525.Az

Mənəvi dəyərləri və milli maraqları ön plana çıxaran teleradio


 

Mənəvi dəyərləri və milli maraqları ön plana çıxaran teleradio<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin dosenti

Bu yaxınlarda dəyərli elm adamlarımızla toplaşdığımız bir məclisdə söhbət televiziyalardakı verilişlərdən və onların baxımlılıq və milli-mənəvi dəyərlərimizə bağlılıq səviyyəsindən söhbət düşdü. Orada söylədiklərimi oxucularla da bölüşməyin doğru olacağı qənaətində olduğum üçün fikirlərimi qələmə almaq  qərarına gəldim.

İTV qısa zamanda sürətlə inkişaf edərək, təkcə ölkəmizdə tamaşaçı rəğbəti qazanmadı, həm də müsəlman- türk dünyasına, Avropaya və digər qitələrə Azərbaycan dövləti və xalqı haqqında dolğun, maraqlı formada ətraflı məlumat verməyə başladı.

Razılaşmaq lazım gəlir ki əttökən şouların, bezdirici qeybətlərin baş alıb getdiyi bir zamanda reytinqi çox da nəzərə almadan, insanları düşündürən, narahat edən  ölkənin və xalqın uzaq gələcəyi ilə, bu qədim xalqın keçmişi yaranışı, türk və müsəlman dünyası ilə ortaq bağlılığı və digər bu kimi məsələləri müzakirəyə çıxarmaq heç də asan deyildi. Nə qədər əhəmiyyətli olsa da, insanları bilgiləndirmək, maarifləndirmək, hər zaman çətinliklərlə başa gəlmiş, müqavimətlərlə müşayiət olunub.
Taleyimiz elə gətirib ki, xalqımızın övladları bu gün obyektiv və subyektiv səbəblərdən demək olar ki, dünyanın müxtəlif ölkələrində yaşamaq məcburiyyətində qalıb. Vətəndən, el-obadan uzaq düşüb. Qərib ölkələrdə özləri və övladları daha çox milli-mənəvi,  əxlaqi dəyərlərimizdən uzaq olan televiziyalara baxmaq zorunda qalıb. Belə bir şəraitdə canlı olaraq "Qərib axşamlar"da milli musiqimizi dinləmək, elm, mədəniyyət adamlarımızın, sadə peşə sahiblərinin söhbətlərinə qulaq asmaq, verilişə birbaşa qoşulmaq, xaricdə yaşayan həmvətənləri dinləmək, müxtəlif ölkələrdəki diaspor nümayəndələrini eşitmək və görmək, onların uğuru və problemləri ilə tamaşaçı və müvafiq dövlət orqanlarına tanış etmək, onu aradan qaldırmağa çalışmaq təqdirəlayiqdir. Ölkəmizdə yaşayanlarla bərabər, xaricdə məskunlaşan həmvətənlərimizin bu verlişə baxarkən necə duyğulandığının dəfələrlə şahidi olmuşam. Verlişlərdə imkan daxilində iştirakçılara sərbəstlik verilməsi, süni patetikadan, nəsihətdən uzaq durulması, səmimilik mühitinin yaradılması tamaşaçılarda bir məhrəmlik, yaxınlıq, özünü vətəndə olmaq kimi nəcib hisslər yaradır. Nəticədə insan qəriblikdə olduğunu bir zaman kəsimində olsa da unudur, tək olmadığını başa düşür, vətəni üçün lazım ola biləcəyini anlayır, arxasında Azərbaycan dövlətinin dayandığını öyrənir. Vətənlə belə insanların arasında bir körpü yaranmış olur.

