525.Az

"Fotoqraf üçün ən təbii iş mühiti küçədir" - Sosial şəbəkələrdə parlayanlar


 

FOTOJURNALİST FAMİL MAHMUDBƏYLİ: "YAXŞI FOTOQRAFIN KADRLARI TUTA BİLƏN GÖZÜ OLMALIDIR"

"Fotoqraf üçün ən təbii iş mühiti küçədir" - <b style="color:red">Sosial şəbəkələrdə parlayanlar</b>

Deyirlər, bəzən min kəlmənin ifadə edə bilmədiyi informasiyanı bir foto ilə rahat şəkildə çatdırmaq mümkündür.

Vətən müharibəsi dövründə biz həmin fotolar sayəsində hadisələrin əyani şəkildə şahidi olduq. Acısını ifadə etməyə söz tapmayan bərdəli Aysunun atasının balaca qızının məzarı başındakı ah-naləsini, raket zərbəsindən dağılan evindən Azərbaycan bayrağı ilə çıxan gəncəli Xəyyamın gözlərindəki məğrurluğunu əbədiləşdirən o fotolar sanki özləri dil açıb danışırdılar.

Ancaq bu təsirli kadrlara baxmaq bizim üçün çox ağır idi. Bunları kameranın yaddaşına köçürən fotoqrafların hansı hissləri yaşadığını da çox yaxşı bilirdik. Onlar həqiqətləri göstərmək naminə emosiyalarını çətin də olsa, gizlədirdilər. Baş verən hadisələri bir fotoqrafın obyektivindən daha obyektiv şəkildə izlədik.

Həmsöhbətimiz müharibənin mahiyyətini danışan şəkilləri ilə dünyaya tanıdan fotojurnalist Famil Mahmudbəylidir...
 

***

- Famil bəy, müharibə başlayan gündən cəbhə bölgəsinə yollandınız. Bu ana qədər yaranan təəssüratlarınızı bizimlə bölüşərdiniz.

- Müharibə başlayana qədər fəaliyyət dövrümün əksəriyyəti cəbhə bölgəsində yaşayan soydaşlarımızın gündəlik həyatından çəkilişlər etməklə bağlı olub. Bununla bağlı Bakıda və bir neçə Avropa ölkələrində fotosərgim də keçirilib. Müharibə şəraitində də onlarla cəbhə bölgəsində bir yerdə olmaq mənim üçün əvəzolunmaz təsir bağışladı. Etiraf edim ki, ilk günlər müəyyən qədər həyəcan var idi. Nəzərə alsaq ki, Vətən müharibəsi zamanı daha çox ağır artilleriya döyüşləri gedirdi. Ona görə də, mərminin hara düşəcəyini bilmirdik. Bu da çox vaxt çəkiliş prosesinə çətinliklər yaradırdı. Amma zamanla qulağımız səslərə öyrəşdi. Bizdən atılan və qarşı tərəfdən bizə atılan mərmilərin səsini ayırd edə bilirdik. Qarşı tərəfdən gələn mərminin səsi uğultulu fit səsinə bənzəyirdi və 4-5 saniyə vaxtımız olurdu ki, üzü üstə yerə uzanaq. Demək olar ki, 44 gün bu şəraitdə çalışdıq. Burada baş verən hadisələri, yaralıları, şəhid olanları kameranın yaddaşına köçürə bilmək üçün bir az da soyuqqanlı olmaq şərtdir. Düzdür, insanların öz yaxınlarını itirməsini, onların göz yaşlarını, ah-naləsini görə-görə çəkiliş etmək çətindir. Lakin dözməli və hisslərə qapılmadan çəkilişi aparmalısan. Bu işi görərkən sənə bir məqam təsəlli verir, bu hadisələri dünyaya çatdırmaq üçün çalışırsan.

- Sosial şəbəkələrdə yetərincə tanınırsınız və bu platformadan mütəmadi istifadə edirsiniz. Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

- Yaradıcı insanlar, xüsusən fotoqrafçılıqla məşğul olanlar üçün sosial şəbəkələr çox əlverişli vasitədir. Bu yolla yaradıcılığını daha çox insana çatdıra bilirsən. Bir çox insanlar sosial şəbəkələrdə layk xətrinə auditoriya toplayırlar. Məncə, fotoqrafa özünə görə yox,  çəkdiyi fotonun mahiyyətinə görə qiymət verilməlidir.

- Fotoqrafiyaya marağınız nə zamandan yaranıb?

- Bu peşəyə marağım Azərbaycan Televiziyasında çalışdığım dövrlərdən yaranıb. O zaman 14-15 yaşım olardı, AzTV-də dekorator şöbəsində çalışırdım. Getdikcə media, video və foto sahəsi məni özünə daha da cəlb etdi. Peşəkar fotoqrafiyaya isə 2011-ci ildən başlamışdım. Hazırda Real TV-nin fotomüxbiri kimi fəaliyyət göstərirəm.

- Ali təhsiliniz varmı? Ümumiyyətlə, yaxşı fotoqraf olmaq üçün ali təhsil vacibdirmi?

- Ali təhsilim var, ancaq fotoqrafiyadan tamamilə kənar bir sahədir. Məncə, yaxşı fotoqraf olmaq üçün ali təhsil elə də rol oynamır. Bəli, bu sahədə çalışan peşəkarlardan fotoqrafiyanın nəzəriyyəsini mənimsəmək zəruridir. Lakin yaxşı fotoqraf olmaq üçün nə telefon, nə kamera, nə də təhsil əsasdır. Əsas o kadrı tutan gözdür. Əgər göz kadrı görə bilmirsə,  əlində nə qədər bahalı fotoaparat olsa da, yenə də uğurlu kadr tuta bilməyəcəksən.

