525.Az

Yazıq görünmək həvəsi - Məhsəti Musa yazır


 

Yazıq görünmək həvəsi - <b style="color:red">Məhsəti Musa yazır </b>

Mən uşaq olanda bizə tez-tez bir qadın gəlirdi. Həmişə qəribə görünüşü ilə diqqət çəkirdi.

Ayağının birində uzunboğaz, digərində qısa boğazlı, yaxud birində qırmızı, birində mavi və  yırtıq-deşik corablar olardı. Baş barmaqları corabın cırığından tısbağa başı kimi çıxardı. Belinə yun şal, başına hər hansı bir köynək, jaket bağlayardı. Bəzən təzə aldığı paltarı da elə urvatsız geyinərdi ki, elə bilirdin zibillikdən tapıb. Bu qadın maddi cəhətdən imkanlı idi. Bacı-qardaşları da həmçinin. Müharibə və bundan  sonrakı ağır dövrlərdə - camaatın bir qarnı ac, bir qarnı tox yaşadığı vaxtlarda onlar məhz maddi  imkanlarına görə seçilirdilər. Yəni qadının əyin-başının pis olması imkansızlıqdan deyildi. Yaxınları qızıl dişin dəbdə olan vaxtı bir neçə dəfə onun dişlərini düzəltdirsələr də, qadın tezliklə dişlərini sökdürür, ağzını boş mağaraya oxşatmaqdan ləzzət alırdı. Hərəkətləri, davranışı, söhbətləri ilə həmişə bədbəxt obraz yaratmağa çalışırdı. Fikir vermişdim, həmin qadına kimsə "yazıq", "can ay bajı" deyəndə o bundan zövq aldığını açıq şəkildə hiss etdirir və dərhal çiyinlərini boğazına tərəf çəkir, qollarını  sinəsində çarpazlayır, belini qabağa, boynunu yana əyib məzlum görünüş alır, bu anın bir az da uzanmasına çalışırdı. Bəlkə nə isə gizli dərdi vardı deyə düşünə bilərsiniz. Ola bilər. Amma mənim müşahidə etdiyim bu idi ki, o qadının bu cür görünməkdən  çox xoşu gəlirdi. Lakin bunun kimə isə ziyanı yox idi. O, heç kimi mazoxist təbiətinə şərik etmirdi...

Bir də var xalqın ruhunu yazıqlaşdırmağa çalışanlar... 

Azərbaycan xalqı zamanla qalibiyyət və məğlubiyyətin hər ikisini dadıb. Lakin məhz birinci Qarabağ savaşından sonra məğlubiyyətin, itirməyin  bütün acısını hiss etdi. Onurğası əyildi. Elə əyildi ki, bir daha düzələcəyinə  çox az inamı qaldı. Biz xalq olaraq ağlamağa meyllənib özümüz haqda yalnız əskik fikirlərlə yaşayırdıq. Tədbirlərdə pafoslu çıxışlar edib qısa zamanda torpaqlarımıza qayıdacağımızdan danışsaq da,  reallıq budur ki, içimizdə özümüz öz fikrimizə kinayə ilə yanaşırdıq.  Zaman-zaman yarıtarixi, yarıəfsanəvi qəhrəman obrazları ilə özümüzü çox "şişirtdiyimizi " düşünürdük. Tanıdığımız, bildiyimiz ürəkli oğullar da birinci Qarabağ savaşında həlak olub getdi deyə düşünərək gələcəyə ümidsiz-ümidsiz boylanırdıq. Lakin təkcə Mübariz İbrahimov bu xalqın ümidsizliyinin üstünə bir sillə çəkərək onu oyatdı, "Özünə gəl, özünü tanı" dedi sanki. Bu sillənin təsiri keçib getmədi. Bəli, Mübariz İbrahimov film, nağıl qəhrəmanı  yox, bugünümüzün  real qəhrəmanı  idi.  Daha sonra Aprel döyüşləri  gözü açılmış ümidlərimizi  bir az da silkələdi, böyük qalibiyyətə elə inam yaratdı ki, artıq Tovuz döyüşlərində xalq özü ayağa qalxaraq haqq səsini ucaltmağa, səbrinin tükəndiyini, sadəcə bir əmrə bənd olduğunu bildirməyə başladı. Bəli, bu özünəinam idi. 30 il susub özünü qınamaqdan, özünü aşağılamaqdan, miskin görünməkdən  bezmiş xalqın özünə inamı, özünə qayıdışı idi. Rəhbərinə, Ordusuna güvənən, dövlətinin ətrafında yumruq olmağı bacaran  xalq vardı meydanda. Ölümün gözünə dik baxaraq yalnız irəli atılmağa hazır olan  xalq. Və qısa zamanda bu  birlik elə bir gücə çevrildi ki, illərin fəryadına, göz yaşına, ah-naləsinə, məzlumluğuna, qınağına son qoyuldu. Məhz bu ruh yüksəkliyi, bu inam sayəsində ordumuz  zəfər çalmağı bacardı. Hərbçilərimiz  özləri də dəfələrlə istər müsahibələri zamanı, istər özərinin çəkdikləri videogörüntülərdə  xalqın dəstəyindən çox böyük  güc aldıqlarını  vurğulayıblar. Müasir silahlar, qardaş ölkənin  dəstəyi... Təbii ki bunlar önəmliydi.  Amma ruh yüksəkliyi, özünəinam birinci şərt idi. İzləyirik, oxuyuruq, nə oğullar, nə igidliklər, nə tükürpədən hadisələr olub bu döyüşlərdə. Sən demə, saysız-hesabsız  Mübarizlər yetişirmiş bu torpaqda. Hər biri  tarix yazan mübarizlər. Düşmənin etirafları belə bizi özümüzə sevdirir. Heyrət, təəccüb bürüyür danışılanları eşitdikcə, yazılanları oxuduqca...