İctimai Televiziyanın əhəmiyyətli verilişlərindən biri türk respublikaları ilə ortaq ərsəyə gətirdiyi səhər verilişləri idi. Türküstanda, Anadoluda, Azərbaycanda yaşayan insanların həyatı, məişəti, mədəniyyəti, tarixi haqqında bu bölgələrdəki insanlara iki saat ərzində canlı məlumat verilməsi düşündürücü və həyəcanverici idi. Belə verilişlər əlaqələrin qurulmasına, ortaq kökün üzə çıxarılmasına və yada salınmasına, qan yaddaşının təzələnməsinə yaxşı kömək edirdi.

40 ilə yaxın elmi-pedaqoji fəaliyyətim nəticəsində belə qənaətə gəlmişəm ki, insanlarımızın çox az məlumatlı olduğu sahələrdən biri xalqımızın yaranışı, onun formalaşmasına təsir edən amillər, bu prosesdə iştirak edən tayfalar, onların yayıldığı areal və sairədir. Belə nəcib və çox vacib məsələlərin aydınlaşdırılmasında "Bir kəndin nağılı"nın gördüyü iş alqışalayiq idi. Dəfələrlə tanıdığım adamların verilişdən sonra zəng vuraraq, yaxud görüşərkən öz razılıqlarını, mülahizələrini bildirib,daha geniş məlumat almaq üçün hansı ədəbiyyatlara baxmağın düzgün olduğunu soruşub. Problemlə bağlı fərqli fikirlərin yaranma səbəbləri ilə maraqlanıblar. Bir sözlə bu veriliş insanları öz kökünü arayıb axtarmağa, daha çox məlumat  əldə etməyə sövq edirdi.

Bizim nəsil çox böyük hadisənin - dünyaya meydan oxuyan şər imperiyası SSRİ-nin dağılmasının, sosializm sisteminin çökməsinin şahidi oldu. Bu sistemin çökməsi ilə vaxtı ilə onun möhkəmlənməsinə xidmət edən iqtisadi, mənəvi sahələrində nöqsanlar, yarıtmazlıqlar da  üzə çıxdı. Belə sahələrdən biri təhsillə bağlı idi. Təhsil sisteminin məzmun və mahiyyətini dəyişməyin, onu müstəqillik dövrünün tələblərinə uyğulaşdırmağın zəruri olduğuna həm adamları, həm də təhsil sahəsinə rəhbərlik edənləri inandırmaq çox çətin, ancaq olduqca vacib idi. Çünki insanların əksəriyyəti gördüyü ancaq əsl məqsədindən, məzmunundan çox da məlumatlı olmadığı və ya diqqət yetirmədiyi sovet təhsil sistemindən əl çəkməyi düşünmək belə istəmirdi. Bu baxımdan elmi-pedoqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə vəziyyətdən çıxmaq üçün görülməli işlərlə bağlı aparılan müzakirələri  əhəmiyyətli sayıram. Dövlətin və millətin gələcəyi kimi strateji bir sahə ilə bilavasitə bağlı olan təhsilin problemlərini  aradan qaldırmaq üçün irəli sürülən təkliflər, ümumiləşdirilmiş nəticələr bəzən müəllimlərin, bəzən də təhsilə rəhbərlik edənlərin xoşuna gəlməsə də, amma bunlar qərəzsiz, vicdanlı yanaşmanın əsl vətəndaş mövqeyinin nəticəsi olduğu üçün hüç kim incimir, özü üçün nəticə çıxarırdı.  Bu məsələlərə həsr olunan hər veriliş sözün gerçək mənasında "Açıq dərs" idi.

Heç kəs inkar etməz ki, indiki dövrdə ehtiyacı olduğumuz çox vacib məsələlərdən biri bizi ayıran, birləşməyə qoymayan düşüncənin, fikirlərin mümkün qədər yumşaldıması, insanları birləşdirən, yaxınlaşdıran  "qızıl" ortanın - "Ortaq məxrəc"in tapılmasıdır. 

