525.Az

İnnovasiyalarla ayaqlaşmağa çalışan təhsil sistemi - Müsahibə


 

AİLƏ, MÜƏLLİM, CƏMİYYƏT ÜÇBUCAĞI BİRLƏŞSƏ, GƏNC NƏSİLDƏ MİLLİ MƏNLİK ŞÜURUNU DOĞRU VƏ DÜZGÜN FORMADA İNKİŞAF ETDİRMƏK OLAR

İnnovasiyalarla ayaqlaşmağa çalışan təhsil sistemi - <b style="color:red">Müsahibə  </b>

Təhsil sahəsində ard-arda innovasiyalar tətbiq olunduqca müəllimlərin də sürətlə dəyişən bu proseslə ayaqlaşması, yeniliklərə adaptasiya ola bilməsi şərtdir. Bu isə bir qədər çətin prosesdir. Lazımdır ki, təhsil sahəsində tətbiq olunan yeniliklərlə bağlı müəllimlər təkcə məlumatlanmasın, həm də müəyyən seminarlar, tədbirərlə yaxından tanış olsunlar. Bu da həmin innovasiyaların təhsil sistemində sürətlə və düzgün şəkildə tətbiqinə zəmin yaradır.

Həmsöhbətimiz Səidə Quliyeva da məhz bu məsələ ilə bağlı Təhsil Nazirliyinin dəstəyi ilə bir sıra işlər görüb.

O, nazirlik tərəfindən keçirilən bir müsabiqəyə bu mövzuda ideya verib və onun bu ideyası rəğbətlə qarşılanıb. Beləcə, onun "Həmkardan həmkara dəstək" layihəsi bir neçə ay məktəblərdə tətbiq olunmağa başlayıb.

Səidə Quliyeva ilə müsahibəni təqdim edirik. 

***

- Səidə xanım, necə oldu ki, bu layihəni hazırlamağa, təhsil-tədris prosesində təşəbbüskar addımlar atmağa başladınız?

- Mən Ucar rayonunun kiçik bir kəndində, Qazyan kəndində dünyaya gəlmişəm. Ailəm ziyalı insanlar olub. Məndə də təhsilə, onun inkişafına maraq belə yaranıb. Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin metodikası və pedaqogikası fakültəsini bitirdikdən sonra Ucar rayon Ə.Məmmədxanlı kənd ümumi orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə qəbul olundum. Hələ də orda işləyirəm. Şagirdlərin sevgisi müəllimliyə olan həvəsimi daha da artırdı. Bu sevgini gördükcə, nə yaxşı ki, müəllim olmuşam, deyirəm.

- Yəqin ki, Təhsil Nazirliyinin hər il belə bir müsabiqə keçirdiyindən çoxlarının xəbəri yoxdur. Bu layihə nədir və hansı mövzular ətrafında keçirilir?

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il qrant layihələr təşkil edir. Burada məqsəd bütün ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyaların düzgün mənimsənilməsidir. Bu, həm dövlət ümumtəhsil müəssisələri, həm də təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumtəhsil məktəbləri üçün nəzərdə tutulur. Bu il də həmin qrant müsabiqə dördüncü dəfə keçirildi və mənim təqdim etdiyim layihə qəbul olundu.

- Seçilən və artıq üç aydır məktəblərdə tətbiq olunan layihənizdən də bəhs edərdiniz.



- Mənim "Həmkardan həmkara dəstək" layihəm təhsildə metodiki xidmətlə bağlıdır. Bu, hər bir müəllimin ixtisasının və peşə ustalığının artırılması, pedaqoji kollektivin yaradıcı potensialının inkişafı və onun yüksədilməsi üçün qarşılıqlı tədbirlər sistemidir. Ümumiyyətlə, pedoqogika elminin nailiyyətləri və pedaqoji prosesdə yaranan qabaqcıl təcrübələrin təhlili metodik işin əsasını təşkil edir. Son illərin müşahidələri də göstərir ki, metodiki işin təşkili ilə bağlı məsələlər, müəllimlərə metodiki köməklik göstərilməsi metodiki kabinələr tərəfindən sistemli şəkildə aparılmır. Ən yaxşı halda bu, əmrlərin, sərəncamların, metodiki göstərişlərin məcburi şəkildə yerinə yetirilməsi ilə məhdudlaşır.

Düşünürəm ki, sistemli metodiki fəaliyyətə zərurət yaranıb. Buna görə də ölkəmizdə metodiki xidmətin strukturunun yenilənməsinə də ehtiyac var. Düzdür, uzun müddətdir ölkəmizdə təhsil islahatları aparılır, innovasiyalara, təcrübi- ekspermental fəaliyyətə üstünlük verilir. Belə bir vaxtda metodiki kabinələr mövcud yenilikçi iş sistemi ilə, real vəziyyətlə ayaqlaşa bilmir. Elə  buna görə, düşünürəm ki, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmək zəruridir. Bizim məktəblər üçün metodiki xidməti daha əlverişli, səmərəli, təhsil sisteminin işçiləri tərəfindən qəbul edilə bilən səviyyədə yeni bir model yaradılmalıdır. Bu baxımdan metodiki iş müəllimin peşə ustalığının və ixtisas səviyyəsinin artırılması üzrə məqsədyönlü, sistemli, kollektiv və fərdi, nəzəri və praktiki fəaliyyətdir. Bu da onu göstərir ki, metodik iş həm də məktəbdə təlim-tərbiyə prosesinin idarə olunması üçün bir vasitədir.

