525.Az

Dirilən məzar, gülümsəyən torpaq... - Şahanə Müşfiqdən yeni yazı


 

Dirilən məzar, gülümsəyən torpaq... - <b style="color:red">Şahanə Müşfiqdən yeni yazı </b>

Təxminən iki il öncə mətbuatda və sosial şəbəkədə hər bir azərbaycanlını dərindən sarsıdan, damarında qanını donduran bir xəbər yayıldı: ermənilər Milli Qəhrəmanımız Allahverdi Bağırovun məzarını dağıdıb, başdaşını Xankəndinə apararaq məhv ediblər.

Bu xəbərin doğruluğu öz sübutunu tapmasa da, qısa zaman içərisində hər kəsin əsəblərini tarıma çəkmiş, qəlbini paramparça etmişdi. Bizim adını belə çəkməyə qıymadığımız, ruhunu incitməkdən çəkindiyimiz, xatirəsini əbədi qəlbimizə, yaddaşımıza və tariximizə həkk etdiyimiz qəhrəmanımızın başdaşına düşmən əlinin, düşmən nəfəsinin dəyməsi, o müqəddəs məzarı düşmən tapdağının murdarlaması fikrinin özü belə qorxunc idi.

Məzar, qəbiristan hər zaman Azərbaycan xalqı üçün önəmli yerlərdən biri olub. And yerimiz, inam yerimizdir məzarlar. Otuz ilə yaxın köçkünlük həyatı yaşayan insanları hər dindirəndə ilk narahatlıqlarının ata-babalarının, doğmalarının məzarından olduğunu gördük. Hər kəs o məzarların salamat qalıb-qalmadığını düşünür, torpağına həm də altında doğması uyuyur deyə can atırdı. Xüsusən, şəhidlərin məzarı hər birimiz üçün müqəddəs ocaqdır. 

Nəhayət, 30 illik həsrət bitdi: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Müzəffər Ordumuzun sayəsində Azərbaycanın əzəli-əbədi torpağı Qarabağ və bütün işğal altındakı rayonlar öz azadlığına qovuşdu, Vətən həsrəti sona yetdi, tezliklə minlərlə məcburi köçkün öz torpaqlarına qovuşacaq. Tanıdığım, bildiyim çox insan var ki, yurd-yuvasının azadlığını bayram etsə də, nigaranlıqları yenə də dinməmişdi: görəsən, qəbiristanların vəziyyəti necədir, məzarlar salamatdırmı?!

Allahverdi Bağırovun övladları Milli Qəhrəmanın məzarını ziyarət etdi

Ağdamlılar və bütün azərbaycanlılar üçün ən önəmli məzarlardan biri də, şübhəsiz, Ağdamın Şəhidlər Xiyabanında dəfn edilən Milli Qəhrəman, əfsanəvi komandir Allahverdi Bağırovun məzarı idi. Ağdamın işğaldan azad olunması münasibətiylə hər kəs öncə böyük komandirin ruhunu təbrik etdi, "qanın yerdə qalmadı" - dedi. Azad olunmuş Qarabağ torpaqlarında ilk bərpa olunan qəbir də məhz onun qəbri oldu. Dövlətimiz uca şəhidimizin məzarının ətrafını minalardan təmizləyib, səliqəyə saldı və başdaşına yeni lövhə qoydu. Bu görüntülər qısa zaman içərisində sürətlə mətbuatda və sosial şəbəkələrdə yayıldı. Burda məzarın öncəki və sonrakı görüntüləri yer almışdı. Siz heç məzarın adama küsdüyünü, torpağın insandan incidiyini gördünüzmü? Mən ilk dəfə Allahverdi Bağırovun məzarının köhnə görüntülərinə baxarkən hiss elədim bunu. Sanki Vətəni yolunda, xalqı uğrunda görünməz şücaətlər göstərən igid komandirimizin məzarı da küsmüşdü bizdən, "hardaydınız bu zaman kimi, niyə bizi düşmən tapdağında qoydunuz bunca il" - deyirdi. Torpağın canının necə ağrıdığı, qəlbinin necə sındığı o qədər hiss olunurdu ki, onun qarşısında "bağışla bizi" - deməkdən başqa insanın əlindən heç nə gəlmirdi.

Bəs siz gördünüzmü bir məzar dirilsin, bir torpaq gülümsəsin, bir qəbir can tapsın? Mən onu da Allahverdi Bağırovun məzarında gördüm. Həmyerlilərinin onun məzarını və uğrunda can verdiyi torpağı azad etdiyini, görüşünə gəldiyini duymuşdu, üzərindəki doğma sığalı, məhrəm nəfəsi hiss eləmişdi komandir. Gülürdü, sevinirdi. Üstünü örtdüyü şəhidinin sevincini torpaq da duymuşdu, məzar da hiss eləmişdi. Bircə anda dirçəldi, gülümsədi, can tapdı. 28 ildir qışın şaxtasından donmuş məzara payızın ortasında bahar gəldi sanki. Üzərinə güllər düzülmüş məzardan ətrafa nur yayıldı. Hələ qızları Aynur və Zümrüdün ziyarətiylə komandirin şəkli də, torpağı da, üzərindəki çiçəklər də xoşbəxtliklə parlayırdı. O görüntüyə baxarkən sanki bir nur topası baş qaldırdı məzardan, hüzurla, mutluluqla seyr elədi ətrafı, qürurla gülümsədi onu ziyarətə gələnlərin üzünə və sevinclə yüksəldi göylərə doğru. Qəhrəman komandirimizin ruhundan başqası deyildi bu...



Qarabağda ilk "dirilən" qəbir Allahverdi Bağırovun qəbri oldu. İnanıram ki, doğmalarına qovuşan bütün məzarlar bu cür can tapacaq, "diriləcək". Çünki təkcə insanlar deyil, torpaq da həsrət çəkir, məzar da yol gözləyir. Ruhunuza sayğı və ehtiram, nakam məzarların dərdli sakinləri. Biz qayıtdıq!

 





06.12.2020    çap et  çap et