525.Az

Naxçıvan MR: Kənd təsərrüfatının inkişafında yeni mərhələ


 

Naxçıvan MR: <b style="color:red">Kənd təsərrüfatının inkişafında yeni mərhələ</b>

Azərbaycan Respublikası milli iqtisadi quruculuq proseslərini uğurla davam etdirməkdədir. Burada istər regional iqtisadi siyasətin səmərəli təşkili, istərsə də iqtisadiyyatın sahə strukturunun artan perspektivlər fonunda idarə olunması məsələləri öz aktuallığını artırmaqdadır.

Davam edən islahatlar şəraitində müəyyən olunan hədəflərin əlaçatanlığı məqsədilə makroiqtisadi proseslərin tənzimlənməsi zəruriliyi ilə seçilməkdədir. İqtisadiyyatın təminat qabiliyyətliliyinin möhkəmlənməsinə, regionların sosial-iqtisadi inkişaf proseslərindəki iştirakının sürətlənməsinə, kəndlərin iqtisadi inkişafına, əhalinin rifahına və məşğulluq imkanlarının artmasına istiqamətlənən tədbirlər bu sahədə daimi diqqətdə saxlanılmışdır.

Bəhs olunan məsələlərin reallaşması fonunda milli iqtisadi quruculuq proseslərində özünəməxsus rolu və önəmi olan Naxçıvan Muxtar Respublikasında ardıcıl, sistemi və perspektivli tədbirlər həyata keçirilməkdədir. İqtisadi müqavimətlilik və dayanıqlılıq göstəricilərinin qorunması, eyni zamanda, artan dinamikada təşəkkülü məqsədilə reallaşan bu tədbirlər qlobal böhran və pandemiya dövrlərində də güclü baza olaraq çıxış etməkdədir. Müxtəlif dövlərdə və sosial-iqtisadi inkişafın müəyyən mərhələlərində iqtisadiyyatın sahə struktrukturunda iqtisadi artımın təmin olunması sahəsindəki tənzimləmələr aparıcı sahələrin məhsuldarlıq imkanlarının artırılmasına təminat vermişdir. Təbii ki, bütün bunlar isə sosiallaşan iqtisadiyyat göstəricilərinin uzunmüddətli prioritetlər üçün səmərəsini daha da artırmaqdadır.

Müasir iqtisadi şəraitin aktual çağırışlarını diqqətdə saxlamaqla məqsədyönlü qərarların qəbul olunması və bunun əsasında səmərəli idarəetmənin təşəkkülü milli iqtisadiyyatlar üçün çox zəruridir. Bu mənada, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələsinin başlanması regional inkişafın çox mühüm tərəflərini özündə əks etdirməkdədir. 27 noyabr 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalanmışdır. Bu, muxtar respublikanın ötən dövrlər ərzində topladığı aqrar potensial baxımından çox əhəmiyyətli olub, həmin əsaslarla qarşıdakı dövrlərdə də yeni perspektivləri daha da artıracaq. Digər tərəfdən, torpaqların məhsuldarlığı və ondan istifadə sahəsində stimullaşdırıcı mexanizmlər sahəsindəki prosesləri sürətləndirəcək. Məlumdur ki, ötən 2019-cu il muxtar respublikada "Ailə Təsərrüfatları" ili elan olunmuşdur. Bu mənada, müvafiq Sərəncam təsərrüfatların istehsal imkanlarının artırılmasına, onların aqrotexniki vasitələrdən yararlanma sahəsindəki əlçatanlığına, bununla da, aqrar sektorda məşğulluq səviyyəsinin yüksəldilməsinə və eyni zamanda, demoqrafik tarazlıq sahəsinə hərəkətverici təsiri ilə seçiləcək.

