525.Az

"Bu yükü övladlarımıza miras qoymamalıyıq..." - Anım


 

"Bu yükü övladlarımıza miras qoymamalıyıq..." - <b style="color:red">Anım </b>

Dekabrın 1-də Azərbaycanın əzəli torpağı olan Laçın rayonu öz sahibinə - azərbaycanlılara qaytarıldı. Laçın uğrunda döyüşlərdə Azərbaycanın neçə-neçə qəhrəman oğlu şəhid olub.
 
Belə igidlərdən biri də noyabr ayının 4-ü Laçının Xanalılar kəndində dünyasını dəyişən, şəhid general-mayor Polad Həşimovun yaxın dostu və döyüş yoldaşı, polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğludur.

O, 1982-ci ildə iyun ayının 12-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində gözlərini dünyaya açıb. İsmayıllı rayonu 3 saylı orta məktəbdə orta təhsilini başa vurub. 1999-cu ildə H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2004-2005-ci il Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda N saylı hərbi hissədə 5-ci tabor kəşfiyyat tağım komandiri, 2005-2010-cu illərdə Kəngərli rayonunda N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, 2010-2012-ci illərdə Culfa rayonunda N saylı hərbi hissədə kəşfiyyat bölmə rəisi olub.

2012-2014-cü illərdə Ali Hərbi Akademiyada təhsilini davam etdirib. 2014-2017-ci illər arasında Şəmkir rayonu N saylı hərbi hissədə kəşfiyyat şöbə rəisinin baş köməkçisi rəisi, 2017-2020-ci illər arasında Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Vətən xidməti ərzində bir sıra sertifikatlar, medallar və təşəkkürnamələr ilə təltif olunub.

2019-cu ilin fevral və iyun aylarında ikili razılaşma əsasında Çinin Pekin şəhərində ölkəmizi təmsil edib və hərbi biliklərini artırmaq məqsədilə təhsilini davam etdirib. 2020-ci ilin oktyabrında Türkiyəyə doktorantura təhsili almağa yollanacaqdı. Lakin Vətən müharibəsi başlayan zaman övladları olan Fuad, Polad və 3 yaşlı Nurayı həyat yoldaşına əmanət edərək "ezamiyyətə gedirəm" deyir. Ailəsi yalnız bir neçə gün sonra onun döyüşdə olduğunu öyrənir.

Atası ilə söhbəti zamanı bu sözləri deyir: "Sizdən bizə qalan bu yükü övladlarımıza miras qoymamalıyıq".

Həyat yoldaşı dəfələrlə diqqətli, ehtiyatlı olmağı barədə təkliflər etsə də, polkovnik-leytenant şəhidlərin heç birindən artıq olmadığını bildirir.

Vətən müharibəsində qeyd dəftərinə yazdığı son sözlər isə bu olur: "Məni yola salanda xanımım, uşaqlar ağladı. İndi tək istəyim döyüşlərdən sağ-salamat qayıdıb onları bir daha görməkdir".

Qardaşı Həsən Tağızadə isə bu sözləri deyir: "Verilən məlumatlara əsasən, onun artilleriya atəşinə tutulan əraziyə tək başına "pikap"  tipli nəqliyyat vasitəsilə gedərək  şəhidləri, yaralıları, üzvləri qopmuş yaralıları çıxardığını bilirik".

Vətən uğrunda canını fəda edən igid zabitimiz Vətən müharibəsində bir çox strateji yüksəkliklərin alınmasında fəal şəkildə iştirak edir. Füzuli, Zəngilan, Cəbrayıl rayonlarında gedən şiddətli döyüşlərdə iştirak edir, son döyüşü isə Laçının Xanalılar kəndində olur. Döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olur. 38 illik ömrünün 21 ilini Vətənə xidmət edir və 21 illik Vətənə qüsursuz xidməti ilə bağlı Vətən müharibəsindən əvvəl medal ilə təltif olunur.

Ruslan Tağıyev noyabrın 5-də İkinci Fəxri Xiyabanda dəfn olunur.

Ruhun şad olsun igid, təmiz qəlbli Azərbaycan zabiti, səni heç vaxt unutmayacağıq...

Fərid CƏFƏROV

 





04.12.2020    çap et  çap et