525.Az
Ədəbi istiqlal mücahidi
Tarixə və millətə ən böyük xidmət azadlığın yolunu göstərmək, onu nurlu əməllərlə işıqlandırmaqdır. Bu ülvi ideala, pak qayəyə hərə bir vasitə ilə nail olur: tarixçi faktlarla, döyüşçü silahla, şəhid qanı və canı ilə, filoloq ədəbi-bədii irslə. Ədəbiyyat yolu - əbədiyyət yoludur. Elə buna görə də o, ən çətin yoldur. Ədəbiyyatdan əbədiyyətə yol almış görkəmli ədəbiyyatşünaslarımızdan biri AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir. O, sözün həqiqi mənasında ədəbi istiqlal mücahididir. Xüsusilə son 20 ildə Asif Rüstəmli hər yerdə əsas fiqurlardan biridir- Bakı və Tiflis arxivlərində, muzey fondlarında, televiziya ekranlarında, radio dalğalarında, ən müxtəlif ədəbi yığıncaqlarda... Ədəbiyyat söhbəti, istiqlal mövzusu, 31 mart soyqırımı, Qarabağ dərdi harada dilə gətirilsə Asif orada məruzə edir. Özü də elə belə yox, ürəklə, ehtirasla, yanğı və pafosla, əsl vətəndaş qeyrəti və ziyalı cəsarəti ilə. Çünki bütöv Azərbaycan idealı ilə yaşayan professor Asif Rüstəmli konkret olaraq Qarabağda, Ağcabədinin Qiyaməddinli obasında dünyaya gəlib. 1988-ci ildən o Nizami adına Ədəbiyyat İnstitutuna gəldiyi gündən - əsrin dörddə birindən - bir çərəkdən artıq oturub-durduğumuz müddətdə elə bir gün olmayıb ki, Asif Qiyaməddinli elindən, anasından söhbət salmasın. Güclü, fədakar tədqiqatçı olması səbəbindəndir ki, o, böyük xronikaçı, salnaməçi kimi dəqiq faktlarla söhbət edir.
Asif arxivdə təkcə ən dəyərli faktı tapmaq və qeydə almaqla kifayətlənmir, fakta tarixin fəzasında nəzər salmağı, faktın məna haləsini təsvir etməyi, faktı kontekstdə təqdim etməyi bacarır. Düz on il öncə "Ədəbi istiqlaldan əbədi istiqlala" adlı ön sözlə çap olunmuş "Ədəbi istiqlalımız" kitabında fədakar tədqiqatçı A.Rüstəmli fakta münasibətini belə açıqlayır: "Tədqiqatçı üçün faktların axtarışı, ona istinad prinsiplərindən qat-qat əzablıdır. Faktların izi ilə illərlə yol getmək, arxiv qovluqlarının saralmış vərəqləri arasında gözlərin nurunu, təkrarsız ömrün qiymətli anlarını səpələmək olar... Lakin faktlar axtarışının uğuruna öncədən təminat yoxdur. Nəticədən asılı olmayaraq faktların axtarışına sərf olunan ömür tədqiqatçı üçün ən mənalı ömürdür". Elə bilirik ki, bu sətirlərdə Asif həm öz alim mövqeyini, həm də gördüyü işin mahiyyətini hamıdan dəqiq və müfəssəl təqdim edir. Yəni Asif Rüstəmli fədakar tədqiqatçıdır. O çətinliklə tapılmış faktın qədrini bilir, onu məhəbbətlə sığallayır, sənətkarlıqla cilalayır. A.Rüstəmlinin ilk böyük əsəri düz 20 il öncə - 1994-cü ildə Bayraməli Abbaszadə (Hammal) haqqında namizədlik dissertasiyasıdır. Bu əsərin yeni "Bayraməli Abbaszadə: mühiti və mücadiləsi" (2014) adlı monoqrafik nəşrinə "Mollanəsrəddinçi şairin taleyi" adlı ön sözdə akademik İsa Həbibbəyli yazır: "Təəssüf ki, son dövrlərdə arxivlərdə axtarışlar aparmaq, yeni fakt və sənədləri aşkara çıxarmaq, əlyazmaları üzərində işləmək ənənəsi zəifləmişdir. Elmi-ədəbi meydanda olan ədəbi-tarixi faktların böyük əksəriyyəti 30-50-ci illərdə aşkara çıxarılmışdır. Bu cəhətdən Asif Rüstəmli yeni nəsil arasında arxivlərə və kitabxanalara önəm verən mənbəşünas bir tədqiqatçı kimi diqqətimi cəlb edir. Böyük uğurla doktorluq dissertasiyası müdafiə etdikdən sonra da arxivlərin, kitabxanaların, muzeylərin qapılarını açmaqda davam edir". Həqiqətən də bu gün Asif arxivi yaxşı bilən, arxivdə illərin bozarmış tozunu udmaqdan həzz alan, saralmış və əprimiş vərəqlərin unudulmaqda olan həqiqətlərini müasir elmin və gələcək nəsillərin xidmətinə verən görkəmli alimimizdir. Arxivlə işləmək xüsusi bir tədqiqatçılıq mədəniyyətidir. Saralmış vərəqlərin mühitinə səmimiyyətlə girməsən, əprimkədə olan vərəqləri məhəbbətlə tumarlamasan arxivdən canlı ədəbi-tarixi mühitə heç nə gətirmək mümkün deyil. Asif bunu bacarır. Asif Rüstəmli arxivin həm faktını, həm də ruhunu ədəbiyyatşünaslığa gətirdi.
Filologiya elmləri doktoru (2011), professor (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003), İnstitut Həmkarlar İttifaqının sədri (2010), BDU-nun nəzdində Dissertasiya Şurasının üzvü (2013) əziz dostumuz, görkəmli ziyalı və vətəndaş Asif Rüstəmli 8 ədəbi-nəzəri kitabın, 200-dən artıq ədəbi-nəzəri, tənqidi-publisistik məqalənin müəllifidir. Asif Rüstəmli beynəlxalq ədəbi aləmdə, xüsusilə türk dünyasında öz məruzə və çıxışları ilə tanınan alimdir.
O, Ankarada (1991), Bağdadda (1994), Tehranda (1995), Təbrizdə (1998), Bəsrədə (1999), Urmiyada (2004 və 2011), Varşavada (2007), Tomskdə (2008), Elazığda (2008, 2012, 2013), Budapeştdə (2010) və Diyarbəkrdə (2013) keçirilən beynəlxalq elmi konfranslarda ədəbiyyatımızın tarixi və nəzəri problemləri ilə bağlı məruzələrlə çıxış edib.
Əlbəttə, belə çoxcəhətli fəaliyyət təsirsiz qalmamış, təəssübkeş Azərbaycan alimi Asif Rüstəmli Ankaradakı Azərbaycan Kültür Dərnəyinin mükafatına (1994), "Cəfər Cabbarlı mükafatı"na (2010), Varşava Universitetinin "Sertifikat"ına (2007), Elazıx valisinin xüsusi mükafatına (2010), Türk ədəbiyyatı vəqfinin "Türk Ədəbiyyatına Xidmət Baratı"na (2013) və s. mükafatlara layiq görülüb.
Faktsız mühakimə seyrçilikdir. Elə buna görə də professor A.Rüstəmlinin ədəbi-elmi xidmətlərini əks etdirən bir neçə faktı da qeyd etməliyik:
Asif Rüstəmli klassik ədəbiyyatşünasların ənənələrini davam etdirərək səmərəli tərtibçi- mətnşünaslıq fəaliyyəti göstərmişdir. O, Ulu öndər Heydər Əliyevin milli sərvətimiz olan ədəbi-mədəni irsini toplayıb tərtib edərək "Nəcib mənəvi idealların tərənnümü" (2000) adlı kitab çap etdirmiş, "Ədəbiyyatın yüksək borcu və amalı" (1999) kitabının redaktoru olub.
