525.Az

Akif Qurbanov: “Əlavə tədbirlərə ehtiyac var”


 

Akif Qurbanov: “Əlavə tədbirlərə ehtiyac var”<b style="color:red"></b>

“Bu gün koronavirusa yoluxma sayının nəzarətə götürülməsi üçün əlavə tədbirlərə ehtiyac var”.

525.az APA-ya istinadən xəbər verir ki, bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

O bildirib ki, pandemiya başlayandan indiyə qədər dövlət səviyyəsində ən yüksək tədbirlər görülməkdədir:

“Tez zamanda modul tipli xəstəxanalar istifadəyə verildi, ölkəyə yeni preparatlar gətirildi, bütün həkimlər səfərbər edildi, xarici mütəxəssislər cəlb olundu. Bunlar görülən tədbirlərin ancaq bir hissəsidir. Hazırda dünyada yoluxma sayı 60 milyonu keçib. Bu gün bütün dünya xəstəliyə qarşı müxtəlif tədbirlər həyata keçirir. Ancaq yenə də pandemiyanın yayılması səngimək bilmir. Bu gün sadəcə qorunma tədbirlərindən başqa çarəmiz yoxdur. Hazırda xəstəliyə qarşı əlimizdə vaksin, preparat yoxdur. Qorunma tədbirlərinə düzgün əməl etməliyik. Maskadan düzgün istifadə etməliyik. Maska tənəffüs yollarını bağlamalıdır. Lüzum olmadan yaxınlaşmaq, təmas lazım deyil. Əllərin tez-tez yuyulması çox vacibdir”.

O bildirib ki, elan olunmuş qaydalara əməl edilsə, yoluxma saylarının azalmasına nail olarıq:
 
“Bu gün bu virusun nə qədər davam edəcəyinə proqnoz vermək çətindir. Hamı bilməlidir ki, insanların çoxunda bu virusa qarşı immunitet yaratmasaq, bu virusa qarşı mübarizə çətin olacaq. Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri də başlayacaq. Azərbaycan ən təhlükəsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri artıq demək olar bitirib. Həmin vaksinlər hazır olanda ölkəyə gətiriləcək. Biz bununla da virusa qarşı kütləvi immunitet yaratmış olacağıq”.

Akif Qurbanov qeyd edib ki, ölkə müharibədən yeni çıxıb:

“Xəstəxanalarda yaralı əsgərlərimiz müalicə alır. Biz qorunma tədbirlərinə əməl etməklə, həmin əsgərlərimizi də qorumuş oluruq”.

 

 





02.12.2020    çap et  çap et