525.Az

AMEA Elmi kitabxanasında şəhidlərin xatirəsi anıldı


 

AMEA Elmi kitabxanasında şəhidlərin xatirəsi anıldı<b style="color:red"></b> Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür. Anım günü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında tədbir keçirilib.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, çıxış edən MEK-in direktoru, professor Məmməd Əliyev sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhəboyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra Şanlı Ordumuzun əks hücumu nəticəsində düşmənə layiqli cavab verildiyini, rəşadətli Ordumuzun şücaəti və cənab Prezidentin uğurlu diplomatiyası sayəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.

Direktor bildirib ki, Qarabağ bizim doğma dədə-baba torpağımızdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bizim mübarizəmiz haqq mübarizəsidir. Qeyd olunub ki, hərbi əməliyyatların başlandığı ilk gündən Azərbaycan xalqı Ali Baş Komandanımızın ətrafında sıx birləşdi.

Direktor həm də, Mərkəzi Elmi Kitabxananın öz yaxınlarını və doğmalarını müharibə zamanı itirən əməkdaşlarına baş sağlığı verərək, şəhidliyin ən uca zirvə olduğunu və əziz xatirələrinin hər bir vətəndaşımız tərəfindən tarix boyu anılacağını bildirib.

Sonra Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bu gün saat 12:00-da bir dəqiqəlik sükutla yad edilməsi haqqında Sərəncam imzalayıb. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub.
Vətənin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!




 





04.12.2020    çap et  çap et