Məhz Asif müəllimin bir mətnşünas kimi zəhməti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" (1990) və "Bolşeviklərin Şərq siyasəti" (1994) əsərləri hələ XX əsrin 90-cı illərinin əvvəllərində ərəb qrafikasından müasir əlifbaya çevrilərək lüğət və şərhlərlə çap olunmuşdur. Ümumiyyətlə, sovet dönəmində yasaq edilmiş əsərlərdən ibarət 15 kitabın tərtibçisi olan Asif Rüstəmli Türkiyənin Elazıx vilayətinin 45 şairinin əsərlərini tərcümə edərək "Elazıx çələngi" (2010) kitabını "Qardaşlığın təməli, dostluğun məhvəri" adlı geniş ön sözlə çap etdirib. Həmçinin məşhur türk yazıçısı Əhməd Kabaklının "Harput əfsanələri" (2012) A.Rüstəmlinin tərcüməsində "Yazarların xocası və ucası" adlı ön sözü ilə Azərbaycanda işıq üzü görüb.
Faktlar bizə imkan verir deyək ki, A.Rüstəmli bir türkçü, mətinşünas və naşir kimi çağdaş türk ədəbiyyatına səmərəli xidmət göstərməkdədir. Görkəmli alimin 60 illik yubileyinə həsr olunmuş bu yazıda onun bəzi kitablarının adlarını qeyd etməmək olmaz: "Çırpınırdı Qara dəniz" (1992), "Tufanlardan keçən ömür" (1995), "Susmaz duyğuların səltənətində" (2002), "Ədəbi istiqlalımız" (2004), "Cəfər Cabbarlı: həyatı və mühiti" (2009), "Mütərcim Cəfər Cabbarlı" (2011) və s. Bu kitabların üçü Cəfər Cabbarlıya həsr olunub.
Ümumiyyətlə, Asif XIX əsrin son, XX əsrin ilk çərəyinin tədqiqatçısıdır. Bu isə Azərbaycanda şərəfli, mürəkkəb, ziddiyyətli və zəngin milli -mənəvi intibah dövrü idi. XIX əsrin maarifçilik hərəkatı XX əsrin önlərində "Füyuzat" və "Molla Nəsrəddin" ədəbi məktəblərini, bu zəmində Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Hüseyn Cavid, Abdulla Şaiq, Məhəmməd Hadi, Abbas Səhhət, Səid Səlmasi kimi şəxsiyyətlərin təmsil etdiyi XX əsr romantizmini, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, M.Rəsulzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Cəfər Cabbarlı ilə təmsil olunan XX əsrin tənqidi realizmini, özlüyündə isə bu ədəbi cərəyanlar iki qüvvətli məfkurə istiqamətini - türkçülük və azərbaycançılığı formalaşdırdı. Tarixin öz razılığı ilə bu məfkurələr birləşərək Şərqdə ilk demokratik respublikanın yaranmasına səbəb oldu. XX əsrin önləri bənzərsiz şəxsiyyətlər epoxası idi: Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əlibəy Hüseynzadə, Üzeyir Hacıbəyli, Hüseyn Cavid və Cəfər Cabbarlı!
Asif Rüstəmli bunlardan sonuncunu seçdi və ədəbiyyatşünas -tədqiqatçı taleyini onu bütövlükdə öyrənməyə, C.Cabbarlının totalitar sovet ideologiyasından xilas etməyə, Azərbaycan xalqına, gələcək nəsillərə əsl Cəfər Cabbarlını təqdim etməyə həsr etdi... Cəfər Cabbarlı haqqında ilk monoqrafik tədqiqatı "Cəfər Cabbarlının yaradıcılıq yolu" əsərinin birinci hissəsini 1934-cü ildə Akademik Dram Teatrındakı kabinetində rus dilində Əli Nazim dostu Cəfər Cabbarlıya oxumuşdu. Həmişə özünü həvəskar adlandıran əbədi gənc- 35 yaşlı Cəfər bu yazını dinləyib doluxsunmuş, onu böyük sənətkar kimi təhlil və təqdim edən 28 yaşlı məşhur tənqidçi Əli Nazimi bağrına basmışdı. Sonra akademik Məmməd Arif eyni adlı fundamental bir kitab yazdı.
