525.Az

Təcrübə və çeviklik - Nadir Rzalı yazır


 

MÜHARİBƏ DÖVRÜNDƏ MİLLİ MƏCLİS RƏHBƏRLİYİNİN FƏALİYYƏTİ QƏNAƏTBƏXŞ OLDU

Təcrübə və çeviklik - <b style="color:red">Nadir Rzalı yazır</b>

İkinci Qarabağ savaşı başlayan andan bu günə qədər vəzifə öhdəlikləri münaqişənin həlli ilə sıx əlaqəli olan əksər dövlət strukturlarının fəaliyyət mexanizminin yüksək səviyyədə olması özünü göstərməkdədir. Əgər hərbidə qazandığımız qalibiyyət birbaşa Müzəffər Azərbaycan Ordusunun rəşadəti ilə əlaqəlidirsə, bunda Prezident İlham Əliyev siyasətinin ana xəttinə uyğun olaraq diplomatik addımların da rolu çox böyük oldu.

Bu baxımdan, müharibə dövründə Milli Məclisin fəaliyyəti səmərəli idi. Birinci növbədə diqqət çəkən məsələ Milli Məclisin spikeri Sahibə Qafarovanın xarici ölkələrin nümayəndə heyətləri ilə keçirdiyi görüşlər və aparılan danışıqlar oldu. Bu müddətdə Milli Məclisin sədri 20-dən çox xarici ölkənin müxtəlif vəzifəli şəxsləri ilə rəsmi görüş keçirib, hazırkı vəziyyətlə bağlı məsələləri təhlil edərək həqiqətləri əks etdirən bəyanatlarla çıxış edib.

Milli Məclisin spikeri Sahibə Qafarovanın uğurlu diplomatik addımları onun beynəlxalq təşkilatlarda iş təcrübəsi ilə əlaqədardır. Təsadüfi deyil ki, Sahibə Qafarova 2013-cü ildən etibarən Avropa Şurası Parlament Assambleyasının müxtəlif komitələrinə rəhbərlik edib, bir neçə büronun üzvü kimi fəaliyyət göstərib. Məhz beynəlxalq qurumlarla iş üzrə peşəkarlıq nümayiş etdirən  Sahibə Qafarova həmin təcrübəsini Milli Məclisdəki fəaliyyətinə yüksək səviyyədə tətbiq etməyi bacardı.

Müharibə davam edən müddətdə Sahibə Qafarovanın İsrailin, Kolumbiyanın, Yaponiyanın, Macarıstanın, Qətərin, Çinin, Latviyanın, Çexiyanın, Əlcəzairin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirləri ilə rəsmi görüşləri zamanı xanım spiker Ermənistanın törətdiyi cinayətlərlə bağlı səfirləri məlumatlandıraraq Azərbaycanın qərəzsiz mövqeyini ön plana çəkmiş və Azərbaycanla həmin ölkələr arasındakı gələcək münasibətləri müzakirə edib.

Sahibə Qafarova ilə ölkəmizdə səfərdə olan Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin başçılıq etdiyi nümayəndə heyəti arasında baş tutan rəsmi görüşdəki qətiyyətli mövqeyi də müsbət qarşılanıb. İctimaiyyətə məlumdur ki, Azərbaycanla Ermənistan arasındakı bu mübarizədə Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öz mandatına uyğun olmayaraq birtərəf mövqe nümayiş etdirdi. Sahibə Qafarovanın Fransanın nümayəndə heyətinə söylədikləri, bir növ, onların sərgilədiyi qərəzli mövqeyə cavab idi. Birinci növbədə, Fransa ilə Azərbaycanın tarixi əlaqələrindən söhbət açan xanım spiker həm Heydər Əliyevin hakimiyyəti dövründə, həm də İlham Əliyevin hakimiyyəti illərində Fransa ilə iqtisadi-ictimai münasibətlərin yüksək səviyyədə olmasından danışıb. Lakin bu münaqişədə Fransanın mövqeyindən təəssüflənən Sahibə Qafarova qeyd edib ki, "Müxtəlif səviyyələrdə əlaqələrimizin mövcudluğuna baxmayaraq, Fransa tərəfi, o cümlədən, Fransa dostluq qrupunun sədri bu məsələdə Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə etməyib. Əksinə, bir sıra yüksək səviyyəli Fransa rəsmilərinin dilindən Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən fikirlər səslənib. Bu ölkənin Avropa və Xarici İşlər üzrə naziri Jan-İv Lö Drianın son bəyanatı isə Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayan, tamamilə qərəzli xarakter daşıyır. Bütün bunlar, təbii olaraq, Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Azərbaycan beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib. Bu, ölkəmizin qanuni haqqıdır". Eyni zamanda, Sahibə Qafarova bu fikirlərinin Fransa Milli Assambleyasında səsləndiriləcəyinə inamını ifadə edib.



Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinə yolladığı məktub da xüsusi əhəmiyyət kəsb edir. ATƏT-in Minsk qrupunun həmsədr üzvü kimi Rusiya Federasiyasının məsələdən olduğu kimi xəbərdar olması mühüm fakt idi. Bu müraciətdə əsas məqam Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edib və orada qondarma, separatçı qurumun başçısı ilə görüşərək bir sıra təxribatçı fikirlər səsləndirməsi idi.  Sahibə Qafarova məktubda qeyd edib ki, Dövlət Dumasının deputatı tərəfindən separatçı rejimin nümayişkaranə şəkildə dəstəklənməsi bizdə dərin təəssüf və qınaq doğurur.

Bundan əlavə, Azərbaycan Respublikasının Milli Məclisinin bir çox deputatları ayrı-ayrılıqda yerli və xarici KİV-də lazımi çıxışlar edərək fəallıq göstəriblər.

Bütün bu operativ və məhsuldar fəaliyyət Milli Məclisin dinamik bir quruma çevrildiyi sübut edir. Xalqın etimadını qazanmaq və hakimiyyətin siyasətinə sadiq qalaraq eyni istiqamətdə irəliləmək Milli Məclisə olan etimadı daha da sarsılmaz edir. Bu kimi amillər qalibiyyətimizi şərtləndirən ən mühüm faktorlardandır.

 





04.12.2020    çap et  çap et