525.Az

Eyforiya - Esse


 

Eyforiya - <b style="color:red">Esse </b>

Hələ eyforiyadayıq, bilirəm. Xoşbəxtlikdən bir az havalara uçmuşuq, bir az Qarabağa. Amma müharibənin yaraları zamanla peyda olur, əzizim. Məsələn, atasının fotosunu qucaqlayan bir fidanın göz yaşlarında, gecələr bayrağa hıçqıran ağsaçlı anaların fəryadında, ya da tabuta sarılmış gənc bir qadının ümidsiz barmaqlarında...

Bir gün bu eyforiya da keçəcək, bilirəm. Və reallığın ütüsüz tərəfiylə burun-buruna gələcəyik. Sən də, elə mən də asta-asta, ehmal-ehmal hazırlaşacayıq yarım qalmış şəhid arzularına şahid olmaq üçün. Bax onda biləcəyik ki, biri varıymış və biri yox olmuş. Gözəl ud çalarmış həmin o yox olan. İndi udu susmaqdan darıxır bir küncdə.

Hələ biri vardı, məhləmizin ən güclü idmançısı, indi yoldan keçəndə arabadan boylanır bir idman meydançasına, bir də ayaqlarının yerini tutmuş gen-bol boşluq parçasına...

Biri də vardı, biri də vardı, sevgilisinə özəl hər gecə şeir yazardı. İndi sevgilisi həmin şeirləri unutmaq üçün bir bucaq axtarır bu gen dünyada...

Qovala getsin, burax uçsun bu pessimistlik buludunu!

Bizi də soyudacaq bir gün, torpağın üzü soyuqdur... Hə, yavaş-yavaş bu qanlı əjdahanın pusquda durub şikar gözlədiyini unutmaq istəyəcəyik.

Qalib addımlarımz ehtiyatla atılacaq doğma torpaqlarda. Hər an sağımızda, solumuzda partlayacaq mina xəbərləri ilə yaşayıb gedəcəyik bu ömrü. Amma yox, bütün partlayışlar bədniyabət olmayacaq ki.

Yəqin bir gün qonşu qızının hərisində şampan şüşəsi də partlayacaq, ya da gəlin başmağının zərbiylə toy evinin kandarındakı boşqab.

Hə, bir də düşmən gözü partlayacaq toy karvanları sıralandıqca ard-arda. Tabut girən evlərdən də xonçalar çıxasaq əlbət. Qara bağlamış darvazalara qırmızılar  elçi gələcək mütləq. Uzaqlar yaxın, xarabalıqlar laləzar olacaq. İldən-ilə düşmənin bağrı partlayacaq, bizimsə işıqlı sabahlara açılan ümidlərimiz...

Və bu partapartların arasında böyüyən uşaq günün birində əlində bayrağı, başında əsgər papağı şəhid qəbrinə təzim edəcək:

- Salam, ata, xoş gördük! Gəldim elə deyəm ki, Qarabağ Azərbaycandır! Azərbaycandır Qarabağ!

 





08.12.2020    çap et  çap et