525.Az

Müəllim və şagirdlər üçün təhlükəsiz onlayn mühit - Virtual məktəb


 

Müəllim və şagirdlər üçün təhlükəsiz onlayn mühit - <b style="color:red">Virtual məktəb</b>

Məktəblər 2020-2021-ci tədris ilinə hibrid təhsil formatında başlasa da, hazırda fəaliyyətini tamamilə virtual davam etdirir.

Şagirdlərin öyrənmə imkanlarını artırmaq, dərslərə əlçatanlığını təmin etmək üçün müxtəlif yollar sınaqdan çıxarılır, ən uğurlu variantlar tətbiq edilir. "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan teledərslər, "Microsoft Teams" platformasında keçilən onlayn dərslər mövcud tələbatı ödəyir. Artıq sosial şəbəkələrdə də "Dərs vaxtı" var.

Bir müddətdir ki, teledərslər Yutub kanalına da yerləşdirilir. Odur ki, teleməkanda dərs vaxtını qaçıranlar həmin dərsi buradan da izləyə və öyrənə bilərlər.

Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov aprelin 2-dən istifadəyə verilən "Virtual məktəb" platformasında qeydiyyatdan keçən müəllim və şagirdlərin sayının artıq 1 milyon 200 mini ötdüyünü deyir: "22-28 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1328168, müəllimlərin sayı 124632, aktiv istifadəçi sayı 940454, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 6009195 təşkil edib. Bu da o deməkdir ki, müəllim və şagirdlərin böyük əksəriyyəti bu platformaya çıxış əldə ediblər. Özü də, sadəcə paytaxt yox, bütün ölkə ərazisində bu iş səmərəli şəkildə qurulub. "Microsoft Teams" platforması istifadəçi sayı və fəallığından da göründüyü kimi, stabil işləyir. Vətən müharibəsinin başlanması ilə platformadan istifadə qismən məhdudlaşdırıldı. Lakin aparılan işin nəticəsi olaraq bu vəziyyət qısa müddət sonra dəyişdi və virtual dərslər bərpa edildi".

"Virtual məktəb" platformasında həm müəllimlər, həm də şagirdlər üçün təhlükəsiz onlayn mühit yaradıldığını qeyd edən İdarə rəisi qeydiyyat zamanı bütün proses və fəaliyyətin nəzarətə götürüldüyünü vurğulayıb. Hazırda platformada şagird və müəllimlər böyük qruplarda formalaşıblar.

Bu tədris ilindən platformanın idarə edilməsi də asanlaşdırılıb və funksiyaların çoxu məktəb direktorlarının, direkror müavinlərinin ixtiyarına verilib. Bu yolla onlar dərslərin verilməsi və qrafiklərin qurulmasını təmin edirlər. Bundan başqa, portalda direktor və direktor müavinləri üçün rəhbərlik etdikləri təhsil müəssisəsi üzrə bütün sinifləri, siniflər üzrə aparılan bütün dərsləri izləmək imkanı var. Məsafədən təşkil olunmuş dərslərin keyfiyyətinin ölçülməsi, davamiyyətə nəzarət, icmallaşdırılmış məlumatların toplanılması və təhlili imkanları təqdim olunur. Həmçinin, xüsusi yaradılmış qruplarda müəllimlərlə birgə pedaqoji şuralar və valideynlərlə iclaslar keçirmək olar.

Bu tədris ilindən yerli təhsili idarəetmə orqanları üçün də onların tabeliyində olan təhsil müəssisələrinin "Virtual məktəb"də fəaliyyətlərinin təşkilinə nəzarət asanlaşıb. Belə ki, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəhbər heyətinə təqdim olunmuş istifadəçi adı və şifrə ilə "Virtual məktəb"də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür.

Qeyd edək ki, yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.

Şagirdlərin virtual dərslərdə iştirakının artırılması üçün isə motivasiya və dərs vaxtının dəyişməzliyi önəmlidir.

Virtual dərslərin dərs cədvəlinin hazırlanmasına toxunan Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublunun fikrincə, müəllimlər çalışmalıdır ki, dərs cədvəli tez-tez dəyişməsin: "Buna nail olunarsa, şagirdlərin motivasiyası yüksək olar, dərsə qatılanların sayı artar".

Dərslərin məzmununa gəlincə, V.Yaqublu bildirib ki, məruzə formatında olan virtual dərslər vasitəsilə müəllimlər, sadəcə nəzəri biliklər ötürə bilir, praktik bacarıqlar formalaşdırmaq imkanı olmur.



Məktəblərin fəaliyyətinin tamamilə virtual məkana köçürülməsi ilə nəticələnən COVİD-19 koronavirus infeksiyasının səbəb olduğu mövcud sanitar-epidemioloji vəziyyət bu dövrdə verilən təhsilin keyfiyyətinin ölçülməsinin yol və vasitələrini də gündəmə gətirib. Odur ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin biliyinin hansı formada qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılır. Vəfa Yaqublunun sözlərinə görə, ənənəvi tədris zamanı yarım tədris ili ərzində bir neçə dəfə kiçik və sonda böyük summativ qiymətləndirmə keçirilirdi və onun əsasında yarım il üzrə düstur əsasında qiymətləndirmə aparılırdı: "Hazırkı vəziyyətlə bağlı təklif olunan model budur ki, birinci yarım ilin sonunda böyük summativ qiymətləndirmə keçirilsin və onun nəticəsi yarım ilin nəticəsi kimi qəbul edilsin. Amma bu, hələ təklifdir. Bu barədə qərar qəbul edildikdə məktəblərə məlumat veriləcək".

Pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan "Virtual məktəb"də tədris və təlim-tərbiyə prosesinin təşkilinə nəzarət gücləndirilib. Belə ki, onlayn dərslərin təşkilinə və müəllimlərin dərs saatlarına nəzarət etmək məqsədi ilə məktəb rəhbərliyi və yerli təhsili idarəetmə orqanları üçün yeni imkanlar yaradılıb.

Platformada məktəb üzrə bütün sinifləri görmək səlahiyyətinə malik olan direktor və direktor müavinləri siniflər üzrə məsafədən təşkil olunmuş dərslərə, davamiyyətə nəzarət edir, icmallaşdırılmış məlumatların toplanılması və təhlilini həyata keçirilirlər. Həmçinin, platformada xüsusi yaradılmış qruplar üzrə müəllimlərlə birgə keçirilən pedaqoji şuralarda pandemiya dövründə dərslərin onlayn formada təşkil edilməsinin vacibliyi diqqətə çatdırılır.

Yeni nəzarət mexanizmi həm də ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinin yaradılması pandemiya ilə bağlı yaranmış mürəkkəb vəziyyətdə təhsilin məzmun keyfiyyətini qorumaqla tədrisin formatında dəyişiklik etmək zərurətindən irəli gəlib. "Virtual məktəb" layihəsi şagirdlərə məsafədən tədris almaq üçün əlavə bir imkan verib: "Virtual məktəb" layihəsi şagirdlərin təhsildən kənarda qalmamaları üçün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən uğurlu bir layihədir. Bu layihə teledərslərin davamı kimi təqdim olunub. "Virtual məktəb" şagird və müəllimlərin rahatlıqla qeydiyyatdan keçərək elmi biliklər əldə etmək və onlayn dərslərdə iştirak imkanı yaradan uğurlu bir layihədir. Bu platformada bütün elektron kitablar, video dərslər, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələrini tapmaq mümkündür. Bütün bu resurslar üz-üzə görüşləri təmin etmək, tapşırıq və müzakirələri bir-birinə inteqrasiya etmək üçün vahid bir mərkəzdə cəmləşdirilib. Bu gün milyondan çox şagird və 100 min müəllim platformada qeydiyyatdan keçərək ondan aktiv şəkildə istifadə edir. Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini daimi fəaliyyət göstərən bir layihə olaraq qalması, şagirdlərə dəstək və təhsildən, öyrənmə mühitindən kənar düşməməsi üçün bütün lazımi işləri görür".

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyir ki, "Virtual məktəb" layihəsi əsas üstünlüyü ondan ibarət idi ki, hər bir şagird öz yaşına uyğun sinifə təyin olunmaqla yanaşı, tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirərkən, eyni zamanda, öz yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq imkan əldə edə bilirdi. Bu isə onlarda, sanki canlı dərs prosesinin yaratdığı psixoloji durum formalaşdırırdı: "Üstəlik, müəllim istəsə, hansısa dərsi canlı da keçə bilirdi. Ya da evdə oturub yazıb yükləyə bilirdi ki, şagirdlər izləsinlər. Yəni həm canlı, həm də videoyazı vasitəsilə dərslər yazmaq mümkün olurdu. Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil, fəaliyyəti düzgün təşkil etmək, əlaqələndirmək və səmərəli tənzimləmək deməkdir".

Təhsil eksperti Qoşqar Məhərrəmov vurğulayıb ki, virtual məktəb layihəsi nazirlik tərəfindən şagirdlərin istifadəsinə verilmiş məsafədən tədris üçün əlavə bir vasitədir, əvəzedilməz bir üsuldur: "Teledərslər bir dəfə televiziyada verilir. Əgər şagird ona baxa bilmirsə, o, dərsi buraxmış olur. Amma virtual məktəb bir portaldır. Və dərslər yaddaşda qalır. Uşaqlar istədiyi qədər həmin dərslərə baxa biləcəklər. Teledərslər virtual məktəb portalına yüklənir və bu, karantin dönəmindən sonra da şagirdlərin köməyinə çatır. Virtual məktəb əyani təhsili dəstəkləyəcək çox önəmli və lazımlı platformadır".

"Virtual məktəb"in üstünlüklərindən danışan ekspert vurğulayıb ki, bu platforma şagirdlərə müəllimlər ilə, sinif yoldaşları ilə interaktiv əlaqə qurmaq və müəllimə dərslərlə bağlı sullar vermək, ona aydın olmayan mövzuların izahını almaq kimi bir sıra imkanları təqdim edir: "Virtual məktəb" layihəsinin üstünlüyü ondan ibarətdir ki, vaxt və zaman fərqi olmadan qeydiyyatdan keçmək olur. "Virtual məktəb" portalından daha rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə "Virtual bələdçi" xidməti də mövcuddur".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





04.12.2020    çap et  çap et