525.Az

Bakı Xoreoqrafiya Akademiyası "Laçın"ı təqdim edib


 

Bakı Xoreoqrafiya Akademiyası "Laçın"ı təqdim edib<b style="color:red"></b>

Əzəli torpaqlarımızı düşmən işğalından azad etmək məqsədilə aparılan və şiddətli döyüşlərlə yadda qalan 44 günlük Vətən müharibəsi hər bir Azərbaycan vətəndaşına qələbə sevinci yaşadaraq, arxa cəbhədə elm, təhsil və sənət adamlarını da bu işdə mübariz edib. 

525.az xəbər verir ki, Vətən müharibəsinin ilk günlərindən Bakı Xoreoqrafiya Akademiyası rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin təşəbbüsü ilə həyata keçirilən "Qarabağ Azərbaycandır" layihəsinin yaradıcı heyəti tərəfindən təqdim olunmuş "Zəfər" xoreoqrafik kompozisiyasından sonra daha bir möhtəşəm layihəyə imza atılıb. Bu dəfə, layihə çərçivəsində Laçın rayonunun işğaldan azad olunmasına həsr olunmuş "Laçın" xoreoqrafik kompozisiyası təqdim olunub.  Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, "Qızıl dərviş", "Zirvə" və "Humay" mükafatları laureatı Kamilla Hüseynovanın quruluşçu-xoreoqrafı olduğu "Laçın" xoreoqrafik kompozisiyası mahir kamança ifaçısı və müəllim İmamyar Həsənovun ifa etdiyi "Laçın" xalq mahnısı üzərində qurulub.

Peşəkar rejissor Qalib Bağırovun fərqli yanaşma tərzi ilə lentə aldığı kompozisiyada rəqsin ifaçısı Bakı Xoreoqrafiya Akademiyasının II kurs tələbəsi, Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin laureatı Zəhra Tanrıverdiyevadır. Kompozisiyanın əvvəlində Bakı Xoreoqrafiya Akademiyasının Xalq çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədovun muğam ifası rəqsin daha ifadəli şəkildə tamaşaçıya çatdırılmasında istifadə olunmuş xüsusi bədii fəndlərdən biridir.

Qeyd edək ki, BXA-nın "Qarabağ Azərbaycandır" layihəsi çərçivəsində nəzərdə tutulmuş musiqili-xoreoqrafik yaradıcılıq işləri davam edir və yaxın zamanda Xalq artisti Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyasının musiqisi əsasında "Zəfər sevinci" adlı yeni xoreoqrafik kompozisiya təqdim olunacaq. Layihənin baş məsləhətçisi Xalq artisti, dosent Təranə Muradova, rəhbəri isə Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimovadır.

ŞAHANƏ

 





03.12.2020    çap et  çap et