525.Az

Alban məbədlərinin ermənilərlə heç bir əlaqəsi yoxdur - Şərh


 

İLAHİYYAT İNSTİTUTUNUN REKTORU AQİL ŞİRİNOV: "BU ABİDƏLƏR TİKİLƏN DÖVRDƏ QAFQAZDA ERMƏNİLƏR YAŞAMIRDI"

Alban məbədlərinin ermənilərlə heç bir əlaqəsi yoxdur - <b style="color:red">Şərh</b>

Azərbaycanın işğaldan azad olunan ərazilərində qədim Alban mədəniyyətinə, zəngin memarlıq irsinə aid xeyli sayda məbəd, kilsə və monastırı var. Bu məbədlərin çoxu mənfur ermənilər tərəfindən dağıdılıb, talan olunub.

Alban məbədlərinin üzərindəki əlyazmaların orijinalları hamısı ermənilər tərəfindən məhv edilib. Alban kilsələrində demək olar ki, alban dilində yazı nümunəsi qalmayıb. Ermənilər bununla da Qafqaz Albaniyasının tarixinə məxsus maddi-mədəni irsi saxtalaşdırmağa və Albaniyanı "özününküləşdirməyə" çalışıblar.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyir ki, ermənilər həmişə öz uydurduqları hekayətləri tarixi reallıq kimi təqdim etməyə çalışıblar. Hətta öz köklərini belə, əfsanələrə istinadən əsaslandırmağa çalışırlar: "Ermənilər ümumən Qafqaz Albaniya irsini özününküləşdirməyə çalışır, lakin bunu həqiqə elmə yox, psevdo-elmi dəlillərlə əsaslandırmağa cəhd edirlər. Kəlbəcər rayonunda bu yaxınlarda saxta tarixi daşların hazırlandığı müəssisənin aşkarlanması onu göstərir ki, ermənilər bu işdə professionaldırlar. Bu müəssisədə üstünə erməni-qriqoryan xaçının həkk olunduğu daşlar kimyəvi məhsulda saxlanılaraq rəngi dəyişdirilib qədim daşlara bənzədilir və daha sonra həmin daşlar yerə basdırılır ki, gələcəkdə arxeoloqlar onları aşkar etdikdə ermənilərə məxsus olduğunu görsünlər. Lakin ermənilər anlamırlar ki, elm artıq çox inkişaf edib və istənilən tarixi abidənin yaşını dəqiq şəkildə müəyyənləşdirmək mümkündür. Ermənilərin əsas məqsədi alban irsini tamamən inkar etmək və beləcə Azərbaycan ərazisində olan xristian abidələrini guya "Şərqi Ermənistan"a məxsus tarixi nümunələr kimi göstərməkdir. Halbuki qeyd etdiyim kimi, bu iddianın heç bir tarixi əsası yoxdur. Məsələn, indi onlar iddia edirlər ki, Xudavəng məbədi erməni qriqoryan kilsəsinə məxsus dini abidədir. Tarixə nəzər yetirdikdə isə bu abidənin albanlar tərəfindən inşa edildiyini görürük. Üstəlik, əgər Xudavəng onların abidəsidirsə, o halda niyə bu məbəd əsrlərdir boş qalmışdı? Niyə ermənilər gəlib bu məbəddə ibadət etmirdilər? Abidəni min ildir ki, müsəlman azərbaycanlılar qoruyub saxlayıb. Ermənilər isə yalnız Kəlbəcər işğal olunandan sonra Xudavəngi kilsə kimi istifadə etməyə başlayıb və onu qriqoryanlaşdırmağa çalışıblar. Bütün bu faktlar onu göstərir ki, ermənilərin iddiaları nə tarixə, nə də reallığa uyğun gəlir".

Dağlıq Qarabağ ərazisindəki Alban məbədlərinin daşları üzərində həkk etdikləri saxta cizgilərlə, yazılarla albanlara məxsus abidələrin ermənilərə aid olması ilə əlaqədar fikirlər irəli sürürlər.

