525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm hər bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Hərəyə bir cür ömür və bir cür son yazılıb. Amma elə insanlar var ki, onlar Allah qatında seçilmişlərdir. Onlar ölmür, sadəcə cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Vətənimiz Azərbaycan tarix boyu müstəqilliyi, ərazi bütövlüyü uğrunda çox şəhidlər verib. 1990-cı illərin əvvəllərində mənfur düşmən - erməninin Qarabağa qarşı qaldırdığı ərazi iddialarıyla başlayan müharibədə 11 mindən çox oğul və qızlarımız qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Amma təəssüf ki, onların və xalqın əlində olmayan səbəblərə görə iyirmi faiz torpaqlarımız yağı düşmənin əlinə keçdi. Nəhayət, otuz ilə yaxın müddətdən sonra ötən ay böyük qələbəmizi qeyd etdik. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz torpaqlarımızın azadlığıyla nəticələndi. Müharibə varsa şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın cəsur, vətənpərvər igidi torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq başladığımız yeni layihədə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

Şahanə MÜŞFİQ
[email protected] 

***



Əhmədov Natiq
Namiq oğlu 1997-ci il martın 9-u Bakıda anadan olub. 86 nömrəli orta məktəbi bitirdikdən sonra təhsilini kompüter texnologiyaları ixtisası üzrə davam etdirmişdi. Buna baxmayaraq, bərbərlik sənədini seçib, o üzrə fəaliyyət göstərirdi. Arzusu professional usta, stilist olmaq idi.

Natiqin 6 yaşı olanda anası xərçəng xəstəliyindən vəfat etmişdi. Ata və ana nənəsi birlikdə 3 bacı və Natiqi böyüdürlər. Lakin Natiq anasının yoxluğunu həmişə hiss edib. Bacısı deyir ki, evin ən kiçiyi olmağına baxmayaraq, həyatı dərk edən, igid, qorxmaz, çalışqan və mehriban biri, 3 bacısının köməyi-dayağı idi.

2014-cü ildə Naxçıvanda milli ordunun tərkibində hərbi qulluqda olur, 2016-cı ildə qayıdır, bərbər kimi çalışmağa başlayır. Bir çox arzusu vardı Natiqin. Onlardan biri də halal zəhmətiylə ev tikmək olub.

Natiq Tovuz hadisələrində könüllü olaraq döyüşə yazılır. Müharibə başladığı gündən isə ailəsi, əzizləri ilə görüşüb halallaşaraq, "Nə olur olsun, Milli Qəhrəman olmaq istəyirəm" - deyib, cəbhəyə yola düşür. İlk günlərdə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir. Ara-sıra zəng vurur, ailəsiylə danışardı. Atası ilə söhbətində deyir: "Füzulidə bəlkə 120-150 maşın dayanıb,  həmyerlilərimiz bizi alqışlayır, bizim üçün dua edir, bizə təşəkkür edirdilər, çox qürurverici hissdir". Atası isə "mən səninlə, sənin kimi oğullarla fəxr edirəm" - deyir.

Oktyabrın 11-i səhər tezdən zəng vurub deyir ki, biz Hadruda hücuma gedirik, nigaran qalmayın, bizim üçün dua edin, qorxmayın, haqqınızı halal edin. Bu, onun son zəngi olur. Səhəri gün - oktyabrın 12-də şəhid xəbəri gəlir.

Oktyabrın 12-si həm də Natiqin anasının vəfat günüdür. Ayın 13-ü anasının dəfn günündə şəhidimiz də son mənzilə yola salınır. Uşaqlıqdan ana həsrətilə böyüyən Natiqin anası ilə eyni gündə dəfni təsadüfi deyildi. Döyüşçü yoldaşlarının sözlərinə görə, son nəfəsində "gedirəm anamın yanına"- deyib. Döyüş yoldaşları Natiqi öz mərdliyi, igidliyi, mehribanlığı ilə bütün batalyonun hörmətini qazanmış döyüşçü kimi xatırayırlar.

***



Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, Baş leytenant Abbaslı Arif Firuz oğlu 15 dekabr 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2012-ci ildə Naxçıvan Hərbi liseyini birinciliklə bitirmiş, Fəxri kötüyə adı həkk olunmuşdu. Daha sonra həmin il Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olur, 2016-cı idə oranı uğurla bitirib, XTQ-in 6 aylıq kursunda təhsil alır. Türkiyədə paraşütçülük, dağa dırmanma, üzgüçülük, xizəkçiik təlimlərində də olub.

Döyüş yoldaşları da təsdiqləyirlər ki, şir ürəkli Arif Hadruta ilk ayaq basan olub, erməni ilə üz-üzə olub onları məhv etdikdən sonra yoldaşlarını da ardınca aparıb. Əməliyyatın uğurlu alınmasında ən önəmli isimlərdən olub.

O, həyat yodaşı Könül xanımla söhbətlərində gah zarafat, gah da ciddi şəkildə şəhid olacağını deyib, həmin vaxt nəyi necə etməli olduğunu başa salıb.

Oktyabrın 10-da Füzuli uğurunda gedən döyüşlərdə qəhrəmancasına arzusunda olduğu Şəhidlik zirvəsinə ucalır. Vəsiyyət etdiyi kimi, 2-ci Fəxri Xiyabanda General Polad Həşimovun dəfn olduğu sırada torpağa tapşırılır. Vətənə əmanət qoyduğu 1 yaş 2 aylıq Ləman adlı qızı var. Son sözləri isə "qızımı heç 3-4 ay da olsa görə bilmədim" olub.

