525.Az

Ötən əsrdəki doğum günüm - Maya İmran yazır


 

Ötən əsrdəki doğum günüm - <b style="color:red">Maya İmran yazır </b>

Anam salat və yeməyi gecədən hazır edərdi, sabah çatdırmaram deyə. "Ballı" tortu kremləyib soyuducunun üstünə qoyardı ki, əlimiz çatmasın. Kremli qabı da yumazdan əvvəl bizə verərdi. Krem bulaşığını siyirər, sabaha qədər tort sevdamızı soldurmuş olardıq...

O gecə gözümüzə yuxu getməzdi. Saatları sayardıq səhərəcən.

Sabah çağırılmadan qonaqlar gələrdi bizə - atamın dostları, yaxın qonşular. Evdə səs-səsə qarışar, gülüş-gülüşə calanar, sağlıqlar deyilər, ən dolaşıq siyasi məsələlərdən tutmuş ən siravi məişət mövzularına qədər müzakirə olunardı. Saatın fərqinə varılmadan gecə yarısına qədər şənlik edilərdi. Ya da qazanda yemək bitənə qədər...

Əslində, gün mənim günüm olsa da, yanına çağırıb təbrik edən bir, uzaqbaşı iki adam olardı. Mən isə həmin gün tort dizaynı, hədiyyələr sifariş etmədən, köhnə paltarımda, sıradan görkəmimdə özümü o qədər başqa, özəl hiss edərdim ki. Zənnimdə günəş başqa cür doğar, ötən hər saat boyumu bir az uzadar, məni sözün əsl mənasında böyüdərdi. Əksər vaxtı hiss etdiklərimi öz aləmimdə gündəliyə yazar, sonra oxuyanda özümə gülər, cırıb atardım. Ad qoya bilmədiyim və naməlum səbəbli rəğbətim vardı o zamanlardan özümə.
Onun qarşısında da özümü həmişə bir müsahib kimi aparardım. Hətta olduğumdan daha ağıllı görünməyə çalışardım. "Təzə nə şeiri əzbərləmisən?" sualına cavabı da bir-iki ay öncədən hazırlayardım. Evin daha sakit, səliqəli yerində mənim nizamlı duruşla söylədiyim şeri lentə alar, sonda da "afərin, Maya!" deyərək mənə ad günümün ən dəyərli hədiyyəsini vermiş olardılar.

Qaraş əmi. O, uşaqlığımın ən dəyərli xatirəsidir. Ölkənin yeganə telekanalı - AzTV-nin bölgə müxbiri idi. Müxbir anlayışı da bu günlə müqayisədə çox fərqli idi o zamanlar. İlk olaraq ona görə ki, savadsız insan müxbir ola bilməzdi. Çox hörmətli, şəhərin icra başçısı ilə də birbaşa əlaqə saxlaya biləcək nüfuz sahibi idi müxbir dediyimiz. Çoxlu pulu olmasa da, çox hörmətli, vəzifəli çevrəsi vardı. Qaraş İsmayıllı bizim üçün təkcə bölgəmizin müxbiri deyildi, evimizin ən əziz qonağı, ən yaxın dostumuz, ən sevimli yazıçımız, ən sevimli adamımız və "kəndə kino çəkməyə gələn adam" kimi maraq nöqtəmiz idi. O, radiodan, televiziyadan danışar, biz də heyrətlə dinləyərdik. Beləcə, ölkənin yeganə telekanalının az tanınan, məhşurlaşmağa meyli olmayan, hörmət, xətir xətrinə dağ boyda işləri aşıran və bunu minnətə çevirməyəcək qədər sadə insanı mənim usta atamın ən sadiq dostu idi. Dostluqları nə vaxtdan, necə başlayıb, bilmirəm. Amma əminəm ki, Qaraş əminin ən kasıb, həm də ən etibarlı dostu atam idi.

Geyimləri, danışıqları, xarakterləri o qədər fərqli idi ki. Əlləri də. İri, qabarlı, mazutlu əllər səliqəli yazıçı əli ilə elə bərk salamlaşar, sağollaşar, ən xoş günündə kürəyinə çəkər, ən çətin günündə tutub qaldırardı. Atamın ən sadə sözlərini də yazıçı süzgəcindən keçirib, poetik don geyindirər, hər zaman söhbəti yarızarafat, yarıciddi könülə xoş mövzuya dəyişərdi. Bu insanları birləşdirən nə sənət, nə peşə, nə vəzifə, nə vəziyyət idi. Yalnızca sadəlik idi!

