525.Az

Fərqlilik, inklüzivlik və bərabərlik: dəyərləri unutmayaq!


 

Fərqlilik, inklüzivlik və bərabərlik: <b style="color:red">dəyərləri unutmayaq!</b>

3 Dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür. Bu tarixi BMT əlilliyi olan şəxslərin hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında qəbul edib.

BMT-nin təşəbbüsü ilə dünya miqyasında keçirilən bu tarix Ümummilli lider Heydər Əliyevin müvafıq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanıb.

Hələ ötən əsrin 90-cı illərində Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi üçün respublika səviyyəli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ulu öndərin "Biz, əlillər üçün, onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq" fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.

Prezidentin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən, əlilliyi olan şəxslərə diqqət və qayğısı hər zaman göz önündədir. Ölkə başçısının sərəncamı ilə mütəmadi müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Eyni zamanda, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində bir çox əlilliyi olan şəxslərin evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun yeni bərpa mərkəzləri yaradılıb.

İndi dünya əhalisinin təxminən 10 faizini əlilliyi olan insanlar təşkil edir. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əlilliyi olan insanların sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, bu cür vətəndaşların reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılıb. Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirənlərə, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb. Son illərdə ölkədə əlilliyi olan şəxslərlə bağlı bərpa-müalicə sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün məqsədyönlü işlər aparılmaqdadır. Bu işlərdə əsas məqsədlərdən biri də tibbi yanaşma ilə bərabər, sosial modelin tətbiqinə, həmin şəxslərin sosial reabilitasiya potensialı nəzərə alınmaqla onun reallaşmasına şərait yaradılmasıdır. Çünki uzun müddət əlilliyi olan şəxslərə qarşı tibbi yanaşma modeli mövcud olub və bunun mahiyyəti də odur ki, onlar yalnız evdə müalicə almalı, çölə çıxmamalı, yəni bir növ evə məhkum edilməlidir. Onların cəmiyyətə inteqrasiyasından söhbət belə gedə bilməzdi. Lakin müasir dövrün tələbləri, o cümlədən, Azərbaycanın ratifikasiya etdiyi əlillərin hüquqlarına dair Konvensiyanın tələbindən irəli gələrək sosial yanaşma modeli formalaşmağa başlanıb. Yəni artıq bu şəxslər cəmiyyətdə tam və səmərəli fəaliyyət göstərməli, bütövlükdə cəmiyyətə inteqrasiya olunmalıdır.

BMT əlilliyi olan şəxsin tərifini belə verir: "Əlilliyi olan insan şəxsi və ictimai həyatda öz işlərini fiziki və ya ruhi cəhətdən, anadangəlmə və ya sonradan meydana gələn hər hansı xətadan qaynaqlanaraq görə bilməyən insandır". Təəssüf ki, bəzi əlilliyi olan uşaqların valideynləri onlardan utanc duyur, gizlədir və cəmiyyətdən uzaqlaşdırırlar. Təbii, buna səbəb cəmiyyətin o uşaqlara mənfi münasibətidir. Bunun nəticəsində həmin uşaqlar inkişafdan qalır, ünsiyyətdən, onlara məxsus inklüziv təhsildən yayınır və cəmiyyətə inteqrasiyada bir sıra maneələrə rast gəlirlər. Dünya Səhiyyə Təşkilatı da bildirir ki, hökumətlər, vətəndaş cəmiyyəti qurumları, qeyri-hökumət təşkilatları, mütəxəssislər, əlilliyi olan şəxs və ailələrinin birgə çalışması sayəsində maneələrin öhdəsindən gəlmək mümkündür.

Fikrimcə, biz cəmiyyət olaraq ilin bir günü deyil, hər günü onları görməli, dinləməli, sahib çıxmalı, eyni zamanda, təcrid olmamaları üçün sevgimizi, qayğımızı, diqqət və dəstəyimizi əsirgəməməliyik.

Ölkəmizdə 6 minə yaxın əlilliyi olan şəxs, o cümlədən, 72 min sağlamlıq imkanları məhdud uşaq var. Onların sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, hər kəsin vəzifəsi olmalıdır. Bunun üçün inklüziv dəyərlərdən başlamaq lazımdır. Dahi mütəfəkkir Mahatma Qandinin də dediyi kimi, dəyərlərdən başlamaq, həmin dəyərlərə sahib çıxa bilmək və dünyada istədiyin dəyişikliyi görə bilmək üçün öncə özündən başlamalısan! Və insan dəyərlərini heç zaman unutmamalısan! Çünki insanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyil. Bütün insanların inkişafı onların bilik və bacarıqlarından asılıdır və hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir.

Fərqlilik özü də bir özəllikdir və hər uşaq özəldir! Hər bir uşaq bir möcüzə olduğunu və dünya yaranandan sonuna qədər onun kimi başqa bir uşaq olmadığını, olmayacağını bilməlidir!

 





03.12.2020    çap et  çap et