədə təşkil olunmuşdu. Burada Amerikadan, İngiltərədən, Kanadadan, Avstraliyadan, Yunanıstan, Rusiyadan, Türkiyədən yazıçılar iştirak edirdilər. Məşhur poliqlot tərcüməçi, şair, türkoloq, Latviya Elmlər Akademiyasının fəxri akademiki Uldis Berzinş "Çarəsiz yalan" hekayəmi latışcaya tərcümə etmişdi nəsr qiraəti günlərində həmin hekayə latış rus dillərində oxundu. Başqa hekayələrimi Zane Bruvere tərcümə etmişdi, amma Uldis məhz "Çarəsiz yalan"ın təqdimatını məsləhət gördü, çünki bu hekayə Qarabağ, Şuşa mövzusundadı. Hekayənin oxunuşundan sonra mənə Qarabağ haqqında çoxlu suallar verildi, bu mövzuda çıxış elədim.

- Belə ağrılı, xeyli dərəcədə siyasi mövzu səni sıxmırdı ki? Xüsusən yad adamların içərisində...

- Hələlik, bu mövzu hər yerdə ağrılıdı. Amma mən orada siyasətçi kim faktlarla, sitatlarla yox, daha çox yazıçı kimi öz ağrılarımı, baş verən faciənin ayrı-ayrı insan talelərinə təsirini çatdırmağa çalışdım. Hekayəmin qəhrəmanının misalında...

- Bəs getdiyin yerlərdə gəncləri necə gördün? Bizlərlə fərqləri çoxdu?

- Məncə, xeyli fərqlər var. Hadisələrə yanaşmada, ən adicə qonaq qəbul etmə adətlərində maraqlı məqamlar müşahidə edirdim. Amma gənclərlə ünsiyyət baxımından "Ədəbiyyat laboratoriyası"nın üzvləri ilə görüşlərim çox qeyri-adi gəldi mənə. "Ədəbiyyat laboratoriyası" bizim Gənc Ədiblər Məktəbi formatında bir yaradıcılıq mərkəzidi. Müqaviləylə iki gün dərs keçdim orda. Həm onların bizim ədəbiyyatımıza aid suallarını cavablandırdım. Onu deyim ki, Sovet dövründə ədəbiyyat, repressiya qurbanlarının taleləri o auditoriyaya çox maraqlı idi, bu haqda daha çox soruşurdular.

- Pərvin, hiss olunur ki, doğrudan da zəngindi təəssüratların. Amma istərdim lap bu, yaxın günlərdə daha yaxına etdiyin "səfər"dən danışaq. Türkan qəsəbəsində "Gənclər gələcəyimizdir" adlı ədəbi-bədii gecənin qonağı oldun. Yeniyetmə ədəbiyyatsevərlərlə görüşdən hansı təəssüratlarla ayrıldın?

- Sənin təbirincə desəm, bu "səfər"i zamanla da, məsafəylə ölçmək olar. Çünki bu, həm mənim uşaqlığıma, həm Bakının bir kəndinə gedişim oldu. Uşaqlıqda hər yay Türkandakı bağımızda dincəlirdik. Hər bir şəhər uşağı üçün ekzotik sayılan yay tətillərinə aid bütün xatirələrim, təəssüratlarım ora ilə bağlıdı. Bir gün hazırda II Gənc Ədiblər Məktəbinin üzvü olan Vəlixan Abdullayevlə söhbətimdə Türkana aid hisslərimi, düşüncələrimi bölüşdüm. Bu xatirələri danışanda Vəlixan dedi ki, Türkan qəsəbə Mədəniyyət  Mərkəzinin təşkilatçılığı ilə  yaradıcı adamlarla görüşlər keçirilir. Təklif etdi ki, növbəti görüşlərin biri mənimlə olsun, həm bu uzaq kənd haqda düşüncələrimi, xatirlərimi danışım. Bu həftə Fərid Hüseynlə birgə məktəblilərlə görüşümüz oldu. Yəqin ki, Fərid üçün tamam yeni bir mühit idi. Amma mənim üçün orada hər şey doğma idi, çoxlu xatirələrim  oyandı, unutduğum nələrsə yadıma düşdü. Adamların ləhcəsindən tutmuş üzlərdəki ifadəyə, baxışlara kimi hər şeydən müsbət enerji aldım, sanki uşaqlığıma qayıtdım.  Bizim yazılarımıza - Fəridin şeirlərinə, mənim hekayələrimə çox həssas yanaşmışdılar. Hətta bir neçə şagird mənim hekayələrimdən parçaları, Fəridin şeirlərini əzbər dedilər.  Bu da bizim üçün çox sevindirici idi.

