525.Az

Ümid - Esse


 

Ümid - <b style="color:red">Esse </b>

Bir müddət əvvəl anamla ölüm ayağında olan bir qohumumuzu ziyarətə getmişdik. Qohumumuz həyatda tanıdığım ən gülərüz, mehriban, xoşxasiyyət adamlardan olub. Ancaq onu ölüm döşəyində görəndə sadaladıqlarımdan əsər-əlamət görmədim.

Təbii ki, ömrünün son günlərini yaşamaqda olan adamdan lətifə danışmasını gözləmək də məntiqli deyil. İstənilən halda onu qəmgin görməyə öyrəncəli olmadığım üçün bu səhnə məni kədərləndirdi. O, gah gözlərini yumub bir neçə dəqiqə açmadan beləcə dayanır, gah da diqqətlə ətrafındakılara baxırdı. Tez-tez yastığını düzəldən qızına və başını qatmağa çalışanların söhbətinə verdiyi reaksiyaları nəzərə almasaq, dinib-danışmırdı. Qızının dediyinə görə, gün ərzində demək olar ki, heç nə yemirdi. Elə biz yanında olarkən nə qədər yemək yedirməyə çalışsalar da, ağzına bir tikə də aparmadı. Qızı "bilmirəm, niyə heç nə yemir, ağrısı da yoxdur" sözlərini deyəndə anamdan xəstənin niyə belə etdiyini soruşdum. Anam bircə cümlə ilə cavab verdi ki, öləcəyini bilir.

Onun kədər dolu baxışları, süst halı, bir yandan da anamın bu cümləsi gözümün önündə ümidsizliyin tablosuna çevrildi. Ümidsizliyin bu qədər dəhşətli bir şey olduğunu ilk dəfə onda dərk elədim. Bəli, insanın ümidi üzüləndə ağzını açıb bir tikə yemək da işgəncəyə çevrilir. Nəfəs almaq, gülmək - bir sözlə, yaşamaq mənasını itirir. Boşuna demirlər ki, ümid yaşamaq üçün insana hava, su qədər lazımdır. Bəlkə də, daha artıq. Ümid deyilmi bizi hər səhər yuxudan oyadan, hər nəfəs verdiyimizdə alacağımız yeni nəfəsə inandıran, ən çətin günlərdə gözümüzün yaşını sildirən. Bəzən də şirin bir yalan. Yalanla yaşamaq da bir şey deyil, ancaq həyatın elə məqamları, elə ağrıları olur ki, bu yalan yeganə məlhəmə çevrilir. Digər tərəfdən də ümid həyatın mənası, sirri-sehridir. Təsəvvür edin ki, biz sabah olacaq hər şeyi bu gündən bilirik. Sabah başımıza gələcək bəlanı bu gündən bilmək həm də bu günü zəhərləməkdir. Bəlanı təxmin edəndə belə bir ümid qığılcımı hardansa boylanır. Nəyinsə, nələrinsə yaxşı olacağına insanı inandırır. Hətta bu, olmasa belə, reallığın ağrısı qədər çətin olmur yalançı ümidlə yaşamaq. Ən gözəl şeyləri də əvvəlcədən  bilmək həyatın qeyri-müəyyənliyindən doğan sevincə kölgə salır. Ümid isə nabələd olduğumuz xoşbəxtliyi də gözəlləşdirir.

"Balaca şahzadə" romanında çox sevdiyim bir yer var: "Günortadan sonra saat dörddə gələcəksənsə, mən saat üçdən özümü xoşbəxt hiss etməyə başlayacağam. Vaxt yaxınlaşdıqca mən özümü daha da xoşbəxt sayacam. Saat dörddə mən artıq həyəcanlanmağa və narahat olmağa başlayacağam; mən xoşbəxtliyin dəyərini anlayacam!

Amma sən müxtəlif saatlarda, istədiyin vaxt gəlsən, onda mən bilməyəcəm ki, ürəyimi xoşbəxtliyin hansı anına sazlayım, hansı vaxtına kökləyim... Onu mərasim kimi keçirmək lazımdır".

Ümid bu mərasimdə səslənən ən gözəl nəğmədir. Bir gün nələrinsə gözəl olacağına inanmasan, nələrisə dəyişmək üçün özündə gücü hardan taparsan, axı. Yazın gələcəyinə inanmayan qarışqalar özlərindən dəfələrlə ağır dəni o yazı görmək üçün daşımırmı? İnsan da qarışqa kimi gücü çatdığından dəfələrlə ağır yükləri görəcəyi sabahlara aparmırmı? Hardasa oxumuşdum ki, ümid olmasa, anası Həzrət Musanı beşikdə çaya atardımı?

Bəli, cənablar, ümidinizi tükətməyin. Boşuna demirlər ki, ümidini itirən insanın itirəcək heç nəyi qalmayıb. Yazımı Nazım Hikmətin bir fikri ilə bitirmək istəyirəm: "Dənizin olmadığı yerdə insan ümid adına qağayı olmalı".

 





06.12.2020    çap et  çap et