525.Az

Kamal Abdulla imzası - Billurə Aslanqızıdan yeni yazı


 

Kamal Abdulla imzası - <b style="color:red">Billurə Aslanqızıdan yeni yazı </b>

Kamal Abdulla Azərbaycan ədəbiyyatında və elmində müstəsna yeri, sözü və rolu olan bir yaradıcı şəxsiyyətdir.

Kamal müəllim böyük alimdir, fərqli və maraqlı yazıçıdır, dərin insandır. Onun haqqında epitetləri, təqdimatları kifayət qədər sadalamaq, şərh etmək, genişləndirmək olar. Həm də müxtəlif rakurslarda: ictimai xadim kimi, yazar və alim kimi, müəllim və insan kimi... Amma bir telejurnalist olaraq düşünürəm ki, bu, bütöv bir portret müsahibənin, geniş bir verilişin daha uğurlu şəkildə gerçəkləşdirə biləcəyi mövzudur. Gərçi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan "Multikulturalizm" verilişində Mərkəzin Himayəçilər Şurasının sədri kimi bir neçə dəfə həmsöhbət olduğum Kamal müəllimin öz fəaliyyətindən danışmağı çox da sevmədiyinin şahidi olmuşam. Kamal müəllim birdən açılıb oxunan adam deyil, ilmə-ilmə toxunan, kəlmə-kəlmə duyulan insandır. Onun Azərbaycandan kənarda - xarici ölkələrdə də tanınan, sevilən, bir çox dillərə tərcümə edilib işıq üzü görən, eləcə də, böyük ustalıqla səhnələşdirilən məşhur əsərləri kifayət qədərdir. Onları sadalamaq, bədii xüsusiyyətlərindən, özəlliklərindən danışmaq fikrindən uzağam. Bu haqda məndən qat-qat artıq söz deməyə haqqı olan alimlər, yazıçılar yazıblar da, danışıblar da... Yenə də yazacaqlar, danışacaqlar... Mənim isə bu kiçik yazıda sadəcə bir məqsədim var. Bütün çətinliklərə rəğmən, Azərbaycan üçün qələbə müjdəli ilə çevrilən 2020-ci ilin son günlərində 70 illik yubileyini qeyd edən Kamal müəllimi ən adi, amma kifayət qədər də həssas olan oxucusu kimi üzbəüz yox, söz pərdəsi arxasından təbrik etmək...



Kamal müəllim rəhbəri olduğu bir qurumda toplantıya sakit şəkildə qatılıb, kimsəyə hiss etdirmədən ən aşağı cərgədə özünə yer edib oturan, dövlət rəsmilərinin də qatıldığı beynəlxalq əhəmiyyətli tədbirdə işin bütün ağırlığı və məsuliyyətinə nəzarət etməklə yanaşı, iştirakçı kimi çıxış edən tələbələrinin bəlkə ac olmalarından narahatlıq keçirən, ən fikirli halında belə ən xırda detalları sezə bilən, dağınıq və narahat baxışları həmişə yaradıcı axtarışda olan ruhunu səssiz sözlərlə ifadə etməyə çalışan çox maraqlı, kifayət qədər qapalı, bir az da çətin müsahib olduğu üçün, onu dünyaca məşhur böyük həcmli əsərləri rakursundan deyil, özü kimi fərqli, çox sevdiyim poeziyasının dili ilə təbrik etmək istədim. "Pıçıltı"ya kövrək-kövrək, ürkək-ürkək açılan, "Məni daha gözləmə" desə də, gözləmə dediyini unutmayan, lakin ruh gözü ilə baxdığı yerdə bəzən unutmağa məhkum olduğunu düşünən, "Cavabsız suallar"ın ağırlığını misralarıyla hiss etdirən, hər kəsin üzüaşağı yağdığını düşündüyü yağışların üzüyuxarı yağdığına and içə bilən, "Yerlə Göyün arasında" ilişib qalsa da, "Bir, iki - bizimki" deyib bir-birini anlamaq, tapmaq istəyən, lakin anlamayan, tapmayanların bir-birində duya bilmədiyi duyumlarını duyub, duydurmağı bacaran söz sahibi! Bu dünyaya gəlişiniz mübarək olsun! Yaxşı ki, Azərbaycan ədəbiyyatında sevgini fəlsəfəyə bürüyüb, bütün çılpaqlığı ilə göstərən, pıçıltı ilə bağıra bilən Kamal Abdulla imzası var... İmzanız var olsun...

 





04.12.2020    çap et  çap et