   Bir çox şəhid valideynləri övladı haqqında danışarkən etiraf edir: Mən təəssüf edirəm ki, oğlumu tanımamışam... Biz xalq olaraq da etiraf etməli oluruq ki,  özümüzü bugünkü qədər  tanımamışıq. Bu gün möhtəşəmik. Bu gün özümüz haqda fəxrlə danışırıq. Bu gün elə ruha köklənmişik ki, dağları yerindən oynada biləcəyimizə inanırıq. Fəqət... Bir vaxt işğal altında olan  torpaqlara qayıdacağımıza bütün ümidi üzülənlər bu gün bütöv rayonlarımızın işğalçılardan təmizlənməsini görmək istəmir, gələcək "təhlükə"lərdən danışır, insanların qələbə sevincini dəyərsizləşdirirlər. Məlum məsələdir, hər birimiz istəyərdik ki, ermənini öz yuvasınadək (hərçənd ki, o yuva da onların deyil) qovaq, əli əzizlərimizin qanına batmış bu məxluqları əbədi-əzəli  torpaqlarımızdan biryolluq süpürüb ataq. Kim arzulamırdı ki bunu? Amma özümüz də yaxşı bilirik ki, müəyyən səbəblərdən bu mümkün deyil və burada təkcə güclü olmaq yox, həm də uzaqgörən olmaq, hisslərə qapılmamaq, səhv etməmək, xalqın taleyi ilə oynamamaq lazımdır. Bundan əlavə, gəlin etiraf edək ki, digər ərazilərimizi də qan tökmədən, qurban vermədən azad etmək  asan iş deyildi. Bunun özü daha böyük qalibiyyətdir və indi biz illər sonra içimizdə yaranmış ruh yüksəkliyini, inamı, özünəgüvəni  qoruyub saxlamalı, yaşatmalıyıq ki, sonramızdan da əmin ola bilək. Birinci Qarabağ müharibəsi zamanı yaşadığımız dəhşətli faciələrdən sonra bu ruhu  yaratmaq bilirsiniz necə çətin idi?  Şair Cabir Novruzun misraları ilə desək: 

Millət əzər, əzilər də,
Kaş millətdə ruh yaşasın.
Əyri qəddi düzələr də,
Kaş millətdə ruh yaşasın... 

... Qüvvət ruhun gücündədir,
Qüdrət ruhun gücündədir.
Qeyrət ruhun gücündədir
Kaş millətdə ruh yaşasın.

Bəli, qüvvət ruhun gücündədir. Amma qələbə sevincini yaşayanlara, bunun nə olduğunu bütün varlığı ilə hiss edənlərə  yuxarıdan aşağı baxıb  "heç bilirsən bizi nə gözləyir?" deyənlər anlayırlarmı ki, onların bu təbliğatları  hələ gələcək üçün ehtimal etdiyi məsələlərdən daha təhlükəlidir  bu millət üçün?

30 illik xəcalətimizə, diligödəkliyimizə, boynubüküklüyümüzə son qoyulub ey...

Bilirsiniz bu nə deməkdir?

Bizim nəsil uşaqlar əsir düşmüş Azərbaycan əsgərini lağa qoyaraq onlara məcburən  əsgər marşımızı oxudan, insanlarımızı yandıran, baltalayan, süngüləyən, başını kəsən, gözünü çıxaran, minbir əziyyət verən, qızlarımızı, hətta körpələrimizi zorlayan, təhqir edən, torpaqlarımızı əlimizdən alan, bizi doğma ocağımızdan didərgin salan erməni  xofu ilə böyüdük. Biz bu faciələrdən sonra böyüklərdən ağlamağı, yas saxlamağı, göz yaşı tökməyi öyrəndik. Ruhumuz matəmə, yasa, hüznə kökləndi. Bugünkü nəsil isə özünə güvənən, ölümün üstünə dik gedən, öz haqqını almaqda israrlı olan, düşmənini yaxşı tanıyan, mübarizə meydanından son nəfəsinədək çəkilməyən, sabahına inanan nəsildir. Son savaşımız bunu bütün dünyaya sübut etdi. Amma bəziləri 30 illik həsrətinə son qoyub doğma ocağına qayıdacaq insanların sevincini, həyəcanını hiss etmir, "Qeyrətli xalq müharibədə itirdiyi torpaqları sülh yolu ilə dilənməz. Azərbaycan torpaqları istəyir, buyursun savaşsın bizimlə. Amma inanmıram onların buna cəsarəti çata" deyərək heysiyyatımızı alçaltmağa çalışan erməni köpəyinin necə aciz duruma salınıb biabır edildiyini görmür, Azərbaycana  yuxarıdan aşağı baxan dövlətlərin diqqət mərkəzinə çevrildiyimizi qəbul etmək istəmir,  "tam qələbə" davası edirlər. Zarıyır, qəlbqıran fikirlərlə insanları ruhdan salır, canını, sağlamlığını qurban etmiş şəhidlərin, qazilərin qəhrəmanlığını dəyərsizləşdirir, hər vəchlə köhnə ruha, köhnə ab-havaya qayıtmaq istəyirlər. Qalib olmağı həzm edə bilmirlər. Xalqın əzabkeş, bədbəxt, talesiz, yazıq görkəm alması üçün cani-dildən əlləşir, məzlum kimi  görünməkdən həzz alırlar. Napoleonun fikridir: Bütün müharibələrdə silah ruhla döyüşür və qalib gələn ruh olur". Nəyə inanıb, nəyə inanmadığınız öz işinizdir. Amma sizi and verirəm elə inanıb-inanmadığınıza öldürməyin bu xalqın ruhunu!

 





04.12.2020    çap et  çap et