Rektorun sözlərinə görə, bunun əksini sübut edən tarixi faktlar kifayət qədərdir. Ermənilər nə qədər saxtalaşdırmağa çalışsalar da, bu abidələrdə alban izi hələ də qalmaqda davam edir. Kəlbəcər ərazisindəki Xudavəng monastırı, Ağdərədəki Gəncəsər monastırı və Müqəddəs Yelisey məbəd kompleksində, Laçın rayonundakı Ağoğlan məbədində, Azərbaycanın digər yerlərində və bugünkü Ermənistandakı alban məbədlərində bu izlər bariz şəkildə qalmaqdadır: "Əvvəla alban memarlığı ilə erməni memarlığı üslub baxımından bir-birindən fərqlənir. Həmçinin, alban xaçı öz spesifikliyi ilə erməni xaçından və digər xristian məzhəblərinin xaçlarından fərqlənir. Alban xaçı xristianlığaqədərki günəş və ay ornamentlərini də ehtiva edir. Həmçinin, ölçü baxımından da alban xaçdaşları və erməni xaçkarları bir-birindən fərqlənir. Alban xaçdaşlarının hündürlüyü enindən bir neçə dəfə artıq olurdu. Erməni xaçkarlarının isə hündürlüyü enindən bir az artıq olurdu. Mütəxəssislər bu iki xaçı açıq şəkildə bir-birindən fərqləndirə bilirlər".

Ermənistanın Azərbaycana qarşı təcavüzündən sonra ermənilər işğal altındakı bütün Alban məbədlərini qriqoryanlaşdıraraq özününküləşdiriblər. Bu məqsədlə Alban kilsələrinin o cümlədən, Xudavəng, Gəncəsər və Ağoğlan məbədlərinin interyerinə, ornamentlərinə və bədii daş nümunələrinə dəyişikliklər ediblər.

A.Şirinov bilirib ki, ermənilər restavrasiya adı altında bu abidələrdə dəyişikliklər edərək alban izlərini silməyə çalışıblar. Bu məqsədlə sözügedən məbədlərə qriqoryanlığa məxsus motivləri əlavə ediblər: "Ancaq qeyd edim ki, memarlıq və tarix öz sözünü deyir. Nə qədər dəyişdirməyə çalışsalar da, bu məbədlər hələ də ilkin memarlıq üslublarını qoruyurlar. Tam dəyişdirmək üçün gərək o məbədləri tamamilə dağıdıb, yerində memarlıq üslubu baxımından yeni məbədlər tiksinlər. Tarixə də nəzər salsaq görərik ki, qeyd olunan məbədlərin hamısı albanlar tərəfindən inşa olunub. Məsələn, götürək VIII-IX əsrlərdə albanlar tərəfindən inşa edilməyə başlanılan, daha sonrakı dövrlərdə başqa məbədlərin də əlavə olunduğu Xudavəng monastır kompleksini. Məşhur alban tarixçisi Mxitar Qoşun (1120-1213) verdiyi məlumata əsasən, bu məbədin əsasının qoyulması ilkin xristian təbliğatçılarının Qafqaz Albaniyasında təbliğat fəaliyyəti ilə məşğul olduğu dövrə təsadüf edir. Fikir verirsəniz, burada məhz Albaniyadkı təbliğatdan söhbət gedir, Ermənistandakı deyil. Ermənilər o dövrdə nəinki Qarabağ, bugünkü Ermənistanda belə, yaşamayıblar. Bu kompleksin ən önəmli abidələrindən olan Arzuxatun kilsəsini 1214-cü ildə Yuxarı Xaçının alban knyazı Vaxtanq Taqavoraznın (ö.1214) həyat yoldaşı Arzu Xatun tikdirmişdir. Gəncəsər monastırının əsas kilsəsi olan Müqəddəs İohann kilsəsi isə yenə məşhur Xaçın knyazı Həsən Cəlalın (1215-1261) əmri ilə 1216-1240-cı illər ərzində inşa olunmuş və inşası bitdikdən sonra şəxsən Albaniya Katalikosu II Nersesin və onunla birlikdə 400 keşişin iştirakı ilə açılıb. Kilsənin narteksi də Həsən Calalın ailəsi tərəfindən inşa etdirilib. Laçın rayonunda Ağoğlan çayının sahilində yerləşən Ağoğlan məbədi də həmçinin. Bu məbəd də albanlar tərəfindən qədim bütpərəst məbədinin üzərində inşa olunub. Kəlbəcərdəki Kolatağ və Çərəkdar monastırları, Tərtər rayonunun Suqovuşan və Təpəkənd kəndləri arasında yerləşən Müqəddəs Yelisey monastırı və Qarabağda mövcud olan digər tarixi xristian dini abidələri Qafqaz Albaniyasının mirasıdır və onların ermənilərlə heç bir əlaqəsi yoxdur. Ən azından ona görə ki, bu abidələr tikilən dövrdə Qafqazda ermənilər yaşamırdı".

