525.Az

Azərbaycanın Alanyadakı səsi - Şahanə Müşfiqin yazısı


 

Azərbaycanın Alanyadakı səsi - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

İkinci Qarabağ müharibəsi zamanında dünyanın müxtəlif ölkələrində yaşayan ziyalılarımızın Azərbaycanın haqq səsini dünyaya çatdırmalarına çox böyük gərək vardı. Bir çoxu bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəldi, informasiya savaşında da düşməni bir xeyli çətinliyə saldı. Onlardan biri də illərdir Türkiyədə yaşayan, mütəmadi şəkildə Türkiyə mətbuatında köşə yazılarıyla çıxış edən yazıçı Humay Yılmazdır.

Humay xanım ixtisasca rejissordur. Bu sənəti hələ lap uşaqlıqdan, 7-8 yaşlarından seçib. Kinonu sevən balaca Humayı ordakı aktyorlardan çox, ən sonda titrlarda adı yazılacaq rejissor, ssenarist maraqlandırırdı. Rejissorluq sənətinin nə olduğunu, əslində, anlamasa da, belə hesab edirdi ki, filmin müəllifi rejssordur. Aktyorları da, ssenaristləri də, digər kino işçilərini də rejissor seçir və rejissor ən başlıcası, özgürdür, ona heç kim əmr etməyəcək. Beləcə bu arzu onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsinə gətirib çıxarır.

Yüz minlərlə insanın sadəcə ekranlardan tanıdığı sənətkarlardan dərs almaq, sözsüz ki, gənc insan üçün çox maraqlıdır, mütləq onun həyatında iz qoyur. Humayın kurs rəhbərindən də bəxti gətirmişdi. Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlidən çox şey öyrənmişdi, Əli müəllim onun ilk kurs işini - ssenarisini bəyənmişdi və bu, onu qələmə bağlayan təkanverici qüvvə olmuşdu.

Ölkəsini, Vətənini, ailəsini və seçdiyi sənəti çox sevən Humay xanımın taleyi qardaş ölkə Türkiyəylə bağlanır. O, artıq 15 ildir ki, Türkiyədə yaşayır. Bu illər ərzində onun Vətən sevgisi, ailə həsrəti qələmində can tapır. Zamanla qələm Humay xanımın hisslərinin tərcüməçisinə çevrilir. Beləcə, Humay Yımazın yaradıcılıq yolu 2013-cü ildə ana dilində qələmə aldığı və "Söz" jurnalında dərc olunan ilk hekayəsi ilə başlayır. 2019-cu ildə hekayə və mənsur şeirlərindən ibarət "Köprü" kitabı İstanbulun nüfuzlu "Cinius" nəşriyyatında çapdan çıxır. Bununla da həmyerlimiz hər iki ölkədə adını yazıçı kimi tanıtdırmağı bacardı.



Humay Yılmaz Türkiyənin ən gözəl şəhərlərindən birində, turizm mərkəzi Alanyada yaşayır. Alanya Antaliyanın bir ilçəsi, Aralıq dənizinin sahilində bir incidir. Avropa turistlərinin ən çox üstünlük verdikləri və yerli əhalisindən daha çox əcnəbi sakini olan cənnətəbənzər bir şəhərdir. Qədim tarixi, minilliyin o üzündən gələn maddi abidələri olan Alanya həm də mədəniyyət mərkəzidir. Qısası, bu cənnət guşəsini görən mütləq bir dəfə də görmək istəyəcək.

Şəhərdə çox sayda qəzet çap olunur. Humay Yılmaz aparıcı mətbuat orqanı olan "Alanya Postası" qəzetinin Azərbaycan təmsilçisidir. 2005-ci ildən "Gerçək xəbər qəzeti" devizi ilə fəaliyyət göstərən qəzetin təsisçiləri Hilmi Karagöz və Mehmet Ali Gürses bu amala sadiqdirlər. Dini, irqi ayrı-seçkiliyə yol verməməyi diqqətə alan qəzetin öz mətbəəsi və internet televiziyası var. Qəzet böyük tirajla həftənin altı günü, İnternet-tv isə fasiləsiz fəaliyyət göstərir. Dəqiq xəbərləri, obyektiv, maraqlı yazıları ilə özünə geniş oxucu və tamaşaçı auditoriyası qazanmış "Alanya Postası" Türk Dünyası üçün də əlindən gələni edir. Azərbaycan qardaş ölkə olaraq qəzetin baş köşələrində işıqlandırılır.

Sentyabrın 27-dən başlayan erməni işğalçılarına qarşı şanlı müharibə Humay Yılmazın qələmi vasitəsiylə qəzetin əsas mövzularından birinə çevrilib. O, bu dövr ərzində "Ey türk, silkələn və özünə dön!", "Gəncə", "Azadlıq nə gözəl yaraşdı!", "Səbrin sonu salamatdır!", "Azərbaycan tezkeresi" və başqa məqalələriylə erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri terroru, ölkəmizin haqq savaşını və türk birliyini dilə gətirib.

Bu müharibədə bir daha qardaşlığını sübut edən Türkiyənin hər yerində sentyabrdan etibarən bizə dəstək aksiyaları, haqlı müharibəmizə həsr olunmuş tədbirlər keçirilməkdədir. Həmin yerlərdən biri də avropalıların sıx yaşadıqları Alanya şəhəridir. Sözügedən qəzet mütəmadi şəkildə bu tədbirləri işıqlandırmaqdan əlavə, Humay Yılmazın və digər türkiyəli ziyalıların mövzuyla bağlı məqalələrini çap etməyi özünə borc bilib. Bəzən düşmənin özbaşınalığına dözə bilməyib qələmini sərt mövqedə işə salan Humay Yılmazın heç bir məqaləsi bir cümlə və ya söz ixtisarı, senzurasıyla qarşılaşmayıb. Düşmənlərimizin insanlığa sağmayan əməlləri açıq-aşkar, olduğu kimi təqdim edilib.

Humay Yılmaz qəzetin rəhbərliyindən, həmkarları Qaye Coşkun, Ali Özsoy və başqalarından sonsuz razılıq edir. Qarabağ həqiqətlərini dünyaya bəyan etmək, ümumiyyətlə, Azərbaycanı, onun mədəniyyətini təbliğ etmək üçün ona imkan yaratmış "Alanya Postası" ailəsinə minnətdar olduğunu bildirir.

Biz də ölkə xaricində yaşayan vətəndaşlarımızı bu mövzularda ən az Humay Yılmaz qədər aktiv və həssas olmağa çağırır, haqlı davamızda yanımızda olan, səsimizə səs verən hər kəsə təşəkkürlərimizi göndəririk!

No description available.

 





02.12.2020    çap et  çap et