525.Az
Daşkənddə azərbaycanlı alimlə görüş keçirilib
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, tədqiqatçı-alim Xalidə Xalidlə görüş keçirilib. AMEA-dan verilən məlumata görə, alim, şair, yazıçı və tərcüməçilərin iştirak etdikləri tədbiri universitetin müəllimi, pedaqoji elmlər namizədi Gülbahar Aşurova açaraq, Azərbaycan və özbək xalqlarının dostluğu və ədəbi əlaqələri haqqında danışıb. Bildirib ki, özbək ədəbiyyatı Azərbaycanda, Azərbaycan yazıçı və şairlərinin kitabları isə Özbəkistanda nəşr olunur.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov ədəbi əlaqələrin daha da inkişaf etdirilməsi sahəsində görüləcək işlərdən danışıb: “Ötən ilin sonunda AMM-də Azərbaycan yazıçısı Yunus Oğuzun özbək dilinə tərcümə edilmiş “Əmir Teymur“ tarixi romanının, bir gün əvvəl isə “XX əsr Azərbaycan poeziyası antologiyası“nın təqdimatı keçirilmişdir və bu istiqamətdə fəaliyyətimiz davam edir”. Xalidə Xalid tanınmış Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar ilə əlaqədar apardığı tədqiqatlar haqqında məlumat verib: “Tanınmış özbək şairi Mirəziz Əzəm Şəhriyarın əsərlərinə müraciət etmiş, onun “Heydərbabaya salam“ poemasını özbək dilinə çevirib”.
“Özbəkistan-Azərbaycan“ Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, şair və tərcüməçilər Usman Kuçkar, Babaxan Şərif, professor Saodat Muxammedova və başqaları ədəbi əlaqələrin daha da inkişaf etdirilməsinin, belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıblar.
S.ABDULLAYEVA
15.02.2014
çap et