Azərbaycan hökuməti Şəkidə və Qəbələdə alban kilsələrini bərpa etsə də, Alban dini mərkəzi hələ də Rusiya qərarına əsasən, erməni kilsəsinə tabedir. Bu tarixi ədalətsizliyi aradan qaldırmaq və bunu dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan hökuməti tərəfindən lazımi işlər görülüb.

Rektorun sözlərinə görə, hökumət bu sahədə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir: "Qeyd etdiyiniz kimi, Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən və bəzi tədqiqatçılara görə, Qafqazın ilk kilsəsi olan Müqəddəs Yelisey kilsəsi, eləcə də Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Cotari Alban-Udi kilsəsi başda olmaqla Qafqaz Albaniyasına məxsus çox sayda dini abidə dövlət tərəfindən təmir olunub. Bu proses indi də davam etməkdədir. Qədim alban kilsələri və monastırları dövlət hesabına restavrasiya olunur. Bu da Azərbaycan hökumətinin qədim Alban İrsinə verdiyi dəyəri göstərir. Ölkə başçısı dəfələrlə öz çıxışlarında Qafqaz Albaniyası irsinin bizim üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 25 noyabrda Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə xalqa müraciətində də "Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq" deməklə Azərbaycan hökumətinin alban irsinə verdiyi dəyəri bir daha dilə gətirib.

Alban kilsəsini xristian dünyasında müstəqil kilsə kimi qəbul etdirməyə gəlincə, onu qeyd edim ki, bu, birbaşa hökumətin işi deyil. Bildiyiniz kimi, Qafqaz Alban Kilsəsinin mənəvi varisləri olan udilər Azərbaycanda yaşayırlar. Onlar kompakt halda Qəbələ rayonu Nic qəsəbəsində və qismən də Oğuz rayonunda məskunlaşıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban-Udi xristian icmasını qeydiyyata alıb. Bildiyimiz kimi, Rus Çarı I Nikolayın 11 mart 1836-cı il Fərmanı əsasında Rusiya Senatı 10 aprel 1836-cı il tarixli Əsasnamə ilə Alban Apostol Kilsəsini erməni-qriqoryan kilsəsinin idarəçiliyinə verərək Alban kilsəsinin fəaliyyətinə xitam verib. Çar Rusiyası tərəfindən verilmiş və heç bir əsası olmayan bu qərar artıq etibarlı sayıla bilməz. Alban kilsəsinin mənəvi varisləri olan udilər özlərini heç vaxt qriqoryan kilsəsinə bağlı hiss etməyiblər. Yaxşı olar ki, Alban-Udi icması bu işlə məşğul olsun və xristian dini mərkəzlərində bu kilsənin tanınmasına nail olsun. Məndə olan məlumata görə, Alban-Udi icması bu sahədə işlər görür. Bu işləri intensivləşdirərək gələcəkdə sözügedən tarixi kilsənin tanınmasına və mən deyərdim ki, haqqının geri verilməsinə nail olmaq lazımdır".