Dörduşaqlı ailənin ikincisi olub, sevilməyi bacarmaq xeyli güc, fərqlilik tələb edir. Nə evin ilki deyilsən, nə sonbeşiyi. Amma onun sayəsində özümü ildə ən azı bir gün özəl hiss edirdim. Hər il dekabrın səkkizi. Dörduşaqlı, ağır dolanan ailənin övladı kimi doğum günlərimin videolentə alınması mənim üçün möcüzəvi idi.

Heç ad günü süfrəmiz də zəngin olmazdı. Uzaqbaşı iki növ xörək qoyulardı süfrəyə, sonda da anamın gecədən hazırladığı "ballı" tortun üstünə evdən tapdığımız qədər, yeni yaşıma düz gəlməyən sayda şamı üfləyərək, günə yekun vurardıq. Amma o kasad süfrənin ətrafına elə zəngin insanlar toplaşardı ki. Qaraş İsmayıldan tutmuş Sabir Ələsgərova qədər. Nizamidən başlanan ədəbi söhbətlər S.Vurğunun "Vaqif" poemasında düyünləşər, M.Ə.Sabirdən keçib Muğannaya qədər uzanardı. Xörək bitər, söhbət bitməzdi. Arabir "Maya, bir şeir de görək" deyib, günün səbəbkarını yada salardılar.

Heç nə təsadüfi olmur, deyirlər. Elədir. Heç nə. Nə həyatımızdan keçən Qaraş İsmayıl, nə onun videokamerasına yazılan bayram kimi günlər, nə Sabir Ələsgərovla birlikdə Bakıdan rayona yola düşəndə görüşmək, tanış etmək üçün ən kasıb dostunu - atamı seçməsi, nə hər il dekabrın 8-də qeyd olunan xüsusi doğum günlərim, nə də onun elə həmin tarixdə həyatla vidalaşması. Bəlkə də heç zaman unudulmaması üçün hər doğum günümdə onu xatırlamamağım mümkünsüz olsun deyə, bəlkə hər zaman beynimin bir küncümdə kasıb evimizin ən varlı qonağını düşünüm deyə. Uşaqlığımın ən qürurlu xatirələrində izi olsun deyə. Bəlkə də kamerasının qarşısında dayandığımda mən onun üçün sadəcə 4-5, yaxud 6 yaşını tamamlayan qızcığaz deyildim. Bəlkə də o məni kameranın gözündən bir müsahibi kimi görürdü. Ağıllı, savadlı, lazımlı bir peşənin sahibi kimi. Bəlkə də kamerasına, suallarına bir müsahib marağını hər kəsdən çox məndə hiss edirdi? Bəlkə də bir jurnalistin uşaqlığı kimi yanaşırdı mənə? Bəlkə də.

Amma mənim jurnalist olmaq istəyim "bəlkə"siz idi. Qaraş İsmayıl adı ilə jurnalistə yaranan sonsuz rəğbətim, başqa peşədə kəndir olub boynuma dolanar, ömrüm boyunca boğardı məni. "Mən jurnalist olacam" qədər qəti idi peşə seçimim. Ta uşaqlıqdan. Milli televiziyanın tarixində əhəmiyyətli rolu olan Sabir Ələsgərovun bizim kasıb evdə qonaq olması, yazıçı, jurnalist Qaraş İsmayılın atamla çox yaxın dost olması bizim evdən o zirvəyə gedən yolu görünən edirdi.

Beləliklə, mənə ad günlərimi, özümü, peşəmi, əzbərlədiyim şerləri sevdirən, məni müsahib kimi dilləndirib, peşəsinə vurğun jurnalist kimi yetişdirən, özü də bilmədən xəyalımda əfsanəyə çevrilən şəxsiyyət, 10 yaşım olanda, elə 10 yaşım tamam olduğu gün - 8 dekabr 2002-ci ildə dünyadan köçdü. Evimizin ən əziz qonağını görmək üçün doğum günümə günlər saymadım daha. Onun ildönümü olduğu üçün evimizin yaxınlığındakı məzarına baş çəkirdik həmin tarixdə.

Peşəkar jurnalistlə görüşün məsuliyyətini dərk edərək, yazdığım suallara xüsusi önəm verirdim. O isə hər birinə dərin sükutu ilə cavab verirdi.

Mənim doğum günüm, onun ölüm günüdür bu gün. Xoşladığı şeri söyləcəm ruhuna, bir də bugünkü jurnalistikadan bir az şikayətlənəcəm. Amma jurnalist olduğum üçün ona çoxlu təşəkkür edəcəm. Ötən əsrin jurnalistinə bu əsrdə baş verənlərdən danışacam bir az da.

 





07.12.2020    çap et  çap et