525.Az

Yeni reallıq: pandemiya və əlillik problemləri


 

Yeni reallıq: <b style="color:red">pandemiya və əlillik problemləri</b>

Müxtəlif sıxıntılar gətirmiş COVİD-19 pandemiyasının səbəb olduğu sosial izolyasiya kimi təcrid halları əlilliyi olan şəxslərin davamlı tibbi dəstək almasını məhdudlaşdırıb.

COVİD-19 epidemiyası və əlilliyi olan şəxslər digərlərinə nisbətən daha çox səhiyyə ehtiyaclarına sahibdirlər: həm standart ehtiyaclar, həm də davamlı gərəkli olan tədbirlər səbəbilə, aşağı keyfiyyətli və ya əlçatmaz səhiyyə xidmətlərinin təsirinə digərlərindən daha həssasdırlar.

Əhalinin yaşlı qrupunun sonradan qazanmış olduğu bir sıra xəstəliklər də əlilliyə gətirib çıxarır. Yaşlılıq və çoxsaylı xəstəliklər koronavirusun inkişafının aparıcı göstəricisi olmaqda davam edir. Hipertoniya, şəkərli diabet, ürək-damar xəstəlikləri və xroniki ağciyər xəstəlikləri daha pis nəticələrə səbəb olur. Pandemiya müddətində ölkəmiz də daxil olmaqla dünyanın bir çox regionunu əhatə edən və ahılların qayğısına qalmaq, onların pandemiyadan az təsirlənməsi üçün atılan bir sıra addımlar- onların mümkün olduğu qədər yaşayış yerini tərk etməməsi, elmi-pedaqoji fəaliyyət göstərənlərin əməyindən daha az istifadə olunma, tənha ahıllara sosial xidmətlərin göstərilməsi ilə bağlı proseslər həyata keçirilməkdədir.

Covid-19 pandemiya müddəti ərzində cəzaçəkmə müəssisələrində əlilliyi olan şəxslər bir sıra problemlərlə üzləşiblər, bəzi dövlətlər onların sıxıntılarını azaltmaq üçün müəyyən tədbirlər görüb. Onları virusla bağlı məlumatlandırma prosesi başladılıb, virusdan qorunma, gigiyena şəraitinin yaxşılaşdırılması, qida, su, sanitariya imkanlarının təminatı, təcrid və fiziki uzaqlaşdırma tədbirlərinin tətbiqi, qoruyucu vasitələrin istifadəsi kimi profilaktik tədbirlər həyata keçirilir.

Xüsusilə psixososial və əqli əlilliyi olan insanlar ən yoxsul əhali arasında təmsil olunurlar. Əlilliyi olan, təcili sığınacaqlarda, qeyri-rəsmi yaşayış yerlərində yaşayan insanlar sıx yaşayış şərtləri, su və digər zəruri ehtiyacların çatışmazlığı və əvvəllər mövcud olan sağlamlıq vəziyyətləri səbəbiylə virusa qarşı daha həssasdırlar. COVİD-19 fövqəladə vəziyyəti, risk qrupları da daxil olmaqla evsizləri sığınacaq və dəstək axtarmağa məcbur etdi, təcili sığınacaqları sıxlaşdırdı və virusu yaydı.

COVİD-19-un qarşısının alınması barədə mövcud yardım, çoxsaylı və əlçatan formatda verilmədiyi təqdirdə, görmə, eşitmə və ya əqli əlilliyi olan insanlara çatmayacaq. Konkret olaraq, bu, bütün mesajların aşağıdakılarda mövcud olması deməkdir: görmə əlilliyi olanlar üçün Braille əlifbası və böyük çap; əqli əlilliyi olanlar üçün məlumatın oxunmasının asan versiyası; eşitmə əlilliyi olanlar üçün mətn başlığı və ya işarə dili ilə yazılmış formatlar və ya video; ekran oxuyucusu kimi köməkçi texnologiyalardan istifadə edənlər üçün əlçatan veb məzmunu.

Müxtəlif əlilliyi olan şəxslər sosial təcridolunma ilə bağlı bir sıra çətinliklər yaşayırlar və bu proses onlarla bərabər, həmin şəxslərin ailələrinə də siraət edir. Belə ki, bu cür uşaq və şəxslər davamlı tibbi xidmət tələb etdiyindən, onları ev mühitində saxlamaq ailəsi üçün çətin olur. Məsələn, autizm kimi hiperaktiv hərəkətlərlə dolu olan şəxsləri qapalı ev mühitində saxlamaq əziyyətli prosesdir. Enerjini azaltmaq məqsədilə onları çətinliklə olsa belə yaşlarına uyğun fəaliyyətə alışdırmaq, gündəlik qısa fasilələrlə yürüyüş etmək, özünə xidmət kimi vərdişləri öyrətməyə çalışmaq effektiv nəticələr doğura bilər.

Covid-19-dan təsirlənən qruplardan biri də qan xəstəliyindən əziyyət çəkən, hemofiliya, talassemiya kimi mütəmadi qan transfuziyası tələb edən insanlardır. Bu dönəmdə onlar qan banklarında kəskin qan çatışmazlığı ilə qarşılaşırlar. Bu narahatlığa əlavə böyük şəhərlərdə hökm sürən kilidləmə və qırmızı zona bölgələri səbəbindən bir çox qan bağışlama mərkəzinə üz tutan donorların sayında kəskin azalmaların olmasıdır. Koronavirusa yoluxma qorxusu, xəstəxanaların yaxın günlərdə qan çatışmazlığı ilə qarşılaşa biləcəyi böhran dövründə talassemiya xəstələrini və daimi qan donorlarını xəstəxanalardan uzaqlaşdırdı. Onlar həmçinin, tibb müəssisələrində artan virusa yoluxma səbəbindən COVİD-19 infeksiyası riski altındadırlar.

Əlilliyi olan şəxslərin ən yüksək sağlamlıq standartına nail olmaq üçün səhiyyə ilə bağlı milli qanunvericilik və siyasətlərin gücləndirilməsi, səhiyyə müəssisələrində əlçatanlıq üçün maneələri müəyyənləşdirib aradan qaldırmaq, əlilliyi olan şəxslər üçün səhiyyə əhatə dairəsinin və əlverişliliyin yaxşılaşdırılması və sair fəaliyyətlər zəruridir.

Palliativ qayğının əsasını qoymuş Sesiliya Sondersin də dediyi kimi: "Sənin həyatın son anadək əhəmiyyətli olacaq, çünki sən sənsən", həyatımız qiymətli olduğu qədər onu yaşamaq da gözəldir və insanları olduğu kimi qəbul etsək, diskriminasiyaya yol vermədən bərabər şəkildə həyata pozitiv davam edə bilərik.

 





03.12.2020    çap et  çap et