Cəmiyyətimizi düşündürən, aradan qaldırılması çox vacib olan problemləri açıq müzakirəyə çıxarmaq, müzakirələrdə bitərəf və obyektiv mövqe ortaya qoymaq, yol göstərmək cəsarət, intellektual səviyyə, vətəndaş yanğısı tələb edən mənəvi-əxlaqi keyfiyyətlərdəndir. Fikrimcə, İTV-nin rəhbərliyi və ətrafına topladığı gənc və istedadlı adamlar məhz bu cür tərbiyəyə, əxlaqa, savada malik olan adamlar idi.
Məlumdur ki, millətin var olmasında, yaşamasında torpağın, Vətənin, dinin və dilin əhəmiyyəti ölçüyə gəlməzdi. Mütəfəkkirlər haqlı olaraq bildirirlər ki, əgər bunlardan ikisi yoxsa, millətin qolları qırılmış kimidir. Əgər dil yoxsa, millət yoxdur. Bu səbəbdən İTV-də dilimizə, ayrı-ayrı sözlərimizə  həssaslıq, tələbkarlıq və qayğı ilə yanaşması  razılıq doğurur. Ayrı-ayrı az işlədilən, yaddan çıxarılan, bu səbəbdən özgə dillərdən aldığımız sözlərin qarşılığını öz dilimizdən tapıb üzə çıxarmaq da onların gördüyü yaxşı işlərdən biridir. Bəzən belə sözlər süngü ilə qarşılanır, lağa qoyulur, bəyənilmirdi. Ancaq zaman keçdikdən sonra haqq yerini tapır. İctimai TV-nin ümumişlək vəziyyətə gətirdiyi belə sözlərdən biri də "Carçı"dır.
İstirahət günü insanların yaxşı əhvala köklənməsinə, ovqatının müsbət istiqamətə yönlənməsinə, ailədə , ictimaiyyət içərisində müsbət auranın formalaşmasına cəhd etmək bu teleradionun gördüyü təqdirəlayiq işlərdən biri olmuşdur. Belə verlişlərin tamaşaçı və dinləyicilərə çatdırılması üslubu onu digərlərindən fərqləndirən cəhətlərdən idi.

Bir sözlə qaldırdığı problemlərə yanaşma tərzində orjinallıq, işə peşəkar və vicdanlı yanaşma, həmişə arayıb axtarmaq nail olduqları ilə arxanlaşmamaq burada çalışanların xarakterik cəhətlərindən olmuşdur.
Heç kəsə sirr deyil ki, sıfırdan,"quru yerdən" başlayaraq qısa zamanda işçilərdə belə keyfiyyətlərin ortaya çıxarılması və formalaşmasında İTV-yə rəhbərlik edən İsmayıl Ömərovun mühüm xidməti olub. Əməkdaşlara yaradıcılıq işlərində axtarışlar aparılmasına imkan və şərait yaradılması, mümkün olanlar daxilində sərbəstlik verilməsi, inanılması, müəyyən çətinliklərə baxmayaraq bir çox verilişlərin canlı olaraq tamaşaçı və dinləyicilərə çatdırılması kimi zəhmətli, məsuliyyətli işi təşkil edə bilmək İsmayıl müəllimin rəhbərlik fəaliyyətində aparıcı cəhətlər kimi yadda qalıb.

Heç şübhəsiz, bu işlər yuxusuz gecələrin, gərgin əməyin, teleradio işlərini yüksək səviyyədə bilməyin, bilik və bacarığını bu işləri reallaşdırmağa sərf edərkən çətinliklərdən, müxtəlif formalardakı maneələrdən, "badalaqlardan" qorxmamağın onları aradan qaldırmaq bacarığının, cəsarətinin, dövlətə, millətə bağlılıq və sədaqətin nəticəsidir.

Yeri gəlmişkən, indi İsmayıl müəllim ömrünün altıncı onilliyinə daxil olur. Bu münasibətlə onu təbrik edir, cansağlığı, könül xoşluğu arzulayıram. İTV-yə isə fəaliyyətində yeni uğurlar diləyirəm.

 





14.02.2014    çap et  çap et