525.Az

Tarixşünaslığımızın yeni uğuru: "İranda Azərbaycan tarixi məsələləri"


 

Tarixşünaslığımızın yeni uğuru: <b style="color:red">"İranda Azərbaycan tarixi məsələləri"</b>

Tanınmış tədqiqatçı və diplomat, AMEA Fəlsəfə və Sosiologiya institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin bu günlərdə çapdan çıxmış "İranda Azərbaycan tarixi məsələləri" (Bakı. "Turxan" NPB. 508 səh.) monoqrafiyası bir çox cəhətdən diqqətəlayiq nəşrdir.

İlk növbədə onu qeyd etmək lazımdır ki, müəllif çox maraqlı bir mövzuya toxunmaqla günümüz üçün çox aktual ola biləcək sanballı bir əsəri böyük zəhmətlər hesabına ərsəyə gətirib.

Kitabda müəyyən dövrlər ərzində İranda Azərbaycan tarixinin tədqiq və təqdimatındakı bir sıra problemlər geniş bir çərçivədə araşdırılır, onlara münasibətdə ciddi və dərin elmi-tənqidi yanaşmalar ortaya qoyulur.

E.Mədətlinin "İranda Azərbaycan tarixi məsələləri" adlı kitabı bu gün Azərbaycan Respublikasının aparıcı milli ideologiyası olan azərbaycançılığın müəyyən istiqamətlər üzrə inkişaf etdirilib zənginləşdirilməsi, bu ideologiyanın dünya azərbaycanlıları arasında təbliğinin və təsir gücünün araşdırılması baxımından irəliyə atılmış çox ciddi elmi addımlardandır. Azərbaycanla İran arasındakı əlaqələri tədqiq etmək və azərbaycançılığın bu əlaqələr fonunda inkişaf edib milli bir ideologiyaya çevrilməsi məsələsi Azərbaycan tarixinin az öyrənilmiş Güney qolunun tədqiqini bizim üçün çox zəruri edir.

E.Mədətlinin adıgedən əsərində araşdırma və tədqiqat obyekti olan məsələlər sırasında azərbaycanlıların etnogenezinin formalaşması məsələsi, Azərbaycan tarixi üzrə ümumi məlumatların əldə edilməsi, Güney Azərbaycan tarixinin araşdırılması və öyrənilməsi, Şimali Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsi, 20-ci yüzilliyin başlanğıcında Azərbaycanda milli hərəkatın dirçəlişindəki obyektiv və subyektiv amillər, 1918-1920-ci illər dövrü Azərbaycan tarixinin araşdırılması və yazılması kimi mühüm məsələlər dayanır. Azərbaycan tarixindəki bu problem məsələlərin elmi-tədqiqat mövzuları kimi öyrənilməsi həmişə aktualdır, tarixi həqiqətlərin üzə çıxarılması sahəsində gərəkli və mühümdür.

Azərbaycan tarixinə və həqiqətlərinə qeyri-elmi və natamam subyektiv mövqelərdən yanaşma hallarına ortaq siyasi, ictimai, dini, ədəbi, mədəni, hərbi dəyərlərimizin və ilişgilərimizin olduğu İranın tarixşünaslığında heç də az rast gəlinmir.

Bu barədə daha ətraflı və dərin elmi təsəvvürün yaradılması üçün müəllif çoxlu sayda tədqiqat əsərlərini, tarixi sənədləri və qaynaqları araşdırmaya cəlb etmişdir və onlara elmi yanaşma nümayiş etdirməklə bərabər, antiazərbaycan mövzusunu istiqamət götürmüş tədqiqatçıların, xüsusilə də iranlı müəlliflərin siyasi mövqeyinə də öz münasibətini bildirməyə çalışmışdır. Kütləvi informasiya vasitələrində antiazərbaycan mövzusunda olan yazılar da müəllifin diqqətindən kənarda qalmamışdır.

