|
|
|
|
Bu il bəşəriyyəti ciddi bir bəla - koronavirus pandemiyası təhdid etməkdədir. Bu ümumbəşəri bəla Azərbaycandan da yan ötmədi. Lakin işin düzgün təşkili, dövlətin dərhal müdaxiləsi sayəsində Azərbaycan qlobal bəladan mümkün qədər az itki ilə çıxmağa çalışır.
Dövlətimizin başçısının göstərişi ilə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə çevik və vacib qabaqlayıcı tədbirlər görülmüş, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, vaxtında sosial təcrid tədbirləri, eləcə də xüsusi karantin rejimi tətbiq edilmiş, koronavirus xəstələrinin ödənişsiz müalicəsi üçün onlarla xəstəxana ayrılmış, müasir modul tipli 11 xəstəxana və 2 hospital, 2 tibbi maska fabriki istifadəyə verilmiş, ölkəyə virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar gətirilmişdir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Prezident çıxışlarında qeyd etmişdir ki, dövlət üçün prioritet məsələ insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir.
İqtisadi sabitliyin təmin edilməsi və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Dövlətimizin başçısının təşəbbüsü ilə təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fonduna Prezidentin ehtiyat fondundan 20 milyon manat ianə ayrılması, eləcə də Prezidentin və Birinci vitse-prezidentin özlərinin birillik əməkhaqqı məbləğlərini ianə etmələri xüsusi rəğbət doğurmuşdur. Pandemiyanın yaratdığı çətinlikləri aradan qaldırmaq məqsədilə dünyanın 150 ölkəsi kredit üçün müraciət etdiyi halda, Azərbaycanın iqtisadi potensialı bu bəlaya qarşı öz gücüylə mübarizə aparmağa imkan verir. Eyni zamanda, Azərbaycan ÜST-ə könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım göstərmişdir.
Azərbaycan Prezidenti koronavirusa qarşı beynəlxalq mübarizənin gücləndirilməsi məqsədilə çoxsaylı təşəbbüslər irəli sürmüş, dünya ölkələrini qlobal həmrəyliyə səsləmişdir. Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dövlət və hökumət başçılarının, Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri keçirilmişdir. Prezidentin qeyd olunan məqsədlə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü də dəstəklənmişdir. Pandemiya şəraitinə baxmayaraq keçirilən çoxsaylı beynəlxalq tədbirlərin Azərbaycanın dünya miqyasında nüfuzunun artmasında xüsusi əhəmiyyəti var.