DOYMURAM
Qoyun yavanlıq kimi,
Süfrəmə torpaq qoyun.
Pak yaranıb əzəldən,
Eləcə də pak qoyun.
Çörəyimə səpim mən
Naxçıvan duzu kimi.
Batırım hər loxmamı,
Yalayım quzu kimi.
Saralıbdı çölləri,
Otu yaman solubdu.
Şirinliyi özündən,
Lap yeməli olubdu.
Hər zərrəsi müqəddəs -
Əlimdən heç qoymuram.
Təbərrikdi, tutyadı,
Yeyirəm də, doymuram.
09.11.2020
GƏZMƏYƏ YURDUM VAR
Gəzməyə yurdum var, ölməyə yerim.
Narahat olmağa bir əsasım yox.
Tarixi zəfərlə keçir günlərim,
Daha qiyamətə bir qisasım yox.
Diz çökdü qarşımda qarı düşmənim,
Diz çökdü, çıxartdı gürzə dilini.
Qərq oldu, məhv oldu zərbimdən mənim,
Kəsdi birdəfəlik hərzə dilini.
Mənə əl eyləyir zümrüd meşələr,
Dağılan məzarlar ocaqlaşırlar.
Ulduzlar az qalır yerə düşələr,
Həkəri, Bərgüşad qucaqlaşırlar.
Açıldı, töküldü nələr, niyələr,
Açımlar, tökümlər nə qoxuyurdu?
Düşünsün bir az da bələdiyələr,
Soyuq məzara da pul oxuyurdu.
Elə sağalmışam, ağrım-acım yox,
Qəlbimdə yox daha qüssə-kədərim.
Daha ilahidən umacağım yox,
Gəzməyə yurdum var, ölməyə yerim.
19.11.2020
BAŞDAŞI
Anama başdaşı olmuşam, Allah,
Ayağım torpağa yapışıb qalıb.
Körpə uşaq kimi dolmuşam, Allah,
Həsrətim vüsalla çarpışıb qalıb.
Bir canlı heykələ dönüb qalmışam,
Anamdan min dəfə üzr istəyirəm.
Gözündə çıraqdım, sönüb qalmışam,
Özümə min dəfə hüzr istəyirəm.
Çağrışı səssizdi, gəlmişəm heyə,
Anamdan neçə yaş qoca olmuşam.
Ahları torpaqda qalmasın deyə,
Anamın ahına baca olmuşam.
Danışan qəlbimə kim qulaq asır,
Yerimdə qalmışam, tərpənməyirəm.
Gecələr adamı burda xof basır,
Bəs niyə, bəs niyə ürpənməyirəm?
Ümiddən qəlbimə sular içirtdim,
Köksümdə sızıltım zil oldu getdi.
Ömrümdən həsrətli illər keçirtdim,
Hər ilim gözümə mil oldu getdi.
Mən ürək vermirəm söz gizlətməyə,
Körpə uşaq kimi elə dolmuşam.
Gərək də bilmirəm daş düzəltməyə,
Anamın başdaşı özüm olmuşam.
23.11.2020
çap et