|
|
|
|
44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan, Azərbaycan qarşısında diz çökən Ermənistanda hazırda daxili gərginlik və etirazlar pik həddə çatıb.
Ermənistan müxalifəti bütün uğursuzluqda baş nazir Nikol Paşinyanı günahlandırır, buna görə də onu dərhal istefa verməyə çağırır. Lakin Paşinyanın da öz arqumentləri var. O bildirir ki, əgər 9 noyabr razılaşmasına getməsəydi, Ermənistan tamamilə məhv olacaqdı, daha böyük itkilərlə üz-üzə qalacaqdır. Baş nazirin açıqlamaları erməni cəmiyyətini, siyasiləri sakitləşdirmir. Onlar öz məğlubiyyətləri ilə heç cür razılaşmaq istəmirlər. Bu gün böhran özünü erməni diasporu və erməni kilsəsi daxilində də göstərməkdədir. Belə gərginlik fonunda isə erməni mətbuatı Paşinyanın gizli şəkildə özünə "trollardan" ibarət qrup yaratdığını yazıb. Hakimiyyətin trolları baş nazirə qarşı sosial şəbəkələrdə etiraz edənlərə qarşı təhqir, qorxutma metodlarından istifadə etməkdədir. Sosial şəbəkələrdə hücuma keçən bu qrup təkcə siyasi müxalifətə qarşı deyil, eyni zamanda, Nikol Paşinyana və onun daxili, xarici siyasətinə qarşı çıxan sadə vətəndaşlara, əsgər valideynlərinə və qohumlarına qarşı da aqressiya nümayiş etdirir. Məlumata görə, "troll" kimi çalışan ən sadə işçilərə ayda 160 dollaradək əmək haqqı verilir. Belə ki, onlar sosial şəbəkələrdə feyk profillər yaradaraq, öz "tapşırıqları"nı yerinə yetirirlər.
Millət vəkili Anar Məmmədov hesab edir ki, Azərbaycan qarşısında acı məğlubiyyətə uğrayan ölkənin baş naziri bu gün iqtidardan getməmək üçün diktatura rejimini hər gün daha da sərtləşdirir, demokratik azadlıqların tapdanmasını adi hala çevirir, fərqli düşünənləri ciddi şəkildə cəzalandırır, siyasi partiya rəhbərlərinin, siyasi fəalların saxlanılmasına göstəriş verir, deputatlara qarşı hücumlar təşkil edir: "Hətta Qarabağda döyüşən, ancaq varlığından xəbər olmayan əsgərlərin valideynləri etiraz səslərini ucaltdıqlarına görə polis zoraklığına məruz qalırlar. Bütün bunlarla bərabər, İrəvana gələn Qarabağ ermənilərinin məskunlaşma ilə bağlı yerli ermənilərlə ədavəti bir daha sübut edir ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistana gələnlərin çox az hissəsi vətəndaşlıq almaq arzusunda olur, on minlərlə insan isə Ermənistan vətəndaşlığından imtina edir. Bunun başlıca səbəbi işğalçı ölkənin baş nazirinin indiyə kimi xalqını aldadıb, həqiqəti gizlətməsidir. Xalq ilk olaraq isə bunu tələb edir. Ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistanın üzləşdiyi böhranın qarşıdakı müddət ərzində daha da dərinləşəcəyi istisna deyil. Belə vəziyyətdə Ermənistanda sayı sürətlə azalmaqda olan əhalinin hakimiyyətə qarşı sosial narazılığının daha da güclənəcəyi, eyni zamanda, miqrasiya prosesinin yeni vüsət alacağı ehtimalını sürətləndirir. Ermənistanda daha xaotik hadisələrin baş verəcəyi qaçılmazdır. Lakin əfsuslar olsun ki, Avropa dövlətləri, beynəlxalq təşkilatlar müxalifətin bu qeyri-demokratik kampaniyasına səssiz qalır, demokratiya və insan haqlarının qorunmasından bəhs etmir. Bütövlükdə isə bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını göstərir. İşğal siyasətinin qurbanı olan bu ölkə üzləşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək".
Politoloq Zaur Məmmədov isə düşünür ki, bu günlərdə ifşa olunan "troll fabriki" Paşinyanın "demokratik siyasətçi" imicinə növbəti zərbə olub. Bəzi məlumatlara görə, Paşinyanın nəzarətində olan "troll fabrik"lərində gündəlik 60-90 min saxta profildən rəqiblərə qarşı hücumlar edilir, əsasən təhqirlər yağdırılır.
Bundan başqa, 168.am media orqanının jurnalistləri Paşinyana yaxınlığı ilə seçilən oliqarx Samvel Aleksanyana məxsus "Mega Mall" ticarət mərkəzinin ərazisində trolluqla məşğul olanların yerləşdiyi ofisdən kompüter avadanlıqlarının daşınmasını üzə çıxarıblar. 168.am saytının məlumatına görə, Aleksanyan özü bu antimilli qurumun fəaliyyətini şəxsən maliyyələşdirib. "Troll fabriki"nin boşaldılmasına Paşinyanın "Mənim Addımım" blokunun deputatı Hayk Sarkisyan rəhbərlik edib.
Z.Məmmədov hesab edir ki, bütün bunlar Ermənistanın düşdüyü rəzil durumun bariz nümunəsidir. Dünənə qədər həmrəy erməni düşüncəsindən danışanlar bu gün əsl simalarını hətta öz millətinin Qarabağdan olan nümayəndələrinə belə göstərməkdədirlər: "Onsuz da, Sovetlər dövründə olduğu kimi, indi də Qarabağ və Ermənistan erməniləri bir-birilərinə qarşı soyuq münasibət bəsləməkdədirlər. İndiki hadisələrdə isə bu, daha aydın hiss olunmaqdadır. Müharibənin nəticələrindən və ərazi güzəştlərindən narazı olan Qarabağdan olan "qaçqınlar" Ermənistanda ciddi nifrətlə qarşılanmaqdadırlar. Onlar Qarabağ ermənilərini Ermənistandan qovmağa qədər təhdid edirlər".
Politoloq Tofiq Abbasovun fikrincə, Ermənistan hazırda ən kritik dövrünə yaxınlaşıb, bu, tək Paşinyan hakimiyyətinin bəlası, baş nazirin bacarıqsızlığının nəticəsi deyil: "Bu, 30 illik adı üstündə olan müstəqil erməni dövlətinin, erməni cəmiyyətinin bəlasıdır. Bu illər ərzində ağıl, zəka, müdriklik nümayiş etdirmək əvəzinə işğalçılıq siyasətinə əl atdılar. Erməni siyasi elitasının, o cümlədən, onun yetişdirdiyi Qarabağ quldur dəstəsinin fəal "xidmətləri" idi ki, bu gün də həmin siyasət öz başlarında çatladı. İndi İrəvanda əsas məsələ Nikol Paşinyandan xilas olmaq yox, Ermənistanı dağıdıcı ideologiyadan təmizləmək sayılır. Ölkəni sözün həqiqi mənasında "müalicə etmək" lazımdır. Çünki yalnız siyasi elita deyil, bütün cəmiyyət zəhərlənib. Bu zəhəri insanlara içirdənlər həmin diaspora, kilsə və onların qulluğunda duran prezident Armen Sarkisyan kimi riyakar siyasətçilər olublar. Təbii ki, Paşinyan artıq hakimiyyətdə müvəqqəti baş nazir kimi qalıb. Onun siyasi ömrü uzun çəkməyəcək. Ancaq Nikolun getməyi nəyisə dəyişəcəkmi? Bax, hazırda bu, ciddi sual doğurur".
PƏRVANƏ