525.Az

Koronavirusdan qurtulmağın yolu... - Türkan Turan yazır


 

Koronavirusdan qurtulmağın yolu... - <b style="color:red">Türkan Turan yazır</b>

Vəziyyət getdikcə pisləşir. İnsanlar sürətlə virusa yoluxur və təəssüf ki, vəfat edirlər. Yüz ildə bir görülən fəlakətin cənginə keçmişik.

Əvvəl bir yoluxma eşidəndə əlimiz, ayağımız titrəyirdi. Amma indi günlük dörd mindən artıq rəqəmə şahid oluruq. Vəziyyət təsəvvür etdiyimizdən daha qorxuludur. Məlum olduğu kimi, virus qapalı məkanlarda, liftlərdə daha çox yayılır. Maskasız və məsafəsiz 2-3 dəqiqə bəs edir, daşıyıcı olmaq üçün. Qucaqlaşan, küçədə bir-birini görəndə öpüşən, əl verib salamlaşan, hələ "mən virusa inanmıram" deyən adamları görəndə günlük dörd-beş minlik yoluxma ilə canımızı yaxşı qurtardığımızı düşünürəm. Təəssüf ki, biz hələ də "ay yoldaş, ay vətəndaş maska tax" mərhələsindəyik. O da qayıdır, "alnımıza nə yazılıbsa, o olacaq, maska taxmaqla deyil" cavabını verir. Bir anlıq fikirləşirsən ki, bu düşüncə sahiblərini bu gün virus da olmasa, sabah cəhalət, cahillik öldürəcək. İlk yoluxmadan 10 ay keçib, bu müddət ərzində dünyanın necə çıxılmaz vəziyyətdə olduğunu görməzlikdən gəlmək böyük təhlükədir. Belə çıxır ki, bu boyda həngaməni götürüb həmin şəxslərin göz bəbəklərinə yerləşdirsən də, xeyri olmayacaq.

Dünən COVİD-19-un ilk yayıldığı Çindəki son vəziyyətlə bağlı maraqlı müsahibə oxudum. Bir-iki yoluxmanı nəzərə almasaq, onlar demək olar ki, bu bəladan qurtulublar. Ümumi ölüm sayları 4634-də, yəni yaz aylarında olduğu kimi qalıb. Halbuki bir çox ölkədə günlük ölüm sayının dörd-beş min olduğu günlərdən keçmişik. Yaxşı, bəs ilk aylar, özü də həmin vaxt peyvəndin olmadığı bir dönəmdə onlar bunun öhdəsindən necə gəldilər? Bu suala Çin Xalq Respublikasının İstanbuldakı konsulu Çuy Vey bir neçə gün əvvəlki müsahibəsində Çində koronovirusla bağlı son durumu dəyərləndirərkən cavab verib: "Virusun şiddətləndiyi dönəmlərdə sərt tədbirlər görürdük. Vəziyyətə görə mərhələli şəkildə tədbirləri ya artırır, ya da azaldırdıq. İlk olaraq 11 milyonluq şəhəri qapatdıq. Şəhəri qapatmaq demək giriş-çıxış qadağası deyildi. On bir milyon insanın hamısı evində oturmalı idi. Bu şəkildə virusa qalib gəldik. Sərt tədbirlər olmadan nəticə əldə etmək mümkün deyil. Əvvəlcə biz nə istədiyimizi bilməliyik. Normal, gözəl bir həyatmı? Onda qısa zaman içində hərəkətə keçmək lazımdır. Ancaq bu şəkildə virusun öhdəsindən gəlmək və normala dönmək olar. Tədbirlər yumşaq olsa, virus hələ çox uzun sürəcək".