Türkandakı görüş zamanı bunu da müşahidə elədim ki, Azərbaycanda təkcə mərkəzdə, şəhərdə deyil, Türkan kimi Bakıdan xeyli aralı olan qəsəbədə artıq gənclər, yeniyetmələr arasında ədəbiyyatın təbliği, istedadlı gənclərin üzə çıxarılması istiqamətində xeyli işlər görülüb. Elə Mədəniyyət Mərkəzinin inşa edilməsi, qısa müddətdə görülən işlər çox sevindiricidir. 

- Təəssüflər olsun ki, ətrafdakıların insana qarşı qısqanclıq paxıllıq onun uğurları ilə birgə artır... Necə mübarizə aparırsan paxıllarla?

- Heç bir mübarizə aparmıram. Sadəcə görməməyə, üzümü yan tutmağa çalışıram. Əlbəttə, yaxın, doğma bildiyin adamların gözündə həmin ifadəni görəndə daha pis təsir edir. Amma bu da həyatın qanunudu, olmalıdı yəqin. Son vaxtlarda daha yaxşı başa düşürəm ki, sadəcə işləmək lazımdı. Fikrin işində, yazında olanda bu şeylər təsir eləmir. Ramiz Rövşən demiş, Allah bizim Allahdı!

- Amma bununla yanaşı, yəqin gənc ədiblərlə görüşdə qazandığın uğurların təkcə sənin üçün deyil, həm digərləri üçün stimul rolunu oynadığını hiss eləyirsən?

- Əlbəttə, yəqin ki, zəhmətdən, əziyyətdən qorxmayan, istedadlı adama daha çox stimul verir. Mən şəxsi müşahidələrimi deyə bilərəm ki, bu gün gənclərin yetişməsi, inkişaf etməsi üçün hərtərəfli şərait var. Azərbaycan Yazıçılar Birliyinin nəzdində yaradılmış Gənc Ədiblər Məktəbi, son günlərdə sənin katibi olduğun Gənclər Şurasının keçirdiyi tədbirlər hamısı bu istiqamətdə görülən işlərdir. Mükafatlar, müsabiqələr mühitdə xüsusi bir ovqat, rəqabət yaradır. Mənim özümə bütün bunların yalnız faydası olub. Bəzən Gənc Ədiblər Məktəbinə təzə-təzə gəlib-getdiyimiz vaxtları xatırlayanda çox təəccüblənirəm. Qısa vaxtda ordakı mühitin, həm "525-ci qəzet"in gənclərin üzünə açdığı qapıların sayəsində çox şeylər dəyişdi. Əlbəttə ki, bunların hamısı bu gün öz bəhrəsini verir.

- Qarşıda hansı hədəflər, hansı yaradıcılıq planların var?

- Rejissor Ramiz Həsənoğlunun təklifi ilə Çexovun "Qu quşu nəğməsi" pyesinin motivləri əsasında yeni bir pyes yazmışam. Birpərdəli dramdı. Hazırda redaktə işləri gedir.

"525-ci qəzet" "Yüz gözəl sevgi şeiri", "Dahilərin qadınları" layihələrim davam edir. Doktorantam, inşallah qarşıdakı aylarda dissertasiyamı işləməliyəm. Həm bir roman üzərində çalışıram. İndi daha irihəcmli, daha zəngin, dərin əsər yazmağa ehtiyac hiss edirəm. "Yüz gözəl sevgi şeiri" layihəsini bəzən romana hazırlıq mərhələsi kimi hiss edirəm. Başqa yaradıcılıq arzularım da var. Ümid edirəm ki, zamanla bütün bu planlarım reallaşacaq. 

Sevinc MÜRVƏTQIZI

 





14.02.2014    çap et  çap et