1989-cu ildə görkəmli ədəbiyyatşünas və tənqidçi Rəhim Əliyevin "Cəfər Cabbarlının yaradıcılıq təkamülü" monoqrafiyası işıq üzü gördü. Bu onun doktorluq dissertasiyası və o zaman böyük dramaturq barəsində yazılmış ən ciddi elmi-nəzəri monoqrafiya - Cabbarlışünaslığın yeni mərhələsi idi. Düz 20 il sonra Asif Rüstəmli "Cəfər Cabbarlı həyatı və mühiti" (2009) adlı fundamental monoqrafiyası ilə Cabbarlışünaslığın sonuncu - istiqlal dövrü mərhələsinin əsasını qoydu. Çox zəngin arxiv sənədləri və faktlar əsasında Cəfər Cabbarlını yanlış "Azərbaycan sovet dramaturgiyasının, sovet ədəbiyyatının banisi" qəlibindən çıxarıb onu həqiqi simasında - Avropa təfəkkürlü, milli Azərbaycan ədibi kimi təqdim etdi. Asif bu sonuca və bu müvəffəqiyyətə birdən-birə deyil, uzun axtarışlardan sonra gəlmişdi. O, hər şeydən əvvəl Cəfər Cabbarlının sovet rejimi tərəfindən qadağan olunmuş milli-tarixi və türkçülük ruhunda olan əsərlərini "Ədirnə fəthi" adı ilə kitab halında nəşr etdi. Bu əsl ədəbi hadisə idi. 2002-ci ildə "Susmaz duyğuların səltənətində", həm bizdə, həm də Türkiyədə "Cəfər Cabbarlı: həyatı və mühiti", 2011-ci ildə isə "Mütərcim Cəfər Cabbarlı" kitabları bu böyük ədibi yeni yöndən, istiqlal məfkurəsi olan azərbaycançılıq fəlsəfəsinə dayaqlanan metodlarla mənsub olduğu xalqa və bütün türk dünyasına təqdim etdi.
Əsl alimin, ziyalının üzərinə böyük vəzifələr düşən indiki dövrdə Asif istiqlal məfkurəsi olan azərbaycançılıq ruhu ilə yazıb yaradır. Qədim türk əşirətlərindən gələn Vətən əxlaqı, kökü əski türk imperatorluqlarına gedən milli dövlətçilik amalı onu vətəndaş və ziyalı kimi səciyyələndirir. O, bu gün vüsətli iqtisadi - siyasi tərəqqisi ilə dünyanı heyrətə qoyan müstəqil Azərbaycanın nüfuzlu alimidir. Əsərləri millətin gələcəyinə xidmət edir. Asif Rüstəmli şəxsiyyət kimi öz dönməz prinsipləri və "Azərbaycan qayəsi" (M.Ə.Rəsulzadə) ilə yaşayır.
Ömrünün şərəfli 60-cı sənəsini iqtama yetirmiş görkəmli Azərbaycan alimi Asif Heydər oğlu Rüstəmli təəssübkeş ailə başçısı, sədaqətli dost, nəcib ziyalı və qeyrətli vətəndaşdır. Biz ona elmi axtarışlarında yeni uğurlar və növbəti onilliklərdə - 70-də, 80-də, 90-da, 100-də bizimlə görüşə bilməsi üçün tükənməz cansağlığı arzu edirik.
Nizaməddin ŞƏMSİZADƏ
Vəfa XANOĞLAN
14.02.2014
çap et