Azərbaycan reallıqlarını təhrif etmək üçün İran tarixçilərinin qabartmağa çalışdıqları istiqamətlərdən biri Azərbaycan adı altında tanınan coğrafi məkanın inkar edilməsi və ya Azərbaycanın coğrafi anlamda yalnız Arazın cənubunda azərbaycanlıların məskunlaşdıqları ərazi ilə məhdudlaşdırılmasıdır. Hətta bu zaman da Cənubi Azərbaycanın heç də bütün əraziləri Azərbaycan kimi qəbul və Azərbaycan Respublikasının əhatə etdiyi ərazilərin isə Azərbaycan adlandırılması tarixi baxımdan düzgün hesab edilmir. E.Mədətlinin yenicə çapdan çıxmış bu kitabında qeyd edildiyi kimi, bir sıra İran tarixçiləri öz əsərlərində Azərbaycan Respublikasının ərazisini "Şimali İran" kimi qələmə verirlər və oxucunu da bunun əsaslılığına inandırmağa çalışırlar. Kitabın müəllifi isə öz tədqiqatlarında belə yanaşmanın mahiyyətini dəqiqliklə dəyərləndirmiş və onun elmi-tarixi obyektivlikdən uzaq olduğunu tutarlı faktlar əsasında ortaya qoymuşdur. Bunun üçün istər farsdilli mənbələrdən, istərsə də digər dillərdə yazılmış mənbələrdən çoxlu sayda faktlar ortaya qoyulmuş, Azərbaycan adının yalnız cənubla məhdudlaşmasının yanlış olması çox anlaşıqlı bir şəkildə aydınlaşdırılmışdır.

Azərbaycan reallıqlarının təhrif edilməsi üçün bu sahədə "ixtisaslaşmış" İran tarixçilərinin üz tutduqları istiqamətlərdən biri də azərbaycanlıların türk etnosuna mənsubluğunun inkarı, onların işlətdiyi dilin, yəni Azərbaycan dilinin isə fars dilləri qrupuna mənsub olmasının iddia edilməsidir. E.Mədətlinin adıgedən kitabında göstərildiyi kimi, bu nəzəriyyənin banisi Əhməd Kəsrəvi Təbrizidir. Əsası Əhməd Kəsrəvi tərəfindən qoyulmuş həmin qeyri-elmi nəzəriyyəni davam etdirən Hüseynqulu Katibi, Əbdüləli Karəng, Əhməd Kavyanpur, Əli Dehqan, Mənuçehr Murtuzəvi, İzədyar, Cəmaləddin Fəqih, Məhəmmədcavad Məşkur, İnayətulla Rza və başqaları kimi üzdəniraq tarixçilərin Azərbaycan xalqının mənşəyinin, tarixinin, coğrafiyasının saxtalaşdırılmasına yönəlmiş iddiaları elə erməni tarixçilərinin, ideoloqlarının iddiaları ilə tam üst-üstə düşür, əksər hallarda isə bu əsassız müddəalar bir-birindən qaynaqlanır. Kitabın uyğun fəslində bu məsələyə də əhatəli şəkildə aydınlıq gətirilmiş, Kəsrəvi nəzəriyyəsinin qeyri-obyektivliyi elmi-tarixi faktlarla əsaslandırılmışdır.

Məlumdur ki, 1918-ci ilin may ayında Azərbaycan xalqının öz müstəqilliyini elan etməsi və yeni yaradılan müstəqil dövlətə "Azərbaycan" adının verilməsi İranın Qacarlar sarayı tərəfindən qorxu və təşvişlə qarşılanmışdı. Bu qorxu İranın elm və düşüncə sahiblərini də əhatə etmişdi. E.Mədətlinin qeyd etdiyi kimi, bu dairələr müstəqil Azərbaycan dövlətinin varlığını İranın bütövlüyü və təhlükəsizliyi üçün təhdid hesab edirdilər. Ona görə də 1918-ci ildən başlayaraq İranda Azərbaycanın bütövlüyünü, Azərbaycanın varlığını, onun dövlətçilik tarixini, dilini, mədəniyyətini inkar edən böyük bir elmi-ictimai cərəyan təşəkkül tapmağa başladı. Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra isə İranda Azərbaycan həqiqətlərinin təhrifini bir elmi cərəyana çevirən tarixçilər nəslinin formalaşmasına başlandı. Bu tarixçilərin və onların havadarlarının baxışlarının əsasını isə Mahmud Əfşar tərəfindən yaradılmış "Vahid İran milləti" nəzəriyyəsinin formalaşdırılması və həyata keçirilməsi, milli-etnik təfəkkürün oyanışının qarşısının alınması, milli-demokratik hərəkatların aradan qaldırılması təşkil edirdi. E.Mədətlinin kitabında bu məsələlər də ətraflı araşdırılaraq obyektiv və əsaslı təhlilə cəlb edilib.



