525.Az

İranın intiqam bəyanatları gerçəkləşəcəkmi?


 

İranın intiqam bəyanatları gerçəkləşəcəkmi?<b style="color:red"></b>

İranın nüvə proqramının əsas simalarından biri sayılan Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində öldürülməsi iki cəhətdən diqqət çəkir.

Birincisi, bu hadisə İranın nüvə proqramının əleyhdarlarının nə qədər qətiyyətli olduğunu bir daha təsdiqləyir. Çünki Möhsün Fəxrizadə son 10 ildə İranın nüvə proqramının aparıcı mütəxəssislərindən qətlə yetirilən beşinci şəxsdir.

Fəxrizadənin qətlə yetirilməsi hadisəsində diqqətçəkən ikinci məqam İran xüsusi xidmət orqanlarının vəziyyətə tam nəzarət edə bilməmələridir. Aydın görünür ki, Tehranın nüvə proqramının əleyhdarları İran ərazisində meydan sulayırlar. Bu iddia nədən qaynaqlanır?

Birincisi, Möhsün Fəxrizadəni qətlə yetirənlər onun balistik raketlər üçün nüvə başlıqlarının yaradılması ilə bağlı İranın gizli nüvə proqramının rəhbəri olduğunu müəyyən edə biliblər.

İkincisi, bu, Möhsün Fəxrizadəyə qarşı son iki ildə həyata keçirilən ikinci sui-qəsd idi. 

Üçüncüsü, Möhsün Fəxrizadənin fəaliyyəti ilə bağlı İsrailin Baş naziri Binyamin Netanyahu hələ iki il əvvəl Fəxrizadənin fəaliyyəti ilə bağlı məlumatları göstərərək bu şəxsin MOSSAD-ın xüsusi siyahısında olduğunu bəyan etmişdi.

Ən nəhayət, dördüncü məqam ondan ibarətdir ki, Möhsün Fəxrizadəyə qarşı sui-qəsd o qədər açıq şəkildə həyata keçirilib ki, bu qətl hadisəsini hazırlayanlar İranın xüsusi xidmət orqanlarının mövcudluğunu belə nəzərə almayıblar. Çünki Tehranın nüvə proqramı üçün önəmli olan bir şəxsin nəzarət altında olmadığına inanmaq mümkün deyil.

Üstəlik, bu şəxsə qarşı iki il əvvəl də sui-qəsd olmuşdu. Deməli, Möhsün Fəxrizadəni qətlə yetirənlər İranın xüsusi xidmət orqanlarının onları ələ keçirə biləcəyindən heç bir narahatlıq keçirməyiblər. Fəxrizadəyə qarşı sui-qəsd iki mərhələdən ibarət olub. İlk məhələdə onun avtomobilin yanında partlayıcı yerləşdirilmiş bir avtomobil partlayıb. Sonra isə bir neçə nəfər yaxınlaşaraq Fəxrizadənin avtomobilini atəşə tutublar. Belə geniş əməliyyatı yaşayış mərkəzində, insanların gözü önündə həyata keçirənlərin arxayın və sərbəst hərəkət etmələri həqiqətən çox təəccüblüdür. Fəxrizadə İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti eyni zamanda, İranın COVİD-19 virusu ilə mübarizə proqramının kordinatoru olub. Yəni o, İran üçün çox önəmli bir şəxs idi. Belə bir önəmli şəxs nümayişkəranə sürətdə qətlə yetirilib.

Əcnəbi ekspertlər bu vəziyyəti şərh edərkən İranın xüsusi xidmət orqanlarının daha əvvəlki kimi effektli fəaliyyət göstərə bilmədiyinə diqqət çəkirlər. Bu məqamı isə əsasən onların başqa ölkələrin maraqları üçün çalışmaları ilə izah edirlər.
 
Ekspertlər qeyd edirlər ki, sui-qəsdçilər Fəxrizadənin hansı yolla hərəkət edəcəyindən xəbərdar olmasaydılar, sui-qəsdi belə asanlıqla həyata keçirə bilməzdilər. Digər tərəfdən, sui-qəsdçilər üç maşından ibarət mühafizə ilə hərəkət edən Fəxrizadənin məhz hansı avtomobildə olduğunu da əvvəlcədən müəyyənləşdirə biliblər. Ən maraqlı məqam Fəxrizadəni müşayiət edən mühafizəçilərə heç bir şey olmamasıdır.

Ekspertlər həmçinin, sui-qəsdçilərdən heç birinin ələ keçməməsi məsələsinə də diqqət çəkir  və bunu İran xüsusi xidmət orqanlarının artıq əvvəlki kimi effektli fəaliyyət göstərməməsinin sübutu kimi əsaslandırırlar.

Əcnəbi ekspertlərin bu mövqeləri ilə İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər şəxslərindən biri olmuş Hüseyn Əlai də razıdır. Hüseyn Əlai bildirib ki, sui-qəsd dəqiq məlumatlar əsasında həyata keçirilib və bu məqam İran təhlükəsizlik orqanlarındakı boşluğun nəticəsidir.

İndi dünya ictimaiyyətinin diqqəti İrana yönəlib və Tehranın hansı addımlara atacağını müəyyən etməyə çalışırlar. Ancaq bir çox ekspertlər qeyd edirlər ki, İran səsli-küylü bəyanatlar versə də, heç bir ciddi addım atmayacaq. Politoloqlar hesab edirlər ki, İran ən azı Donald Tramp hakimiyyətdən gedənə kimi bütün baş verənlərə dözümlü yanaşmaq məcburiyyətindədir. Çünki Trampın İranın nüvə obyektlərinə zərbə vurmaq üçün kiçik bir bəhanəyə ehtiyacı var. İran isə ona bu bəhanəni vermək istəmir. Digər tərəfdən, Tehran rejimi ölkədəki vəziyyətin nə qədər kövrək olduğunu çox yaxşı bilir. İstənilən xarici müdaxilə İranın daxilində qarşısıalınmaz proseslərə səbəb ola bilər. Buna görə də İran rəsmiləri Fəxrizadənin qətlinə görə intiqam alacaqları haqqında kəskin bəyanatlar versələr də, hansısa ciddi bir addımın atılacağı gözlənilən deyil.

 





02.12.2020    çap et  çap et