525.Az

Xalq təbabəti


 

Xalq təbabəti<b style="color:red"></b>

Viruslarla mübarizə apardığımız dövrdə nə qədər iynə-dərman qəbul etsək də, bəzən fayda vermir. Çünki orqanizmimiz immun sistemimizin təbii formada möhkəmlənməsinə tələbat duyur. Bunun üçün immuniteti artıran təbii ərzaqlardan istifadə edə bilərsiniz. Təbii yollardan istifadə ziyansız olduğu üçün ondan çəkinmədən bütün ailə üzvləriniz üçün hazırlayıb, soyuq ayları güclü immunitetlə qarşılaya bilərsiniz.

525.az uzun illərin sınağından keçmiş, hətta faydasını mütəxəssislərin də təsdiq etdiyi reseptləri təqdim edir:

- 100 qr təmizlənmiş qoz, 100 qr sürtgəcdən keçirilmiş alma, 2 limon, 1 xörək qaşığı təmiz bal qarışdırılır. Gün ərzində 1 dəfə qəbul olunur. Uşaqlara 5 yaşından sonra vermək olar.

- 1 stəkan qoz, kişmiş və qaysı qurusu, bir limon (qabıqsız) təmizlənir, ətçəkəndən keçirilib, qarışdırılır. Böyüklər gündə 1 dəfə 1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edir. Yaxşı olar ki, yeməkdən bir saat əvvəl qəbul olunsun. Kurs 1 ay.

- 1 baş sarımsaq əzilir, bura 1 limon qabıqlı halda ətçəkəndən keçirilib qatılır. Üzərinə yarım litr qaynanmış su əlavə edib, qaranlıq bir yerdə 5 gün saxlayın. Daha sonra süzüb, profilaktik məqsədlə həftədə 3-4 dəfə 1 qaşıq olmaqla qəbul edin.

- 2 baş soğanı xırda doğrayıb, 200 qram şəkər tozu ilə qarışdırın. Yarım litr su əlavə edib, zəif odda yarım saat qaynadın. Kənarda soyudun, sonra 2 xörək qaşığı bal əlavə edib, qarışdırın. Süzüb, şüşə qabda saxlayın. Gündə 3-4 dəfə, 1 xörək qaşığı qəbul etmək lazımdır.

- Uşaqlarınıza bildirçin yumurtası yedirin. Özünüz də yeyin. Hər gün səhər acqarına 2 ədəd çiy bildirçin yumurtası içmək lazımdır.

- Yeməkdən sonra bir stəkan qatıq içmək lazımdır. Bu, bağırsaq mikroflorası üçün önəmlidir. Yayda 2 litr, qışda 0,8 litr çiy su içmək olduqca faydalıdır. Gündə 1 stəkan bal şərbətinə bir qədər alma sirkəsi qarışdırıb içmək, eləcə də 1 xörək qaşığı qara zirə yağı içmək immuniteti gücləndirir.

- 2 ədəd alma, 2 ədəd kök, 1 ədəd çuğundurun şirəsi, 1 yemək qaşığı quşüzümü və ya limon suyunu qarışdırın. Bu qarışığı gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.

 





02.12.2020    çap et  çap et