525.Az

Pandemiya ilə mübarizədə də yeni dövr - Sosial şəbəkədə yazılanlar


 

Pandemiya ilə mübarizədə də yeni dövr - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Turan İbrahimov, jurnalist:

- Baxıram, karantin qaydalarının daha da sərtləşdirilməsinin mümkünlüyü haqqında cəmiyyətin nəbzini yoxlayırlar.

Hazırda onsuz da sərt rejimdəyik.

Əhalinin böyük qismi olduqca acınacaqlı durumdadır. Həm maddi, həm də psixoloji. Vətən müharibəsi, qazanılan qələbə ümumi, müsbət əhval-ruhiyyə yaradıb. Amma bu əhval-ruhiyyə də bir yerə qədərdir. Qarın doyurmur.

İnsanların iş yerləri bağlı, açıq olanların gəlirləri minumum, üstəlik də, olan-qalan yığımlar tükənib. Bu məsələ hər kəsə 190 AZN paylansa belə, öz həllini tapan deyil. Bu üzdən də, "daha da sərt qaydaların tətbiqi zəruridir" mövzusunu yenidən gündəmə gətirib insanların əsəbi ilə oynamayın.

Sərtləşdirdik, sərtləşdirdilər, nə oldu? Hansı ölkə konkret nəyə nail oldu ki, biz də nəyəsə nail olaq?

Bu virus ya kütləvi vaksinləşmə olacağı halda yox olacaq, ya da məlum qaydalara riayət edərək hər bir şəxs öz başının çarəsinə baxmağı öyrənəcək. Başqa variant yoxdur.

Maska, insanların sıxlığını, birbaşa təmasını azaldacaq məcburiyyətlər olsun, amma insanların işləyib, qazanıb dolanmasının qarşısı alınmasın. Onsuz da saat 21:00-dan sonra hamı evindədir. Şənbə-bazar demək olar ki, gediləsi yer yoxdur. Daha bundan da sərt nə olmalıdır ki?

Məncə, dövlət artıq real, rasional davranma yolunu tutmalıdır. Məsuliyyəti birbaşa cəmiyyətin, fərdlərin üzərinə qoymağın vaxtı çoxdan çatıb. Əks halda sözün birbaşa mənasında, insanları aclıq və bekarçılıq öldürəcək.

Ac və bekar kütlə adətən məntiqlə yox, instinktlə hərəkət edir ki, o da ayrı bir dərddir.

Müşfiq Şükürov, filosof:

- Risk edib açıq deyəcəm. Bakıda türk bayraqları ilə yanaşı, rus bayrağının da görünməsi normal, siyasi addımdır. Rusiya Qarabağ probleminin nizamlanmasının son mərhələsində bizim üçün önəmli iş görür:

1. Erməni əhalimizi sakitləşdirir və Azərbaycan idarəçiliyinə hazırlayır. Bizi mümkün "etnik təmizləmə" ittihamindan sığortalayır.

2. Naxçıvan dəhlizinə qarantör durur.

3. Ermənistanın müharibədən çəkilməsini təmin edir. Yenə demək olar. Amma bunlar da bəsdir.

Rusiya ilə Azərbaycanın münasibətləri xoş qonşuluq olmalıdır. Və Rusiya da bunda maraqlıdır.

Rusiyaya qıcıq nədən qaynaqlanır?

1. Xalqın içərisindəki qorxulardan, Gürcüstandakı sülhməramlı missiyanın acı xatirəsindən doğan frustrasiyalardan. Bunun üçün də Türkiyə yanımızda olacaq.

2. Ənənəvi müxalifət Prezidentin planının alınmamasında maraqlıdır (Qulaqlarını kəsməyə hazır olanlar az deyildi). Ona görə antirusiya əhvallarının qızışdırılmasına sevinirlər. Fərqindədirlər ki, Rusiya bu mərhələdə Azərbaycan və Türkiyə ilə birlikdə çıxış edir və bu işlərin alınmamasında maraqlıdırlar.

Bütün bu səbəblərdən Rusiya bayraqlarının görünməsinə pis baxmıram. Rusiya ilə münasibətlərin qorunmasında maraqlıyıq.

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Mətbuatda və sosial şəbəkədə tez-tez "erməni faşizmi" ifadəsinə təsadüf olunur. Şübhəsiz, faşizm bəşəriyyətin ən böyük üz qarasıdır.

