Hər zaman Azərbaycanın və Azərbaycan xalqının yanında olan dost Türkiyə sentyabrın 27-də başlayan və böyük qələbəylə bitən Qarabağ müharibəsində də öz qardaş dəstəyini əsirgəmədi.
Türkiyə təkcə dövlət olaraq deyi, həm də ayrı-ayrı şəhərləri, qəsəbələri, fərdləriylə xalqımızın, Qarabağda vuruşan əsgərlərimizin yanında olduğunu göstərdi.
Onlardan biri də Elazığ şəhəridir. Elazığ İcra nümayəndəliyi, camaatı ilk gündən haqq səsimizə səs verdi, müxtəlif tədbirlər, aksiyalarla sonsuz dəstəyini nümayiş etdirdi.
Belə aksiyalardan biri Elazığdan Qarabağda döyüşən əsgərlərimizə məktub göndərilməsi oldu. Şanlı əsgərlərimizə sevgilərini və təşəkkürlərini ifadə etmək üçün elazığlılar oktyabrın 27-də Elazığ Müəllimlər Evi meydanında "Elazığdan Qarabağda tarix yazan qəhrəmanlarımıza məktub" adlı aksiya keçirdilər. Aksiyanın məqsədi ürəyi Azərbaycanla bir döyünən Elazığın vətənpərvər insanlarının duyğularını cəbhədə savaşan azərbaycanlı hərbçilərlə paylaşmaq idi.
Elazığ Bələdiyyəsi, Manas Yayıncılıq, Elazığ Mədəniyyət və Tanıtma Vəqfi, Avrasiya Yazarlar Birliyi və Fırat Universitetində oxuyan azərbaycanlı tələbələrin birgə layihəsi olan bu aksiyaya bir sıra hökumət təmsilçiləri, ədəbiyyat, incəsənət və mədəniyyət nümayəndələri, azərbaycanlı tələbələr və sıravi vətəndaşlar qatılıblar.
Türkiyəli qardaşlarımız, eləcə də bu ölkədə təhsil alan və çalışan soydaşlarımız səmimi ürək sözləri ilə Ordumuzun sıralarını şərəfləndirən qəhrəman igidlərə mənəvi dəstəklərini ifadə ediblər.
Aksiya keçirilən meydanda qurulmuş lövhələrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hücumlarına qarşı cavab tədbirləri barədə geniş məlumatlar yerləşdirilib. Meydanda Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalanıb.
Aksiya bölgədə fəaliyyət göstərən Azərbaycan Gənclər və Tələbələr Mədəniyyət Birliyinin və Elazığ Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşib.
Azərbaycan Gənclər və Tələbələr Mədəniyyət Birliyinin sədri Nail Babayev deyib ki, aksiyanı təşkil etməkdə məqsəd Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə daha bir töhfə vermək olub: "Yaşından asılı olmayaraq insanların böyük sevgi ilə aksiyaya qoşulmasını qürurla qarşıladıq. Tədbirə qoşulan hər kəs torpaqlarımızın bir hissəsinin illərdən bəri erməni işğalında qalması ilə bağlı qəlblərində yaşadıqları nisgili və bu ləkəni mərdliklə üstümüzdən silən Azərbaycan əsgərinin şərəfli missiyasına təşəkkürlərini ifadə edirdilər. Aksiyada dəfələrlə səsləndirilən "Qarabağ Azərbaycandır!" şüarı bir daha təsdiq etdi ki, Müzəffər Ordumuzun qazanacağı zəfər günü Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük səbirsizliklə gözlənilirdi".
Onların bu gözəl təşəbbüsü yerli televiziya və media orqanları tərəfindən də böyük diqqət görüb. Yerli televiziyalar - Kanal Fırat və Kanal 13 dəfələrlə həmin aksiyadan hazırlanmış proqramı yayımlayıblar.
Elazığ Müəllimlər Evinin önündə getçəkləşən aksiyada yazılan 174 məktub, şəkillər və video görüntülər qısa zamanda Azərbaycan Ordusuna çatdırılıb.
Elazığda gerçəkləşən bu və digər tədbirlər haqda məlumat verən Manas Yayıncılığın nümayəndəsi Şənər Bulud noyabrın 10-da Azərbaycanın Qarabağ zəfərini böyük sevinclə vurğulayıb. Qeyd edib ki, hazırda Azərbaycan bayrağının bütün işğaldan azad olunmuş ərazilərdə, Qarabağda dalğalanması Azərbaycan xalqıyla bərabər, Türkiyə xalqının, elazığlıların ortaq sevincidir.
Şahanə MÜŞFİQ