2020-ci ilin əvvəlinə olan statistik məlumatlara görə, Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 459,1 min nəfər olmuşdur ki, onunda 324 min nəfəri və ya 70 faizdən artığı kənd yerlərində yaşayır. Məhz bu Sərəncam da, kənd təsərrüfatı sahəsində dinamik inkişafa hesablanan digər hüquqi tənzimləmə aktları ilə yanaşı, daha yeni səhifələr açacaqdır. Məşğulluqla yanaşı, özünüməşğulluq sahəsindəki fəaliyyət üçün də səmərəli olacaq.

İstər muxtar respublikada kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin qorunması və artırılması məsələləri, istər, bu sahədə meliorasiya və irriqasiya işlərinin sistemli xarakterə malik olması mühüm hədəflərdən biri olaraq aktuallığını qorumaqdadır. Burada aqrar infrastrukturun təkmilləşdirilməsi məsələləri də zəruriliyilə seçilir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 23 aprel 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam da imzalanmışdır. Orada Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü"nün 1.46.5-ci yarımbəndində göstərilmiş 1,0 (bir) milyon manatın Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılması nəzərdə tutulmuşdur.

Məhz yeni imzalanan Sərəncam da bu istiqamətdə həyata keçirilən tənzimləmə tədbirlərinin sosial, iqtisadi və məntiqi davamı olaraq çıxış edir. Yeni imzalanan Sərəncamda da göstərildiyi kimi, muxtar respublikada mütərəqqi əkin və suvarma üsullarının tətbiqi ilə torpaqların münbitlik göstəriciləri və su təminatı yaxşılaşdırılır, deqradasiyaya məruz qalan torpaq sahələrinin sahəsi azaldılır. Təbii ki, bütün bunlar da davamlı məhsuldarlıq göstəricilərini təmin etməkdədir.

Bu baxımdan da yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil olunmasını təmin etmək məqsədilə "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı" təsdiq olunmuşdur. Burada, müvafiq strukturlar tərəfindən icrası məqsəuyğun hesab olunan:

- deqradasiyaya məruz qalan torpaqların uçotunun aparılması və xəritələşdirilməsindən;

- aqrotexniki, ekoloji və meliorativ tədbirlərin həyata keçirilməsindən;

- mütərəqqi suvarma sistemləri və əkin üsullarının tətbiqindən ibarət olmaqla, davamlı tədbirlərin icrası nəzərdə tulmuşdur.

Naxçıvan Muxtar Respublikası son 25 ildə müasir müstəqillik illərinin qürurverici dövrlərini yaşamaqdadır. Keçən müddət ərzində iqtisadiyyatın sahə strukturunda olduğu kimi, onun aparıcı sahələrindən birini təşkil edən kənd təsərrüfatında da dövlət tənzimlənməsinin ifadəsi olaraq iqtisadi və hüquqi islahatlar davam etdirilməkdədir. Bütün bunlar təbii ki, ölkənin səmərəli regional iqtisadi siyasətinin ifadəsi olmaqla, mühüm əhəmiyyətə malik olmuşdur.

Ölkədə təsdiq, qəbul və icra olunan Dövlət Proqramlarının muxtar respublikada icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən:

- 9 iyun 2005-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)";

- 28 may 2009-cu il tarixdə "Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı";

- 1 sentyabr 2014-cü il tarixdə "Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və;

- 31 yanvar 2014-cü il tarixdə "2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafına dair Proqramı" da təsdiq olunmaqla, özünün mühüm əhəmiyyətliliyə malik olması ilə seçilir.

Qeyd olunmalıdır ki, bütün bu hüquqi tənzimləmələr bir tərəfdən geridə qalan illərin güclü sosial-iqtisadi bazasını təşkil edirdisə, qarşıdakı dövrlər üzrə də davamlı perspektivlər vəd etməkdədir. Burada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 29 mart 2019-cu il tarixdə "Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq olunmasını da qeyd edə bilərik.

Təsdiq və icra olunan regional inkişaf proqramları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın, eyni zamanda, birinci mərhələdə 2012-2015-ci, ikinci mərhələdə isə 2016-2020-ci illərdə icra olunan "Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqram"larının da böyük əhəmiyyəti vardır.