Lakin erməni şovinistlərini "faşist" adlandırmaqla əslində, Hitler və Mussolini faşizmini təhqir etmiş oluruq. Çünki ermənilərin törətdikləri vəhşiliklərin yanında faşistlərin əməlləri çox solğun görünür. Həm də alman və italyan faşizmi öz layiqli cəzasını alıb, tarixin zibilliyinə atılıb, əbədi lənət qazanıb.

Hitler az qala, bütün Avropanı işğal etmişdi. Amma bu ölkələrdə insanlar alman idarəçiliyi altında, çətinlik və məhrumiyyət içərisində də olsa, öz adi həyatlarını yaşayırdılar.

Ari irqindən sayılmayan slavyan ölkələrinin mülki vətəndaşları da total etnik təmizləməyə, kütləvi terrora məruz qalmamışdılar.

Kənd və şəhərlərində yaşayırdılar, təsərrüfatlarında işləyirdilər, öz polisayları ictimai qayda-qanuna nəzarət edirdi.

Məktəblər, xəstəxanalar, kilsələr, hətta teatrlar bağlanmamışdı. Mədəni-kütləvi tədbirlər yasaq edilməmişdi.

İtalyan faşistlərinin nəzarətinə keçən Efiopiyada yüzlərlə kilometr yol çəkilmiş, artezian quyuları qazılmış, məktəb və xəstəxanalar tikilmişdi. Efioplar ali təhsil almaq üçün Romaya gəlirdi...

Bütün bunların ən kiçik işartıları torpaqlarımızı 30 ilə yaxın bir müddət ərzində işğal altında saxlayan ermənilərdə vardımı? Qətiyyən! Onların türk və insan düşmənliyinin, qeyri-adi barbarlıq və vəhşiliyinin analoquna dünya tarixində təsadüf olunmur.

Ona görə də "erməni faşizmi" deyil, sadəcə "ermənilik" desək, bəlkə də bu qeyri-insani toplumun mahiyyətini, məzmununu daha dəqiq ifadə etmiş olarıq.

***

 - Dünən Vikipediyada üzdəniraq, qondarma "Dağlıq Qarabağ Respublikası" məqaləsinə baxırdım.

1994-2020-ci illərdəki ərazisi 11432 kv.km. göstərilib.

1 dekabr 2020-ci ildən sonrakı ərazi isə 3170 kv.km-dir. (Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4400 kv.km. idi). Yəni ərazimizin təxminən 4 faizinə müvəqqəti nəzarət etmirik.

Heç kimin başının altına yastıq qoymaq istəmirəm.

Amma 8 min kv.km. torpağımızı arxalı düşmənin çaynağından xilas edən dövlətimiz və ordumuz bu işə də mütləq bir çarə qılacaq.

İndi yeganə hədəfimiz qüdrətli ordusu, böyük iqtisadiyyatı, korrupsiyasız cəmiyyəti olan güclü, nüfuzlu Azərbaycan quruculuğu yolundakı səyləri daha uğurla davam etdirməkdən ibarət olmalıdır.

Ramilə Qurbanlı, jurnalist:

- Daha rahat ölə bilərəm, deyəcəkdim, amma Qarabağı abad da görmək istərdim. Yurdumdan reportaj arzum var e... qovruluram həyata keçirmək üçün... Qatarla Bakıdan Naxçıvana getmək istərdim, Şuşada, Kəlbəcərdə bircə məzuniyyətimi keçirmək istərdim. Kəndimizdə, evimizdə bir gecə, bir gündüz (çox demirəm) qalmaq istərdim - o havanı, suyu dadmaq, qurbağaların qurultusunu, cırcıramaların nəğməsini dinləmək istərdim, məhz orda. Babalarımın məzarının bərpa olunduğunu... Xankəndidə, Xocalıda bayrağımızın dalğalandığını, o torpaqlardan istənilən məramlıların yox olduğunu da həmçinin... görmək istərdim.

Bəhruz Həsənov, jurnalist:

- Professor Adil Allahverdiyev görkəmli azərbaycanlı, böyük alimdir. O, 20 ildən artıq Türkiyədə fəaliyyət göstərib, Türkiyə elminin inkişafına böyük töhfə verib. Alimin Naxçıvandan Bakıya, Bakıdan Moskvaya, ordan isə İstanbula uzanan şərəfli ömür yolu çoxları üçün nümunə olmalıdır. Həmçinin, Adil müəllim Türkiyədə Azərbaycanın könüllü səfiri kimi çalışırdı. İstər tələbələr, istərsə rəsmi dairələr ölkəmizlə bağlı istənilən tədbir, etkinlik zamanı ilk olaraq ona üz tutublar. İndi onun Operativ Qərargahın brifinqində çıxışı zamanı türkcə kəlmələr işlətməsi bəziləri üçün narahatlıq doğurub deyəsən. Nə etməli idi? Rusca danışmalı və ya terminlər işlətməli idi? Professor neçə 10 ildir ki, Türkiyənin müxtəlif universitetlərində mühazirə oxuyur, təbii, müəyyən söz və ifadələr qarışacaq və brifinq əsnasında hiss edilir ki, var gücü ilə nitqini uyğunlaşdırmağa çalışır. Yenə də sağ olsun ki, doğma Naxçıvan ləhcəsini qoruyub saxlayıb.

