525.Az

Firəngiz Əlizadədən YUNESKO Baş direktoruna müraciət


 

Firəngiz Əlizadədən YUNESKO Baş direktoruna müraciət <b style="color:red"></b>

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun "Sülh artisti" Firəngiz Əlizadə YUNESKO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb.

525.az-ın xəbərinə görə, müraciətdə qeyd edilib ki, son dövrdə o, mətbuatda Azərbaycanın işğaldan azad olunmuş Qarabağ torpaqlarında xristian kilsələrinin və abidələrinin taleyinə görə narahatlıq keçirən bir çox mədəniyyət xadimlərinin YUNESKO-ya müraciətlərini böyük həyəcan hissilə oxuyur: "Bizim ölkəmizin müxtəlif dinlərə, konfessiyalara və abidələrə hər hansı bir hörmətsizlikdə günahlandırılmasından qəribə ittiham ola bilməz. Məlum faktlardır ki, bizim dövlətimiz təkcə ölkəmizdə deyil, həmçinin, Fransada, İtaliyada, Vatikanda, Rusiyada və digər dövlətlərdə müqəddəs dini abidələrin qorunması və bərpası ilə bağlı çoxsaylı xeyriyyəçilik aksiyaları həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva bu istiqamətdə apardığı çoxillik  və məhsuldar fəaliyyətinə görə dərin ehtiram və minnətdarlıq əlaməti olaraq, həmin ölkələrin orden və medalları ilə təltif olunub.  

Bununla belə, beynəlxalq mətbuatda geniş işıqlandırılan bütün bu məlum faktlar çoxsaylı təşkilatlara ünvanlanmış müraciətlərə, çağırışlara, şikayətlərə imza atan şəxslərin diqqətindən kənarda qalır. Bu şəxslər erməni tərəfinin yalançı göz yaşlarına və xahişlərinə inanaraq, problemin mahiyyətinə varmadan, şübhə doğuran sənədləri imzalayırlar".

Müraciətdə qeyd olunub ki, ermənilər tərəfindən tərk edilmiş bizim şəhər və kəndlərimizdəki mədəniyyət abidələri YUNESKO-da daha böyük narahatlıq yaratmalıdır: "Qarabağın münbit torpaqlarında böyük ekoloji fəlakət yaradan, 30 ildən artıq bir dövrdə bizim xalqımıza məxsus faydalı qazıntıları talan edən bu gəlmə adamlar hələ heç nədən xəbəri olmayan insanlara və müxtəlif təşkilatlara şikayət etməyə çalışırlar. Sonradan gərginlik və toqquşmaların yeni dalğasının başlanması üçünmü? 

Bizim Prezidentimiz və Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində və rəşadətli əsgərlərimizin, gözəl gənclərimizin Vətənə sonsuz məhəbbəti sayəsində başımızı uca tutaraq, Qarabağ torpağına qayıtmışıq. Biz heç kimdən heç nə istəmirik. Bizə yalnız sülh lazımdır ki, müharibənin yaralarını sağaldaq, Qarabağın keçmiş gözəlliyini bərpa edək, yenidən öz bəhrəli torpağımızda yaşayaq və yaradaq.  

Qarabağ elə bir ocaqdır ki, buradan Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu başlanıb, məhz burada nadir Muğam sənəti yaranıb və dahi xanəndələrin - Seyid və Xan Şuşinskilərin səsləri bütün dünyaya yayılıb, burada görkəmli şair Vaqifin məzarı və məqbərəsi yerləşir. Bu adlar bizim üçün milli kimlik simvoludur. Azərbaycan xalqı heç zaman, hətta uzun müddət - 32 il keçməsinə baxmayaraq, bu itki ilə barışa bilməzdi!

İndi biz dağıdılmış, talan olunmuş, bununla belə, çox sevdiyimiz doğma torpaqlarımıza qayıtmışıq. Bütün çətinliklərə və itkilərə baxmayaraq, biz indi Vətənimizin tarixinin ən xoşbəxt dövrünü yaşayırıq. Düşmənin Həqiqətə və Ədalətə qarşı şər və böhtanları bizim böyük sevincimizə, Vətənimiz Azərbaycana və onun gözəl guşəsi Qarabağa olan saf və müqəddəs duyğularımıza kölgə sala bilməz".

 





03.12.2020    çap et  çap et