A.Şirinov vurğulayıb ki, Alban məbədləri ilə bağlı tarixi ədalətin bərpa olunması üçün tarixçilərimiz və dini icmalarımız üzərinə müəyyən vəzifə düşür. İlk növbədə alban tarixinin təfərrüatı ilə araşdırılması və bu araşdırmaların xarici dillərdə sanballı nəşriyyatlarda yayımlanmasına ciddi ehtiyac var: "Ölkəmizdə qabaqcıl albanşünas alimlər var və bu alimlərin Azərbaycan və rus dillərində sanballı tədqiqat əsərləri dərc olunub. Bu tədqiqatların xüsusən ingilis, fransız və digər dünya dillərinə tərcümə edilərək Qafqaz Albaniyası irsinin dünya səviyyəsində tanıdılması böyük zərurət kəsb edir. Bu sahədə müəyyən işlər görülüb, ancaq fəaliyyətlərin intensivləşdirilməsinə ehtiyac var. Dini müstəviyə gəlincə isə, qeyd etdiyim kimi, bu işdə dini icmalar aktiv olmalıdırlar. Xüsusən ölkəmizdə fəaliyyət göstərən xristian dini icmaları sözügedən kilsənin tanıdılmasında Alban-Udi icmasına beynəlxalq səviyyəli platformalarda dəstək versələr, bu işdə də irəliləyişlərə nail olmaq mümkün olar. Çox təəssüf ki, dünyada mövcud olan xristian kilsələrinin mənsubları arasında Alban kilsəsi haqqında məlumat əskikliyi var. Halbuki bu kilsə Apostol kilsəsi olmaqla ümumxristian tarixi baxımından da əhəmiyyət kəsb edir. Bu əskikliyin aradan qaldırılmasında və sözügedən kilsənin tanıdılmasında ölkəmizdə fəaliyyət göstərən xristianyönümlü dini icmalar mühüm rol oynaya bilərlər".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin Alban mədəniyyyətinə aid məbədlərin ölkədəki Azərbaycan Alban-Udi Xristian Dini İcmasının ixtiyarına verilməsi təklifinə gəlincə, A.Şirinov deyib ki, o, şəxsən bu ideyaya müsbət yanaşır və bunun faydalı olacağını düşünür: "Qeyd etdiyim kimi, Alban-Udi Xristian Dini İcması Qədim Qafqaz Alban Apostol Kilsəsinin mənəvi varisidir və əgər sözügüdən kilsələr hansısa icmanın nəzarətinə veriləcəksə bu, ilk növbədə Alban-Udi icmasının haqqıdır. Qeyd edim ki, Alban-Udi icması alban məbədlərinin ermənilər tərəfindən dağıdılmasını və qriqoryanlaşdırılmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində çox işlər görüb və görməkdə davam edir. Bu icmanın rəhbəri Robert Mobili ümumilikdə Qafqaz Albaniyası tarixinə və xüsusən də alban kilsəsinin tarixinə kifayət qədər bələddir. Əminəm ki, sözügüdən icmanın Alban kilsəsinin dünyada tanıdılmasına yönələn fəaliyyəti bundan sonra da artan templə davam edəcək və öz səmərəsini verəcək. Lakin onu da vurğulamaq istərdim ki, Alban mədəniyyətinə məxsus məbədlərin Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının ixtiyarına verilməsi ilə əlaqəli qərarı məsələnin müxtəlif aspektlərini dəyərləndirdikdən sonra aidiyyəti qurumlar verə bilər".

Sevinc QARAYEVA

 





04.12.2020    çap et  çap et