***



Leytenant Bəşirov Hakim Nizam oğlu 2 mart 1989-cu ildə İmişli rayonunun Əlyetməzli kəndində anadan olub. 1996-cı ildə İmişlidə 8 nömrəli məktəbdə 1-ci sinifə gedib. 2007-ci ildə 181 saylı məktəbi bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. 2018-ci il 15 mart tarixindən etibarən leytenant rütbəsini qazanıb. Hakim çox sakit təbiətli və həssas insan olub.

Sentyabrın 27-dən etibarən müharibədə iştirak edib. Döyüş bölgəsinə yollandıqda anasına ətraflı heç nə deməyərək, yaxınlarına müharibə ehtimalı ilə Beyləqana təlimə aparırlar deyə bildirib. Ailəsi deyir ki, səhər sağollaşanda sanki hər şeyi hiss eləmişdi. Qardaşının balaca qızını əvvəlcədən qucaqlayıb yola salmasına baxmayaraq, məktəbə aparılanda avtobusun arxası ilə qaçaraq onunla yenidən sağollaşıb.

Ailəli idi, ondan bizə iki övladı yadigar qalıb.

Oktyabrın 20-də Qubadlı uğrunda gedən döyüşlərdə ayağından ağır yaralanmasına baxmayaraq, yaralı yoldaşlarını geri çəkib, onların ölümünə razı olmayıb, özü qabağa gedərək, son nəfəsinə qədər düşmənlə mübarizə aparıb, qəhrəmanlıqla Şəhidlik məqamına yüksəlib. Yaralı yoldaşı xəstəxanadan yaxınlarına zəng edərək, onun şəhadət xəbərini verib. Hakimi həm yoldaşları, həm də bütün xalq cəsurluğu, mərdliyi ilə xatırlayacaq.

***



Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Əliqismət Yaqublu 1992-ci il aprelin 18-də Lerikin Kələxan kəndində anadan olub. Atası Mükafat Yaqubov və əmisi Etibar Yaqubov - hər ikisi yazıçıdırlar. Ziyalı ailəsində böyüyən Əliqismətin vətən sevgisi ta uşaqlığından beyninə, ruhuna və qəlbinə hakim kəsilir.

Vətən müharibəsində əmisi oğlu Cahid Yaqubovla birgə döyüşən Əliqismət hər zaman döyüşə əsgərlərdən öndə atılıb. İki əmioğlu bir-birini son dəfə oktyabrın 29-da görüblər. Sonra altı günlük mühasirə olub və Cahid yaralanıb. O, göstərdiyi şücaətə görə fərqlənmə medalı ilə təltif edilib. Əliqismət isə qızğın döyüşləri davam etdirib. Onun tabeliyində olan hərbi hissə düşmən tərəfindən qradla vurulub. Yaralıları xilas etsə də, özü çıxmayıb və ikinci dəfə vurulanda qəhrəmancasına şəhid olub. Beləcə, qələbəyə çox az qalmış, noyabrın 5-də ölümüylə ən uca məqama yüksəlib. Ondan əmanət iki azyaşlı oğlu qalıb.

***



Hərbçi İsmayılov Elvin Tələt oğlu mart ayının 9-u 1989-cu ildə Beyləqan rayonu İkinci Əlinəzərli kəndində anadan olub. Cəmi doqquz ay idi ki, çox sevdiyi Şəhla xanımla ailə həyatı qurmuşdu, doğulduğu kənddə yaşayırdı.

Ta uşaqlığından Vətənini, torpağını, bayrağını canından artıq sevən Elvin ömrünü də hərb sənətinə bağlamışdı. Qarabağın azadlığı uğrunda başlayan müharibəyə də ilk tələsənlərdən olur Elvin. Müharibə başlanan gün - sentyabrın 27-də döyüşə yollanır. Amma nə yazıq ki, mənfur düşmənin gülləsi elə həmin gün onu həyatdan qoparır. Elvin İsmayılov sentyabrın 27-də Füzuli rayonunda şəhidlik zirvəsinə ucalır. Uğrunda canını verdiyi torpağa isə oktyabrın 3-də dəfn olunur.

Həyat yoldaşı Şəhla xanım deyir ki, Elvin döyüşə gedərkən son sözləri "səni şəhid xanımı edəcəyəm" olub. Həmişə sözünün üstündə duran Elvin son sözünün üstündə də beləcə durur.

***

Mixail Həmidov 1983-cü ildə Almaniyada hərbçi ailəsində anadan olub. 1991-2001-ci illərdə 72 nömrəli məktəb-liseydə təhsil alıb. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olub, 2005-ci ildə həmin məktəbi kəşfiyyatçı olaraq bitirib. Rus və ingilis dillərindən savayı, erməni dilində də danışmağı bacarırdı. 6 il ərzində Xüsusi Təyinatlı Qüvvələrin sıralarında leytenant kimi xidmət edir. 2011-ci ildə könüllü olaraq ordudan təxris olunur.

2013-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin idarə edilməsi" üzrə magistr təhsili alan Mixail Həmidov, uzun müddət bank sektorunda işləyib. Əvvəl "AGBank"da, son olaraq "Xalq Bank"ın Mingəçevir şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlayanda, Mixail Həmidov könüllü döyüş meydanına yollanır. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Ermənistan ordusunun bir neçə strateji postunun ələ keçirilməsində xüsusi rol oynayır. Buna görə də silahdaşları tərəfindən "Mixaylo" ləqəbini qazanır. Mixail Həmidov oktyabrın 24-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Üçüncü Fəxri Xiyabanda dəfn olunub. Ailəli və üç övlad atası idi.

 





08.12.2020    çap et  çap et