İranda 1978-1979-cu illlər inqilabından sonra ölkədə yaşayan millətlər və xalqlar bəzi nisbi azadlıqlar əldə etdilər. Azərbaycan dilində kitablar, qəzet-jurnallar çap edildi, şəxsi təşəbbüslər əsasında Azərbaycan dilini öyrədən kurslar açıldı, bir sıra mədəniyyət ocaqları, o cümlədən, Tehran və Təbrizdə ayrı-ayrılıqda Azərbaycan yazıçılar və şairlər cəmiyyəti işə başladı. O zaman Azərbaycan SSR-nin rəhbəri olan Ulu öndər Heydər Əliyev sözügedən əlaqələrin möhkəmləndirilməsi, azərbaycançılığın ideyadan ideologiyaya çevrilməsi istiqamətində ilk ciddi addımları atdı. Onun israrlı təşəbbüsləri nəticəsində Azərbaycan SSR-də "Cənubi Azərbaycan" adı elmi-siyasi məfhum kimi rəsmiləşdirildi, Cənubi Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi və tədqiqi üçün böyük imkanlar açılmış oldu.

Elə bu dövrdə İranda da Azərbaycan xalqının tarixi, xüsusilə də Cənubi Azərbaycanda XX əsrdə baş vaş verən mühüm tarixi hadisələr çoxlu sayda araşdırmaların obyekti oldu, Səttarxan hərəkatı, Xiyabani hərəkatı, S.C.Pişəvərinin rəhbərliyi altında İranın ərazi bütövlüyü və istiqlalının qorunması şərtilə Azərbaycan Milli Hökumətinin qurulması və sair mövzular müxtəlif prizmalardan araşdırılmağa başlandı. Lakin bu araşdırmalar da əsasən dövlətin siyasi-ideoloji çərçivəsindən çox da kənara çıxa bilmədi.

XX əsrin əvvəllərindən İran tarixşünaslığında Azərbaycan xalqının tarixinə, həqiqətlərinə münasibətdə yaranmış olan baxış və konseptual ənənə yeni dövrdə də ciddi dəyişikliyə məruz qalmadı. E.Mədətlinin tədqiqatından da göründüyü kimi, İranın çoxlu sayda tarixçiləri yenə də Azərbaycanın tarixini, coğrafiyasını və dövlətçilik ənənələrini saxtalaşdırmağa çalışır, Azərbaycan türklərinin İranın siyasi, dövlətçilik, hərbi, mədəni, dini, ictimai həyatında oynadığı rolu və cənublu şimallı Azərbaycan xalqının vahidliyini inkar etməyə cəhd göstərirlər.

Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsindən sonra da İran tarixşünaslığında Azərbaycana qarşı ənənəvi münasibətin davam etdiyini görmək mümkündür. Doğrudur, bu dövrdə Azərbaycan xalqının tarixinin doğru-düzgün işıqlandırılması sahəsində zəhmət çəkən müəlliflərin fəaliyyətini də görürük. Onların arasında C.Heyət, T.Pirhaşimi, M.Zehtabi, S.Sərdariniya kimi fədarak tədqiqatçılar vardır. E.Mədətlinin kitabında bu tədqiqatçıların və milli ziyalıların əsərlərinin təhlilinə geniş yer verilmişdir. Bununla belə tədqiqat əsərindən göründüyü kimi, son illərdə də Azərbaycan həqiqətlərinin araşdırılmasına məhdud siyasi-ideoloji çərçivədən yanaşanlar vardır. E.Mədətlinin tədqiqata cəlb etdiyi bir çox əsərlərdə və yazılarda hətta Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də ziddiyyətli mövqelər görmək mümkündür.

Bütün bunlarla bərabər, ümid edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi sahəsində son zamanlar baş verən hadisələrlə bağlı İranın dövlət rəhbərliyinin ədalətli və qətiyyətli mövqeyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın işğalından azad edilmiş ərazilərə səfəri zamanı Araz çayının iki dövlət arasında Dostluq sərhədi adlandırılması həm İranda, həm də Azərbaycanda tarixi dəyərlərin obyektiv şəkildə daha geniş tədqiq edilməsinə təkan verəcəkdir.

Əslində, Eynulla Mədətlinin yenicə işıq üzü görmüş kitabından əldə edilən elmi qənaət də bundan ibarətdir ki, tariximizə yalnız qarşılıqlı obyektiv münasibət Azərbaycan və İran arasında münasibətlərin daha da möhkəmlənməsi üçün əlavə bir stimul ola bilər.

Ortaq qənaətimiz belədir ki, Eynulla Mədətlinin bu dəyərli əsəri Azərbaycan tarixşünaslığının son illərdə əldə etdiyi kifayət qədər uğurlu nəticələrdəndir.

Mehman SÜLEYMANOV
professor, tarix üzrə elmlər doktoru
Səməd BAYRAMZADƏ
dosent, tarix üzrə fəlsəfə doktoru

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





02.12.2020    çap et  çap et