Azərbaycan Dövlət İqtisad
Universiteti, Maliyyə-kredit
fakültəsinin II kurs tələbəsi
Dərin tarixə malik olan müstəqil Azərbaycan Respublikası gənc olduğuna görə bir çox sahələrdə problemlər vaxtında və effektiv həll edilmir. Onların həlli və bu sahədə ediləcək dəyişikliklər cəmiyyət üçün ciddi əhəmiyyət daşıyır.
Bu günlər ölkəmizdə ən aktual mövzulardan biri təhsil sistemidir. Belə ki, inkişaf səviyyəsindən asılı olmayaraq istənilən cəmiyyətdə sosial münasibətlər cari təhsil sisteminin üzərində qurulur. Çünki təhsil sistemi gələcəkdəki işçiləri yetişdirir. İnkişafda olan ölkələrdə olduğu kimi, Azərbaycanda da təhsilə böyük diqqətlə yanaşılır. Lakin biz bu diqqəti yalnız dövlət qurumlarından gözləyirik. Halbuki dünyanın ən qabaqcıl universitetlərində problemləri əsasən yerli sakinlər-tələbələr diqqətə çatdırır daha sonra isə dövlət problemin həlli üçün müəyyən tədbirlər həyata keçirir. Yəni inkişafı yalnız müəllimlərdən və dövlətdən gözləmək lazım deyil. Bu düşüncədən yola çıxaraq kiçik bir nüans kimi görünən, lakin gələcəkdə böyük rola malik olacaq bir fikrə diqqət çəkmək istədim.
Azərbaycanın da inteqrasiya etdiyi region bildiyimiz kimi Qərbdir. Təbii ki, inteqrasiya özünü müxtəlif sahələrdə göstərir, ancaq təhsil kimi dəyərli sahə inteqrasiyadan müəyyən qədər kənarda qalır. Belə ki, universitetlərdə adətən dərsliklər və onların tapılması böyük problemlər yaradır. Mən şəxsən İqtisadiyyat Universitetində təhsil aldığım üçün bu sahəyə uyğun oxunaqlı kitablar tapmaq üçün xeyli əziyyət çəkirəm. Tapdıqdan sonra isə nədənsə cümlələri anlamaqda əziyyət çəkdiyimi hiss edirəm. Uzun araşdırmalardan sonra başa düşdüm ki, bu problem bütün tələbələrin ağrılı yeridir. Səbəbi isə əslində çox da uzaqda deyil, hətta göz önündədir.
Məlum olduğu kimi Azərbaycan son bir neçə əsr Rusiyanın əsarəti altında olub və dilimizdə rus mənşəli sözlərdən xeyli istifadə olunur. Onların bir çoxu isə Avropadan gəlmədir. Azərbaycan da Avropa ölkələrinə inteqrasiya edir və qloballaşan dünyada Fövqəldövlət olan ABŞ-ın rəsmi dili olan ingilis dili hakim mövqe tutur. Bütün bu faktorlarla yanaşı bizim Bakalavr dərsliklərimizdə “niyə üstünlük ərəb-fars sözlərinə verilməlidir” deyə bir böyük sual meydana gəlir.
İkinci bir tərəfdən məsələyə baxsaq görərik ki, dərsliklərdəki cümlələr kifayət qədər uzundur və nə qədər güclü məntiqin olsa da, onları başa düşmək bir o qədər də çətin və vaxtaparan olur. Qeyd etdiyim anlaşılmaz sözlərin əksəriyyəti isə işlək olmayan fars mənşəli sözlərdir. Ancaq dərsliklərimizdə bu cür sözlərin əvəzinə rus-avropa mənşəli sözlər olsaydı, bu zaman tələbələr daha tez anlayar və beləliklə vaxt itkisi yaşamazdılar. Məsələn “iqtisadiyyat”, “mötədil”, “bu və ya digər halda”, “əlahiddələşmə” sözləri əvəzinə “ekonomika”, “normal”, “oxşar”, “spesifik” sözləri daha məqsədəuyğun olardı. Bu kimi misalları istədiyimiz qədər artıra bilərik.
çap et