- Bəs məktəblərdə sözügedən metodiki iş necə təşkil olunur?

- Bu gün məktəblərdə metodiki işin iki əsas forması fəaliyyətdədir: fərdi və kollektiv forma. Fərdi iş deyərkən, müəllimin öz ixtisası ilə bağlı fərdi fəaliyyət göstərməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi, ixtisasına və elmi metodik işlərə dair televiziya və radio verilişlərə baxması, özü üçün məlumat toplaması, özünütəhsil yolu ilə pedaqoji, psixoloji və metodiki ədəbiyyatı mütaliə etməsi, elmi-metodiki mözvularda mətbuatda və konfranslarda çıxışları  nəzərdə tutulur.

Kollektiv iş forması isə fasiləsiz təhsil sistemində müəllimlərlə aparılan bütün işlərin müzakirəsini nəzərdə tutan, məktəb daxiləndə aparılan müxtəlif metodiki işlər çərçivəsində mühüm yer tutan bir təlim-tərbiyə prosesidir. Məktəbdə metodiki işlərin təşkili zamanı da planlaşdırılmaya ehtiyac var. Biz istəyirik ki, məktəblərdə müəllimlərin fəaliyyət planının tərtibi aylar və illər üzrə düzgün formada aparılsın. Biz bu metodikanı tətbiq edərək məktəblərdə dərslərin və müəllim-şagird münasibətlərinin ildən-ilə yaxşılaşdırılmasına nail ola bilərik. Burada əsas məqsəd öncəki illə müqayisədə sonrakı ilin tematik planlaşmaları, mübahisəli pedaqoji məsələlərin həlli, yeni tədris proqramları və təlim metodları, dərs zamanı şagirdlərin meyl, maraq və qabiliyyətlərinin nəzərə alınması, eyni zamanda, dərs prosesində təlim, tərbiyə və inkişafetdirici funksiyalarının həyata keçirilməsidir.



- Haqqında danışdığınız layihə müəllimləri də yeni dövr təhsil modelinə hazırlayan çox gözəl proqramdır. Bəs bu layihə təkcə Ucar rayon məktəbləri üçün nəzərdə tutulub, yoxsa başqa məktəblərdə də tətbiq olunacaq?

-  Bəli, layihə 2020-ci ildə 15 sentyabrdan 15 dekabra qədər bir müddətdə - üç aydır davam edir. Artıq layihəmizin təlimləri yekunlaşmaq üzrədir. Layihə altı təlimdən ibarət idi və pandemiya səbəbiylə biz bu layihəni onlayn şəkildə keçməli olduq. Bu layihə Ucar rayonunun bütün məktəblərinin müxtəlif fənn müəllimləri üçün nəzərəd tutulmuşdu. Beləcə, biz layihəni Ucar rayonunun qırx yeddi məktəbində, hər təlimdə altı məktəbin nümayəndəsi ilə keçirdik. Burada əsas məqsəd metodik birləşmə rəhbərlərinin məktəblərə gələn yeni müəllimlərin işinin düzgün təşkilində onlara kömək etməsi yollarının mənimsənilməsidir. Düzdür, bu layihə hələ ki təkcə Ucar rayon məktəblərini əhatə etdi. Amma niyə də olmasın, gələcəkdə başqa rayon məktəbləri üçün də bunu tətbiq etməyi düşünürəm.

- Siz həm gənc müəllimsiniz, həm də təhsillə, tədris metodikası ilə yaxından tanışsınız. Sizcə, gənc nəsildə milli mənlik şüurunu inkişaf etdirmək, vətənpərvərliyi düzgün formalaşdırmaq üçün xüsusi bir metodika tətbiq etmək lazımdırmı, yoxsa bu dəyərlər ailədəmi aşılanmalıdır?

- Əlbəttə, həm məktəbdə, həm ailədə. Bunun üçün məktəblərdə layihələr təşkil olunur və zaman keçdikcə bu layihələrə daha çox üstünlük verilməlidir. Amma ən vacib məsələ bu prosesdə müəllim-ailə-cəmiyyət üçlüyünün rolunun qarşılıqlı olmasıdır. Əgər bu üçbucaq birləşsə, gənc nəsildə milli mənlik şüurunun düzgün inkişaf etdirilməsi ən dolğun və doğru formada aparılmış olar.

Natəvan ABDULLAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





03.12.2020    çap et  çap et