525.Az

Tanıyaq və tanıdaq: Aydın Araz


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Aydın Araz</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira FUAD
Filologiya elmləri doktoru

***

Aydın ARAZ

1982-ci ildə Arazın qırağında - Güneydəki Culfa şəhərində anadan olub. İlk və orta məktəbləri doğma şəhərində bitirib.

Təbriz Universitetinin sosiologiya fakültəsində yüksək lisans səviyyəsıni qazanıb. Tələbəlik dövründə Təbriz Universitetində bütün dillərdə şeir oxunmasına izn verilən "Payız" ədəbi dərnəyinin təməlini qoyub. Ara-sıra "Barama" və "Bayquş"  saytlarında şeirləri yayımlanıb.

Aydın Arazın ilk şeir kitabı "Yasaq sözcüyüm" adıyla 2007-ci ildə işıq üzü görüb. Az zaman ərzində satılan kitab ikinci dəfə çap olunub. İkinci kitabı "Adamlar gedir, yoxsa qayıdır" adıyla 2013-cü ildə nəşr edilib.
 
Rəssamın çəkdiyi həsrət
 
Biz bir rəssamın çəkdiyi həsrətik,
gülüm,
Səsimiz,
Susumuz,
Və sevgimiz!
Bir uşağın gizli siqara çəkməyi qədər
təhlükəlidir!
Bizi körpəlikdə
qara bələyə bələyiblər, gülüm.
Və beşiyimizdə
tabut məşqi öyrədiblər bizə.
Öz dırnaqlarımızla belə
Öz dərimizi soyublar
Yalan hayqırıqlarımızla
kefləndiriblər bizi
Soyuq tərimizi,
Torpağımız udubdur
Sağımızda xəncər belindəkilər,
Solumuzda qulağı tüklülər
Cərgəylə gedirlər, gülüm.                                
Və arada əzilirik biz
Bir yumruq kimi...
Böylədir bizdə əzginlik.
 
Dünənimizi
Xəmir kimi oynadırlar əllərində...
Bu günümüzü kündələyirlər
Sabahımızı yapmaq üçün.
Biz burada
Gülüşlərimizi yamsılamalıyıq onlardan
Və ağlamaqlarımızı
Gizlətməliyik, gülüm,
Qorxu çiçəyi göyərir boğazımızdan.
 
Əllərimiz zəncirlərlə adaxlanıb sanki
yaralarımız şor duzlaqların kəbinində...
biz həsrət notlarıyıq, gülüm,
yazılmışıq alnımızın qırışlarına.

***

Susma...
oyan!
Və susuz kağızların dodağına
şeir çilə, şair!
Tanrını qonaq çağır iş otağına
və yaz -
Yaz ki, anlamlar göyündə adaxlansın!
Sözcüklərin toyu başlansın!
Yaz və
yurdsuzluğunu çək yelin üzünə
Torpaq kimi dol gecənin gözünə
Sonra Tanrının şərəfinə,
Neçə şeir qoş burax havaya!

***

Bir otobusdur şair,
Sözcük daşıyır...
Hər sözcük bir müsafir,
və şeirlər duraqlardırlar.
Hər şeir bir sözcüyün sonu...
Hey... mənim yasaq sözcüyüm, sevdiyim,
Qal! Duraqsız müsafirim,
Səni ömür boyu daşıyacağam.

***

Ovuclarıyla
Hər səhər Günəşi
pəncərənizin önünə qaldıran,
Hər axşam
Ayı pəncərənizin önünə endirən,
Oğlanam mən.
Tanıya bilmədinizmi?!

***

Aramızda
Yapdığımız Çin divarı,
Aramızda
Yapmadığımız Berlin divarı,
Aramızda Araz.
Aramızda sarı güllər budağı
Aramızda - hər nə ayırır bizi
bir-birimizdən!

***

Ay dolu, mən dəli!
Gecənin sümükləri
səhərə qalmaz!

***

Kiçik adında həyat nişanələri var
Su, Hava, Bitki var
Kiçik adın Yer kürəsi kimi
bir yer olmalı
Cazibəylə dolu.

***

Arı deyiləm,
Ayağıma deyil, əlimə deyil,
dilimə qoy bal payımı,
çiçəyim.

 





04.12.2020    çap et  çap et