- İlk vaxtlar hansı fotoaparatlarla çəkiliş edirdiniz?

- İlk fotoaparatım "Canon 60D" olub. Açığı, ilk vaxtlar daha çox küçə fotoqrafiyasina marağım var idi. Fotolarımın əksəriyyətini küçələrdə çəkirdim. Məncə, fotoqraf üçün ən yaxşı və təbii iş mühit küçədədir. Elə fotoqrafiyanın təməli də küçədən başlayır. Bəzən bu sahəyə ilk başlayan insanlarda kompleks ola bilir. Ona görə də, ilk vaxtlar daha çox küçədə zaman keçirmək məsləhətlidir.

- Yalnız bir foto vasitəsilə bir neçə mühüm informasiyanı çatdırmaq mümkündür. Bu, sizdə çox uğurlu alınır. Bəs həmin uğurlu kadrı alındırmağın sirri nədədir?

- Foto var ki, çəkirsən, sanki filmdən bir kadr kimi görüntü verir, özü danışır, şərhə ehtiyac qalmır. Sənədli fotoqrafiya öncə səbir, təmkin tələb edir. Bəzən elə olur ki, istədiyin kadrı tutana qədər fotokameranın gözlüyündən baxaraq 10-15 dəqiqə gözləməli olursan. Bu gözləntinin nəticəsi uğurlu da ola bilər, uğursuz da ola bilər. Ancaq istədiyini əldə etməsən belə, işindən zövq almalısan.

- Fotolarınız maraqlı alınır, bəs bunda texnikanın rolu nə qədərdir?

- Fotonun gözəlliyi onun keyfiyyətində deyil, mahiyyətindədir. İlk olaraq izləyicilərə nəyi çatdırmaq istədiyini, nəyi çəkmək istədiyini öz gözünlə görməlisən. Gərək hər kəsin görə bilmədiyi bucağı seçib, fərqliliyi qoruyasan. Texnika isə həmin anı sadəcə dondurur. Fotoqraf çəkiliş zamanı işığa yaxşı bələd olmalı və kameranın parametrlərini işığa görə tənzimləməlidir.

- Fotoqrafiya və fotojurnalistika bir-birinə yaxın, amma müəyyən fərqli incəlikləri olan səhələrdir. Bu iki sahəni necə xarakterizə edərdiniz?

- Mənim sahəm sənədli fotoqrafiya və fotojurnalistikadır. Fotoqrafiya bir çox qollara ayrılır - dəb, toy, qida fotoqrafiyası, "Love story" və başqaları. Fotojurnalistika isə daha çox informasiyanı çatdırır.

- Famil bəy, fotoqraf üçün ideal kadr nə deməkdir?

- Mənim üçün ideal kadr istədiyim fotonu çəkməyə dəqiqələrlə vaxt sərf etməyimdir. Buna misal olaraq, bir fotoçəkiliş haqqında danışım. Hündür binanın üstündən həyətdə oynayan uşaqların kölgələrini çəkməyə çalışırdım. Avqust ayı idi və çəkdiyim kadrda hərəkət olduğundan təxminən 15 dəqiqə vaxtım getdi. Sonda istədiyim anı dondura bildim. Həmin foto yerli və beynəlxalq müsabiqələrdə qalib şəkillər sırasında yer aldı.

- Ölkəmizdə fotoqrafiyanın inkişaf prosesi barədə nə deyə bilərsiniz?

- Son 5-6 ildə Azərbaycanda fotoqrafiyaya axın çoxalıb. 1-2 ay foto kursu keçərək, fotokamera alıb çəkiliş edirlər. Əlbəttə, bu, pis bir hal deyil. Lakin əsl fotoqrafın gördüyü kadrı görə bilmirlər. Çünki öncə nəzəriyyəni oxumaq, daha çox mütaliə etmək lazımdır.

- Bu günə qədər çəkdiyiniz fotolardan hansı daha çox rəğbət qazanıb?

- Daha çox təzadlı kadrları əks etdirən və ön cəbhə xəttindən çəkdiyim fotolar beynəlxalq müsabiqələrdə xüsusi mükafatlara layiq görülüb.

- Fotolarınız gündəm olmağı bacarır. Bəs Famil Mahmudbəyli marka olmağı bacarıbmı? Ya da belə bir hədəfiniz varmı?

- Çalışıram ki, daha çox yaradıcılığımla gündəm olub markaya çevrilim. Fotoqraf hamını görür və görməlidir. Amma ətrafdakılar fotoqrafı yox, onun ərsəyə gətirdiyi işi görməlidir. Belə bir deyim var, əvvəlcə sən sənətə işlə, sonra sənət, şöhrət sənə işləyəcək. Mən buna inanır və yoluma bu istiqamətdə davam edirəm.

- Gələcəkdə fotoqrafiya sahəsində hansı planlarınız var?

- Bu günlərdə əsas planım Qarabağ müharibəsini, müharibənin törətdiyi fəsadları dünyaya fotolarımla çatdırmaq idi. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz Qarabağı işğaldan azad etdi. Və şükürlər olsun ki, arzum həyata keçdi. İndi isə planım 44 gün ərzində gedən müharibə və müharibədən sonra insanların öz evlərinə qayıdış anlarında çəkilən fotoları yaxın gələcəkdə jurnalda və ya kitabda dərc etdirməkdir.

Günel ABBAS

 





02.12.2020    çap et  çap et