Statistik rəqəmlərin təhlili göstərir ki, son 16 ildə muxtar respublikada kənd təsərrüfatı sahəsində məhsuldarlıq göstəriciləri artan dinamikada təşəkkül tapmışdır. Təkcə onu qeyd edə bilərik ki, bu artım, 2004-2019-cu illərdə muxtar respublikada kənd təsərrüfatı bitkilərinin əkin sahəsində özünü göstərə bilmişdir. Xüsusilə, təkcə dənli və dənli paxlalılar (qarğıdalı da daxil olmaqla) 24184,0 hektardan 36461,0 hektara qədər, daha doğrusu, 12277 hektar artmışdır. Bu, müvafiq olaraq, tərəvəz üzrə əkin sahəsində 5682-6246 olmaqla, 564 hektar, yem bitkilərinin əkin sahəsi üzrə isə 9818-13916,5 olmaqla, 4098,5 hektar artıq təşkil etmişdir. Hesablamalar göstərir ki, birincilər 1,5 dəfə, ikincilər üzrə 1,1 dəfə, üçüncülər üzrə isə 1,4 dəfədən çox artım olmuşdur.

Eyni zamanda, məhsul istehsalının həcmində də istinad olunan illər üzrə artım özünü göstərmişdir. Konkret faktlar əsasında fikrimizi ifadə etsək görərik ki, dənli və dənli paxlalılar (qarğıdalı da daxil olmaqla) 92864 tondan 118145,4 tona qədər, daha doğrusu, 1,3 dəfə artmışdır. Bu, müvafiq olaraq, tərəvəz üzrə istehsal həcmində 55184-86745 olmaqla, 1,6 dəfə, yem bitkilərinin istehsal həcmi üzrə isə 58248-136188,4 olmaqla, 2,3 dəfədən artıq təşkil etmişdir. Təbii ki, hər üç göstərici üzrə məhsuldarlıq da artımla davam etmişdir.

Kənd təsərrüfatının inkişafı muxtar respublikada çoxşaxəli milli iqtisadiyyatın perspektivləri fonunda təşəkkül tapmaqdadır. Bu sahədə digər sahələrlə yanaşı, kartofçuluq sahəsində də mühüm uğurlar əldə olunmuşdur. Hələ 2005-ci ilin aprel ayın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı" (2005-2010-cu illər) təsdiq olunmuşdur ki, bu da keçən dövrlər ərzində müvafiq sahə üzrə məhsuldarlıq göstəricilərinin yüksələn xətt üzrə dinamikasına təminat vermişdir. El içində ikinci çörək kimi qəbul olunan kartof istər əkin sahəsinə, istər istehsal həcminə, istərsə də, məhsuldarlıq göstəricilərinə görə artmışdır. 2004-2019-cu illər üzrə muxtar respublikada kartof əkin sahəsi 1602-3228 hektar arasında, daha doğrusu, 1626 hektar artmışdır. Həmin müddət ərzində 17058-50092 ton arasında kartof istehsal olunmuşdur ki, bu da 3 dəfəyə yaxın artım deməkdir. Burada məhsuldarlıq isə 1,5 dəfə təşkil etmişdir.

Beləliklə, Naxçıvan Muxtar Respublikası özünün sosial-iqtisadi inkişafında, xüsusilə, kənd təsərrüfatı sahəsində keyfiyyətcə yeni mərhələnin əsaslarını daha da möhkəmləndirməkdədir. Təbii ki, özünü göstərən məhsuldarlıq göstəriciləri özünün mezoiqtisadi əsasları ilə daha da aktuallıq qazanacaq və sənaye sektorunun perspektivlərinin artmasına yeni imkanlar açacaq. Nəticə isə ölkənin istər regional, istərsə də milli iqtisadiyyatı üçün dayaqlar daha da möhkəmlənəcək ki, burada isə əhalinin rifah göstəricilərindən ibarət sosiallaşma prosesləri sürətlənəcək.

 





03.12.2020    çap et  çap et