525.Az

İsa Həbibbəyli Beynəlxalq konfransda çıxış etdi


 

İsa Həbibbəyli Beynəlxalq konfransda çıxış etdi<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Türkmənistanın daimi birtərəflik statusu qazanmasının 25 illiyinə həsr olunmuş “Bitərəf Türkmənistan-YUNESKO: tarixi-mədəni beynəlxalq əlaqələr” adlı Beynəlxalq onlayn konfransa qatılıb.
 
525.az-a verilən məlumata görə Akademik konfransdakı çıxında qeyd edib ki, XX əsrin sonlarında – 22 avqust 1990-cı ildə suverenliyini elan edən Türkmənistan, keçmiş sovetlər birliyinin dağılması ilə yaranan tarixi şərait nəticəsində dövlət müstəqilliyini bərpa edib, 1991-ci il oktyabrın 27-də tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etib. “Türkmənistanın Müstəqilliyi və dövlət quruculuğu prinsipləri haqqında” 27 oktyabr 1991-ci il Konstitusiya Qanununa və 18 may 1992-ci il tarixli (26 sentyabr 2008-ci il tarixli yeni redaksiya) Türkmənistan Konstitusiyasına uyğun olaraq Türkmənistan demokratik, hüquqi və dünyəvi dövlətdir.

Türkmənistan 1992-ci il martın 2-dən Birləşmiş Millətlər Təşkilatının üzvüdür. BMT-nin yaradılmasının 50-ci ildönümü ərəfəsində təşkilatın Baş Assambleyası 12 dekabr 1995-ci il tarixdə Təşkilatın  üzvü olan 185 dövlətin yekdilliklə səsverməsi nəticəsində “50/80 A” nömrəli “Türkmənistanın daimi Bitərəfliyi” adlı xüsusi qətnamə qəbul etmişdir. Beləliklə, bütün dünya tərəfindən dəstəklənən Türkmənistan həmin gündən daimi Bitərəflik statusu qazanmışdır. 2015-ci ildə BMT Baş Assambleyasında Türkmənistanın neytral statusuna dəstək ifadə olunan yeni qətnamənin yekdilliklə qəbul edilməsi, onun regionda və dünya arenasında əhəmiyyətli rolunun etiraf edilməsi də Türkmənistanın düzgün seçiminin əyani sübutudur.



Akademik İsa Həbibbəyli əlavə edib ki, xalqlarımız arasındakı çoxcəhətli əlaqələrin böyük təməlləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevlə Türkmənistan Respublikasının Prezidenti hörmətli Qurbanqulu Berdiməhəmmədov arasındakı qarşılıqlı hörmət və etimad çoxcəhətli əlaqələrimizi bütün sahələrdə yüksək templərlə inkişaf etdirməkdə mühüm rol oynayır. İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin ən gözəl nümunəsi kimi 2009-cu il noyabrın 3-dən 6-dək Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin, 2010-cu il noyabrın 3-dən 6-dək isə Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin keçirilməsini göstərmək olar. Mütəfəkkir türkmən şairi Məhtimqulu Fəraqinin anadan olmasının 290 illik yubileyinin 2014-cü ildə həm Azərbaycanda, həm də Türkmənistanda yüksək səviyyədə keçirilməsi və həmin tədbirlərdə Azərbaycan alimlərinin yüksək səviyyədə elmi məruzələrlə çıxışı Azərbaycan-Türkmənistan ədəbi əlaqələri sahəsində ən yaddaqalan hadisə olmuşdur.

Elmi-ədəbi əlaqələrin tarixçəsinə toxunan akademik bildirmişdir ki, Türkmənistan Respublikasının Prezidenti hörmətli Qurbanqulu Berdiməhəmmədovun 2019-cu ildə Azərbaycan Respublikasına səfəri zamanı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər Akademiyası Məhtimqulu adına Dil, ədəbiyyat və milli əlyazmaları İnstitutu arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması elm sahəsindəki inkişafımızın mühüm nailiyyəti sayıla bilər. Son illərdə akademik İsa Həbibbəylinin redaktorluğu ilə İnstitutumuzun əməkdaşı İsmixan Osmanlı tərəfindən hazırlanmış “Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında (məqalələr toplusu) (2017), İsmixan Osmanlı və Föhfə Talıbovanın birlikdə hazırladığı “Azərbaycanda Məhtimqulu Fəraqinin ədəbi irsinin nəşri və tədqiqi. Biblioqrafiya” (2018), professor  Məmməd Əliyevin “Məhtimqulu Fəraqi şeirinin poetikası” (2018), İsa Həbibbəyli və İsmixan Osmanlının “Məhtimqulu Fəraqi və Azərbaycan” (2019) adlı monoqrafiyalarının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilməsi Azərbaycan-Türkmənistan arasındakı ədəbi-mədəni əlaqələrinin müstəqillik illərində daha da inkişaf etdiyini göstərir.

 





04.12.2020    çap et  çap et