525.Az

BDU-da onlayn elmi seminar keçirildi


 

BDU-da onlayn elmi seminar keçirildi <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Vətən müharibəsi dövründə ölkə mediasının rolu” mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-dan 525.az-a bildirilib ki, moderator, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev seminarda qoyulan mövzunun aktuallığından danışıb. Vətən müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayan dekan Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Bildirib ki, bu gün BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atılır. V.Əliyev informasiya müharibəsində, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında, sağlam, bilikli və vətənpərvər gənclərin yetişdirilməsində daim öz töhfəsini verən Bakı Dövlət Universitetində Vətən müharibəsində medianın fəaliyyətinə həsr olunmuş layihə üzərində iş aparıldığı haqqında məlumat verib.

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin informasiya müharibəsindəki fəaliyyəti, mediada yayımlanan yazıları haqqında ətraflı məlumat verib.

Övladı Vətən uğrunda savaşda iştirak edən, fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva oğlunun timsalında əsgər və zabitlərimizin sağ-salamat evlərinə qayıtmasını arzulayıb, iştirakçılarla öz fikirlərini bölüşüb.

Digər çıxış edənlər Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunmasını ölkəmizin haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndiriblər. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi kimi məqamlara aydınlıq gətiriblər.

Onlayn seminarda Prezident İlham Əliyevin xarici KİV-lərə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin mediada işıqlandırılması, bu müddətdə ölkə mediasının fəaliyyəti, mübarizəni obyektiv işıqlandıran dünya media nümayəndələrinin fəaliyyəti mövzularında fikir mübadiləsi aparılıb.

“Microsoft Teams” platforması üzərindən təşkil olunan tədbir mövzu ilə bağlı müzakirələrlə yekunlaşıb.

 





04.12.2020    çap et  çap et