Adil Allahverdiyev kimi elm adamlarımızla qürur duyuram!

Arada Türk dilində danışdığı üçün isə ona ikiqat minnətdaram!

İbrahim Məmmədov, jurnalist:

- Böyük Britaniya dünyada birinci olaraq Pfizer-BioNTech-in vaksinini istifadə üçün bəyəndi. Gələn həftədən bütün ölkə üzrə yayılaraq tətbiqinə başlanacaq. Pandemiya ilə mübarizədə də yeni dövr başlanır.

Vəsilə Vahidqızı, teleaparıcı:

- Azərbaycan dünyada yeganə ölkədir ki, xəbər proqramları və ciddi müzakirələr heç nədən anlayışı olmayan cücə qızlara etibar edilib. Bu işin əsasını qoyanların Allah bəlasını versin. Ağıllı, yetişmiş adamları, oturuşmuş beyinləri kənarda qoyub bada verdilər. Adam ağıllı söz eşitmək istəyir, təhlil görmək istəyir, kiməsə inanmaq istəyir. Təəssüf. Pult icad edənlərə hər gün rəhmət oxuyuruq.

Asif Nərimanlı, jurnalist:

- Bütün əsirlərimizin qaytarılması üçün unikal şans...

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Rusiya səfiri Serqey Kopırkinlə görüşdə əsirlərin qaytarılması məsələsində "hamının hamıya" prinsipini təklif edib.

Rəsmi Bakı indiyə qədər bu prinsipi əsas götürürdü, İrəvan razılaşmırdı.

İndi Ermənistanın "hamının hamıya" prinsipini əsas götürməsinin səbəbləri var:

1. 44 günlük müharibədə erməni əsirlərin sayı çoxdur;

2. Paşinyan əsirlərin qaytarılması ilə ona qarşı narazılığı müəyyən qədər də olsa azaltmaq istəyir;

Bunu bizim üçün yaxşı imkan hesab edə bilərik.

- Dilqəm Əsgərov və Şahbaz Quliyevi;

- Müharibədə əsir düşən hərbçilərimizin hamısını;

- Hətta I Qarabağ müharibəsi zamanı əsir düşənləri də (indiyə kimi sağ qalanları) qaytara bilərik;

Vüsalə Mahirqızı, jurnalist:

- Koronavirus təhlükəsi hər gün artır. Xəstəxanalarda yer tapmaq çətinləşir. Həkimlər çatdırmır. Bu gün tanınmış vəkil Adil İsmayılovu da bu xəstəlik səbəbindən itirdik.

Bir neçə gün əvvəl APA özü də koronavirusdan əziyyət çəkmiş həkim Cavid Paşayevdən geniş müsahibə almışdı. Doktor demişdi ki, bu proses başlayanda hər evdə koronavirusa yoluxmuş şəxs olacağı proqnozu verilirdi. İndi hər ailədə koronavirus itkisi ola biləcəyi proqnozlaşdırılır. Açığı, doktorun proqnozunu çox bədbin hesab eləmişdim. Amma görünür, o, daha real baxır. Hər gün qohumda, dostlarda, cəmiyyətin tanınmış adamları arasından bu xəstəlikdən ölüm xəbərləri gəlir. Yoluxma məsələsi artıq adiləşib.

Dünyada təkrar yoluxma barədə xeyli faktlar açıqlanıb. Demək ki, biz bu virusla yaşayacağıq.

Qapanmaq, qapatmaq yalnız xəstəxanalarda yer boşalması və vaxt qazanmaq, tibbi heyət ehtiyacının qarşılanması, ümumilikdə işçi qüvvəsinin tam sıradan çıxmaması üçün hələlik yeganə yoldur. Amma həmişəlik ola bilməz. Davamlı özünütəcrid cəmiyyətləri də, iqtisadiyyatları da çökdürər. Dünya buna nə çözüm tapacaq, görən?

 





04.12.2020    çap et  çap et