Cənab Vey bildirib ki, aylardır Çində ölüm halları yaşanmır: "İçərisində bizimkilər də olmaqla bir çox alim ikinci dalğanın payız-qış aylarında partlayacağını demişdi. Elə də oldu! Çində 7-8 aydır ölüm halları yaşanmır. Bu günə qədər olan vəfat sayımız 4634-dür. Bu rəqəm uzun zamandır dəyişmir, aylar əvvəl olduğu kimi qalıb. Yoluxma sayı isə sıfırdır. Virusun ən sonuncu qeydə alındığı yer bir neçə gün əvvəl Pekin bazarı oldu. Bazar dərhal karantinə alınaraq araşdırılma aparıldı. Məlum oldu ki, virus balıq doğranan taxtanın üzərində olub. Biz lap əvvəldən kontrol etməyi seçdik. Xəstəliyi dəf etməyin yolu davamlı kontroldan keçir. Məsələn, səhiyyə işçilərinə, gömrükçülərə istəsələr də, istəməsələr də, mütəmadi testlər edildi. Çünki onlar daha çox risk altındadırlar".

Çuy Vey maska taxmaqla bağlı məsələyə də aydınlıq gətirib: "Çində vətəndaşlar maska taxmamış evdən çıxmırlar. İnsanları buna məcbur edən yoxdur, amma onlar artıq bunu alışqanlığa çevriblər. Biz ölkə olaraq bunun əla nəticələrini gördük. Məsələn, ötən illərlə müqayisədə bu payız ağız və burun yolu ilə yayılan xəstəliklərin statistikasında ciddi azalma var. Demək ki, maska təmiz, əlverişli və sadə tədbir yoludur. Sadəcə COVİD-19 üçün deyil, digər xəstəliklərdən qorunmaq və insan sağlamlığı üçün də vacibdir".

Konsulun açıqlamasından da göründüyü kimi, qaydalara əməl etsək, vəziyyətdən çıxmaq və ya xəfiflətmək mümkündür. Amma maskanı dar ağacı kimi görən, özünü çarmıxa çəkilmiş kimi hiss edən, polis yaxınlaşan kimi cibindən çıxardıb taxanlarla dolu bir cəmiyyətdə bunu bacarmaq nə dərəcədə mümkündür, orası bir az sual altındadır. Bu davranış şəkli hələ də necə bir təhdid altında olduğumuzu dərk etmədiyimizin xəbərçisidir.

Yeri gəlmişkən, tanışlardan birində yoluxma qeydə alınıb. Mualicə üçün yazılan dərmanları tapa bilmir. Həkim deyir, "bax da, gör neynirsən, birtəhər tap". Yaxşı, həkimlərin zəhmətini gözümüzün önünə gətirərək bu məsələni çox qurdalamadan qoyaq bir kənara. Bəs apteklərdəki vəziyyəti necə görməzlikdən gələk? Bir həftə öncəki qiymətlə, bir həftə sonrakı qiymət yüksələn xətt üzrə dəyişir. Hardadır Operativ Qərargah? Niyə insanların başına bu oyunları açanlara xəbərdarlıq etmir TƏBİB? Niyə Səhiyyə Nazirliyi bu özbaşınalığın qarşısını almır? Ölüm-qalım savaşı verən insanların cibinə göz dikmək, belə məqamda kiminsə öz çıxarını güdməyi hansı vicdana sığır? Çox deyil, bir neçə gün əvvələ qədər xalq Qarabağ üçün erməniyə qarşı bir yumruq oldu və nəticəni bütün dünya gördü. İndi daha betər fəlakətlə qarşı qarşıyayıq. Yenə birləşmək zamanıdır. Vicdanla, məsuliyyətlə bir olmaq vaxtıdır. Əslində, hələ gecikmiş addımdır, amma zərərin yarısından qayıtmaq da karlıdır. Unutmayaq ki, təkcə düşmənlə deyil, virusun bütün növləri ilə savaşmaq ən böyük vətənpərvərlikdir.

Qeyd: Lütfən, maska taxaq, məsafəni qoruyaq, öpüşməyi, sarılıb qoxlaşmağı təxirə salaq!

 





07.12.2020    çap et  çap et