525.Az

“Vətən yaxşıdır”ın müəllifi: “O görüntülər hamıdan çox mənə təsir etdi” - Video


 

“Vətən yaxşıdır”ın müəllifi: “O görüntülər hamıdan çox mənə təsir etdi” - <b style="color:red">Video</b>

Vətən müharibəsinin bitməsinə baxmayaraq bu mübarizənin qəhrəmanları hər zaman xalqın qəlbində yaşayacaq, dilində səslənəcək.

Qəhrəmanlıqları ilə tarix yazan şəhidlərimizin, qazilərimizin hər birinin öz hekayəsi var. Belə vətən oğullarından biri də, igidliyi ilə yanaşı öz səsi ilə yaddaşlara həkk olunan şəhid gizir Xudayar Yusifzadədir. Onun şəhid olmamışdan iki gün öncə ifa etdiyi mahnısı indi sosial şəbəkələrdə çox izlənilir və xalqımız tərəfindən həssaslıqla qarşılanır. Şəhidin məlahətli səsi ilə oxuduğu “Vətən yaxşıdır” mahnısı dillər əzbərinə çevrilib. Elə bu ifası ilə mahnıda olduğu kimi, dastana döndü gülərüzlü şəhidimiz.

Azərbaycanın Xalq artisti, Şərəf, Şöhrət və İstiqlal ordeni laureatı, ustad xanəndə Əlibaba Məmmədov mahnının müəllifi kimi şəhidin ifası ilə bağlı öz təəssüratlarını 525.az-la bölüşüb. O bildirib ki, “Vətən yaxşıdır” mahnısının 60 yaşı var:

“Mən yüzlərlə bu cür vətənpərvər mahnının müəllifiyəm. O mahnını böyük qəzəlxan Əliağa Vahidin sözlərinə bəstələmişəm. Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox gözəl səsi var imiş, heyif o səsdən. Bir tərəfdən mahnının dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun!”
 
Görkəmli xanəndə qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib:
 
“Azərbaycan xalqını parlaq qələbə münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, bu sevinci bizə yaşatdı. Mən ordumuzla fəxr etdim. Azərbaycan əsgəri düşmənə lazımi cavabı verməyi bacardı. Allah qələbəmizi daimi eləsin, xalqımızı qorusun!”

Xatırladaq ki, 22 yaşlı Xudayar Yusifzadə Sərhəd Xidmətinin giziri olub. O, Füzuli, Hadrut, Zəngilan, Kəlbəcər, Qubadlı uğrunda qaynar döyüşlərdə iştirak edib. Oktyabrın 23-də ağır yaralanıb və şəhidlik zirvəsinə ucalıb.

Nadir RZALI

 





02.12.2020    çap et  çap et