525.Az

Yadigar Təvəkgülün yeni kitabı işıq üzü gördü


 

Yadigar Təvəkgülün yeni kitabı işıq üzü gördü <b style="color:red"></b> AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı və Kürdəmirin Tədqiqi, Təbliğinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5 dekabr 2020-ci il tarixdə gənc şairə Yadigar Təvəkgülün “Sən öyrətdin” şeirlər kitabının ZOOM platformasında onlayn təqdimat mərasimi keçirildi.

525.az xəbər verir ki, onlayn tədbirin moderatoru AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı təqdimat yığıncağını açaraq gözünün nurunu, qəlbinin odunu gənc nəslin tərbiyəsinə verən 140 yaşlı Köhnəbazar kənd tam orta məktəbin müəllimi, 4 övlad anası, qayğıkeş övlad, cəfakeş ömür-gün yoldaşı, vergisi uca Tanrıdan, təbi təbiətdən, mayası sevgidən yoğrulan gənc şairə Yadigar Təvəkkülün enişli-yoxuşlu, acılı-şirinli həyat tarixçəsinidən məlumat verdi. 

Qeyd olundu ki, Yadigarın oxucuları ilə ilk görüşü 2017-ci ildə “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Mən sənin ömründə payız fəsliyəm” kitabı olub. “Sən öyrətdin” şeirlər kitabı isə onun “Təknur” nəşriyyatı tərəfindən çap olunan ikinci kitabıdır. Şeirləri tez-tez dövrü mətbuatda, bir sıra almanaxlarda dərc olunan, radioda səslənən, sözlərinə musiqi bəstələnən Yadigar Təvəkgülün əsərlərində həyat eşqi, mənəvi saflıq duyğuları, dünya, həyat haqqında düşüncələr, insan ömrünün acılı-şirinli məqamları  haqqında  söhbət açılır. İlhamının mayasını eldən, obadan alan şairənin “Sən öyrətdin” kitabında son illərin yaradıcılıq nümunələri toplanıb. 



Yazıçı-publisist Əlisəfa Azayev, tarix elmləri doktoru, professor Habil Məmmədov, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Əməkdar müəllim Məhəmmədəli Rəsulov, şairə Esmira Günəş, “Aşıq Pəri” məclisinin üzvü Güllü Eldar Tomarlı, tarix müəllimi Şəhla Yunusova, şair Abdüləziz Xanəhmədoğu, şairə Zenfira Əlişqızı, şairə Nuranə Təbriz, şairə Sevinc Arzulu  çıxış edərək şeirdən şeirə, kitabdan kitaba keçidi yeni bir pillə, yeni bir mərhələ təsiri bağışlayan şairənin yaradıcılıq coğrafiyasının olduqca geniş olmasından, tükənməz ilhamı üçün dayaq nöqtəsinin Vətəni, doğma yurdu, kəndi-kəsəyi olmasından bəhs etdilər.

Çıxışlarda xüsusi vurğulandı ki, Yadigarın şeirlərində mərdlik, qəhrəmanlıq, sədaqət, vəfa, səxavət, mənəvi bütövlük kimi keyfiyyətlər, qorxaqlıq, xəyanət, vəfasızlıq kimi neqativ mənəvi təzahürlərə qarşı qoyulur.Bu qarşılaşma insanlara sağlam bədii zövq, nəciblik, xeyirxaqlıq, Vətən, millət sevgisi, vətəndaşlıq məsuliyyəti aşılayır.


         
Tədbirdə şairənin şeirləri və şeirlərinə bəsdələnmiş mahnılar səsləndirildi.
         
Tədbirin sonunda müəllif çıxış edərək virtual tədbirə qoşulan ədəbiyyat, şeir, sənət həvəskarlarına, qələm və müəllim yoldaşlarına öz səmimi təşəkkürünü bildirdi.
 





07.12.2020    çap et  çap et