525.Az

Ermənistanda demoqrafik böhran dərinləşəcək - Xaqani Cəfərli yazır


 

Ermənistanda demoqrafik böhran dərinləşəcək - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Ermənilər İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlərinin səbəblərindən biri kimi Ermənistanın üzləşdiyi demoqrafik böhranı göstərirlər.
 
Ermənistan prezidenti Armen Sarkisyan müsahibələrinin birində ölkəsinin yalnız döyüş meydanında deyil, demoqrafik və informasiya savaşında da məğlub olduğunu dilə gətirmişdi. Həmin müsahibəsində A.Sarkisyan təəssüflə qeyd edirdi ki, 26 il əvvəl Qarabağın erməni əhalisinin sayı 100 min nəfər idi, indi - 26 il sonra yenə 100 min nəfərdir. Əslində isə bu, yalnız kağız üzərində olan məlumatdır. Reallıqda isə Qarabağda yaşayan ermənilərin sayı 60 min civarındadır. Ermənilərin sayının azalması isə yalnız Qarabağda müşahidə edilmir. Ermənistanın özünün də əhalisi kəskin sürətdə azalır.

Birinci Qarabağ müharibəsinə son qoyan "Bişkek protokolu"nun imzalandığı 1994-cü ildə Ermənistanın əhalisi 3356700 nəfər idi. Bir il keçməmiş Ermənistanın əhalisinin azalması müşahidə edildi. 1995-ci ildə Ermənistanın əhalisinin sayı 3260300 nəfər təşkir edirdi ki, bu da bir il ərzində 130 mindən artıq insanın immiqrasiya etdiyindən xəbər verirdi. Erməni sosioloqlar bu vəziyyəti müharibədən sonra Ermənistanın üzləşdiyi blokada və bunun nəticəsi olaraq həyat səviyyəsinin aşağı düşməsi ilə izah edirlər. İmmiqrasiyanın geniş miqyas almasının digər səbəbi kimi birinci atəşkəsdən sonra Ermənistanda siyasi mübarizənin qızışması və cəmiyyətdə qarşıdurmanın dərinləşməsi göstərilir. Siyasi vəziyyətin stabilləşməsi 1995-ci ildə demoqrafik böhranın qarşısını alır və hətta müsbət məqamlar da müşahidə olunur. Ancaq iki il sonra Ermənistanda siyasi gərginliyin artması və ilk prezident Levon Ter-Petrosyanın istefaya məcbur edilməsindən sonra immiqrasiya yenidən sürətlənir. 1999-cu ilin mayında keçirilən parlament seçkilərində Vazgen Sarkisyan və Karen Dəmirçiyanın başçılıq etdikləri "Birlik" blokunun qalib gəlməsi siyasi gərginliyi azaldır və may ayından sonra demoqrafik artım müşahidə olunur. Ancaq 1999-cu il oktyabrın 27-də parlamentdə baş verən terror olayından sonra immiqrasiya yenidən güclənir və ölkədə əhalinin sayı azalmağa başlayır. 1999-cu ilin dekabrında 2001-ci ilin noyabrına kimi hər ay əhalinin 5000 nəfər azalması baş verib. Eyni zamanda, 2001-ci ildə doğum hallarının azalması da qeydə alınıb.

2002-ci ildə siyasi vəziyyətin sabitləşməsi və iqtisadiyyatda yüksəlişin başlaması ilə 2008-ci ilədək immiqrasiyanın azalması, bəzi zamanlarda isə hər ay əhalinin 2500 nəfər artması qeydə alınır. 2008-ci ilin qanlı mart hadisələrindən sonra Ermənistanda siyasi gərginliyin yenidən artması immiqrasiyanın sürətlənməsinə səbəb olur. Əmək qabiliyyətli əhali Ermənistanı tərk edərək xarici ölkələrə, xüsusən də Rusiyaya üz tutur. Erməni sosioloqlar Gürcüstanla Rusiya sərhədində "Yuxarı Lars" Gömrük keçid məntəqəsinin açılmasnın da immiqrasiyanın güclənməsinə təsir göstərdiyini qeyd edirlər.

Hazırda Ermənistanın əhalinin 2.8 milyon nəfər olduğu iddia edilsə də, reallıqda əhalinin sayının 2 milyondan az olması ilə bağlı məlumatlar var. Belə məlum olur ki, Ermənistanın əhalisi ilə Qarabağda yaşayan ermənilərin cəmi təxminən 2 milyon nəfərdir. Bu isə hərb zamanı özünün təsirlərini çox bariz şakildə göstərdi.

Rusiyalı ekspertlər son 25 ildə Rusiyaya miqrasiya edən ermənlərin sayının 2 milyona çatdığını bildirir və İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətində bu amilin xüsusi rol oynadığını qeyd edirlər.

Ermənistanın üzləşdiyi demoqrafik problemin mənfi tərəflərindən biri də qadınların sayının kişilərin sayını kəskin üstələməsidir. Rəsmi statistikaya görə, Ermənistan əhalisinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. İmmiqrasiya edənlərin arasında kişilərin böyük əksəriyyət təşkil etməsi Ermənistanda ciddi gender problemi yaradıb.

İkinci Qarabağ müharibəsi Ermənistanın acınacaqlı demoqrafik vəziyyətini tam çılpaqlığı ilə üzə çıxardı. Ancaq bu da son deyil. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyət Ermənistanda siyasi böhran yaradıb. Ermənistanın son 25 illik tarixi isə göstərir ki, siyasi böhran immiqrasiyanın sürətlənməsinə səbəb olur. Ermənistan onu gözləyən iqtisadi fəlakətdən yayına bilməsə, yenidən ermənilərin kütləvi köçü başlayacaq. Ermənistanda sağlam düşünmək qabiliyyətini itirməyən mütəxəssislər isə yeganə çıxış yolunun Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin qurulmasında görürlər. Məsələn, yenicə Ermənistanın iqtisadiyyat naziri təyin olunan Vann Kerobyan hesab edir ki, Türkiyə və Azərbaycanla münasibətlərin bərpası böhranın qarşısını almağa imkan verə bilər. Nazir təyin olunmazdan əvvəl uğurlu biznesmen kimi məşhurlaşan “Menu Group”un qurucusu Vann Kerobyanın mövqeyi regiondakı gerçəkliklərə əsaslanır. Ancaq Ermənistan cəmiyyəti bu gerçəklikləri qəbul etmək iqtidarında deyil. Buna görə də, Ermənistanda siyasi, iqtisadi və demoqrafik böhranın dərinləşməsini proqnozlaşdırmaq mümkündür.

 





02.12.2020    çap et  çap et