525.Az

AMEA-da Albanşünaslıq Elmi Mərkəzi yaradılıb


 

AMEA-da Albanşünaslıq Elmi Mərkəzi yaradılıb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin nəzdində Albanşünaslıq Elmi Mərkəzinin yaradılması ilə bağlı iclas keçirilib.

525.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini icmasının sədri Robert Mobili, həmçinin, akademiyanın Tarix, Arxeologiya və Etnoqrafiya institutlarının nümayəndələri iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iclası giriş sözü ilə açaraq Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, həmçinin, onun müasir dövrümüzə qədər gəlib çıxan və sovet dövründə tədqiqinə ciddi maneələr yaradılan məbədlərinin tarixinin bu gün daha sistemli şəkildə araşdırılmasına ehtiyac yarandığını bildirib. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızdakı arxeoloji, etnoqrafik, memarlıq nümunələrinin ermənilər tərəfindən saxtalaşdırılmağa cəhdlər edildiyini deyən AMEA prezidenti bu abidələrin sırasında Qafqaz Albaniyasının xristian irsinin xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılması və Prezident İlham Əliyevin Qafqaz Albaniyası ilə əlaqədar çağırışlarına cavab olaraq AMEA-da Albanşünaslıq Elmi Mərkəzinin yaradılması vacibdir.

Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək tarixi Azərbaycan ərazisində eramızdan əvvəl IV əsrdə təşəkkül tapmış və öz mövcudluğunu bizim eranın VIII əsrinə qədər qorumuş Qafqaz Albaniyası dövlətinin monumental memarlıq nümunələrinin günümüzə qədər gəlib çıxdığını söyləyib. Qeyd edib ki, Çar Rusiyası dövründən etibarən alban məbədlərinin tarixinin ermənilər tərəfindən saxtalaşdırılmasına başlanılıb və bədnam qonşularımız yaranmış fürsətdən istifadə edərək qədim abidələr üzərinə öz yazılarını əlavə ediblər. O, həmçinin, müstəqil Azərbaycan dövlətinin ərazimizdəki alban abidələrinin qanuni varisi olduğunu bildirib, həmin abidələrin obyektiv elmi meyarlar və azərbaycançılıq prinsipləri əsasında araşdırılmasının qarşıda duran mühüm vəzifələrdən olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Albaniyada feodal münasibətlərin genezisi probleminin ilk tədqiqatçısı, Tarix İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova yeni yaradılacaq mərkəzlə bağlı fikirlərini bölüşüb, Qafqaz Albaniyası dövrünün araşdırılmasında qədim fars, gürcü və latın dillərini bilən kadrlara ehtiyac olduğunu bildirib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev isə arxeologiya elminin nəzərdə tutulan tədqiqatlardakı rolundan bəhs edib, Azərbaycanın işğaldan azad edilən bölgələrində, o cümlədən, Kəlbəcər, Laçın və Qubadlı rayonlarında arxeoloji araşdırmaların aparılmasına ehtiyac yarandığını söyləyib.

İclasda Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı və tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva isə çıxışlarında mərkəzin həyata keçirəcəyi tədbirlərin geniş ictimaiyyətə çatdırılmasının önəminə toxunub, bu məqsədlə monoqrafiyaların, arxeoloji-etnoqrafik hesabatların nəşrinin, xarici ölkələrin alimləri ilə birgə ekspedisiyaların təşkilinin, eləcə də albanşünaslıq istiqamətində gənc kadrların yetişdirilməsinin mühüm amillərdən olduğunu bildiriblər.

Daha sonra Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini icmasının sədri Robert Mobili Qafqaz Albaniyasında alban kilsələrinin mövcudluğunu sübut edən elmi əsaslı faktların genişləndirilməsi məqsədilə Alban Apostol kilsəsinin yaradılmasının və əsasnaməsinin hazırlanmasının, alban məbədlərinə dair yeni tədqiqatların aparılmasının önəmini qeyd edib.

Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasında Albanşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib.

Albanşünaslıq Elmi Mərkəzində tarix və mədəniyyət, arxeologiya və etnoqrafiya, eyni zamanda, dilçilik və dinşünaslıq istiqamətlərində tədqiqatların aparılması, tərcümə və nəşr işlərinin təşkili nəzərdə tutulur. Eyni zamanda, yeni yaradılmış elmi mərkəzin "Albanşünaslıq istiqamətləri" adlı Azərbaycan, rus və ingilis dillərində elmi jurnalı da təsis edilib.

 





02.12.2020    çap et  çap et