525.Az

Almaniyada “İrs/Erbe” jurnalının növbəti nömrəsi nəşr edildi


 

Almaniyada “İrs/Erbe” jurnalının növbəti nömrəsi nəşr edildi<b style="color:red"></b>

Almaniyada “İrs/Erbe” jurnalının növbəti nömrəsi nəşr edilib.

525.az xəbər verir ki, jurnalın budəfəki buraxılışının əsas mövzusu Qarabağdır. Baş redaktor Musa Mərcanlının yazdığı ön sözdə erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı etdikləri qəsdin nəticəsi kimi ortaya çıxmış münaqişənin geniş şərhi verilib. Bu münaqişənin Azərbaycan xalqına gətirdiyi bəlalardan, Azərbaycanın 1990-cı illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayondan, Ermənistandan zorla qovulmuş azərbaycanlılardan bəhs olunub. Baş redaktor, həmçinin diqqəti BMT qətnamələrini yerinə yetirməkdən imtina edən Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdəki tarixi abidələrimizi məhv etməsinə, təbii sərvətlərimizi qanunsuz olaraq istismar etməsinə yönəldib. O, beynəlxalq vasitəçilərin, ilk növbədə, ATƏT-in Minsk qrupunun 30 il müddətində heç bir iş görmədiyini qeyd edir.

Baş redaktor Qarabağın düşmən tapdağından azad edildiyini vurğulayaraq yazısını Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sözləri ilə bitirir: “Qarabağ Azərbaycandır! Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışa bilməzdi”.

Rusiyalı politoloq Mark Mişin və azərbaycanlı politoloq Rasim Sarıyevin “Qarabağda yenidən alovlanan müharibə” məqaləsində Qarabağın və bütövlükdə qədim Qafqaz Albaniyasının tarixi, dini və mədəni irsi haqqında almandilli oxuculara məlumat verilir. Məqalədə həm də radikal erməni millətçiliyinin, Daşnaksütyun terrorçu təşkilatının necə və hansı siyasi qüvvələrin dəstəyi ilə meydana gəlməsi, onların nə vaxtdan bəri və hansı yollarla Qafqaz Albaniyasının irsini oğurlamağa cəhd etməyə başlamaları barədə söhbət açılır.

AMEA-nın əməkdaşı Qəhrəman Ağayevin məqaləsi 2008-ci ildə bir qrup Azərbaycan arxeoloqu tərəfindən Quba yaxınlığında aşkar edilmiş birgə məzarlığın 1918-ci ildə şəhərin azərbaycanlı, ləzgi və yəhudi əhalisini qətlə yetirmiş daşnak cəlladlarının əməli olduğunu bir daha sübut edir, bu dəhşətli soyqırımının detallarını açıqlayır.

Jurnalın budəfəki buraxılışında Azərbaycan tarixi üçün mühüm mənbə olan İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” kitabının Şah İsmayılın Azərbaycan səltənətini necə yenidən qurması və böyütməsi haqqında olan fəslindən bir hissə dərc edilib.

Bu buraxılışda, həmçinin akademik Rafael Hüseynovun Xaqaninin 900 illiyinə həsr olunmuş məqaləsi, akademik Nailə Vəlixanlının Milli Azərbaycan Tarixi Muzeyinin 100 iliyinə həsr olunmuş yazısı, habelə alman müəllifləri Matthias Dornfeldt və Enrico Seevaldın Azərbaycan-Almaniya diplomatik münasibətlərinin yeni dövrünü əks etdirən publisistik məqalələri yer alıb.

İrs/Erbe jurnalı bu dəfə həm də Berlin Humboldt Universitetində on ildən bəri fəaliyyət göstərən Azərbaycan tarixi kafedrası və onun rəhbəri professor Eva Aux haqqında geniş yubiley reportajı hazırlayıb.




 





05.12.2020    çap et  çap et