525.Az

Dünyaya şəhidlik dərsi verən Azərbaycan müəllimləri - Təhsil


 

VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏ NAMİNƏ AZƏRBAYCANIN TƏHSİL İCTİMAİYYƏTİ DƏ BÖYÜK FƏDAKARLIQLAR GÖSTƏRDİ

Dünyaya şəhidlik dərsi verən Azərbaycan müəllimləri - <b style="color:red">Təhsil</b>

Haqq savaşında, Vətən müharibəsində qələbələr qansız-qadasız, itkisiz qazanılmır. Hər yeni mübarizə yeni qəhrəmanları üzə çıxarır.

Sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan haqq döyüşümüzdə şanlı qələbəni istər ön cəbhədəki, istərsə də arxa cəbhədəki cəsurlar hesabına əldə etdik. Qəhrəmanlıq, şəhidlik zirvəsini fəth edənlər sırasına təhsil ictimaiyyəti üzvlərinin də adı yazıldı. 

Şanlı tarix yazan tarix müəllimi 

Karyerasına müəllim kimi başlayıb, ehtiyatda olan zabit kimi davam edən və sinifdən səngərə uzanan yolunu şəhadətilə taclandıran qəhrəman müəllim Famil Əhmədzadə... İsmayıllı rayonunda savadlı müəllim kimi tanınırdı. Ancaq indi onu bütün Azərbaycan tanıyır. O, azərbaycanlılar üçün tarix yazan tarix müəllimlərimizdən biridir.

Famil Əhmədzadə 1997-ci ildə Dövlət İdarəçilik Akademiyasını qırmızı diplomla bitirib. Elə o vaxtdan İsmayıllı rayon E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə tarix müəllimidir. Fəaliyyətinin ilk günlərindən şagirdlərinin və müəllim kollektivinin rəğbətini qazanıb. Qısa zamanda rayonun tanınmış simasına çevrilib. Rayon tədbirlərini hər zaman o idarə edib. 2020-ci ildə Vətən müharibəsi başlayanda ehtiyatda olan baş leytenantın da müraciəti dəyərləndirilib və Famil Əhmədzadə döyüşlərə cəlb edilib. Azərbaycan Ordusunun minlərlə könüllü döyüşçüsündən biri olaraq cəbhəyə yollanıb və orada da öz sözünü deyib. Oktyabr ayının 14-də Talış və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Ağstafa rayon 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyevin də adı qələbədə payı olan müqəddəs şəhidlər sırasındadır. Elvin İmaməliyev 1989-cu ilin mayın 9-u Ağstafa rayon Qırılı kəndində ziyalı ailədə dünyaya gəlib. Orta təhsilini Qırılı kəndində bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək elə doğulduğu kəndin məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak etmiş və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Nümunəvi məktəb direktorlarından biri olub  Elvin müəllim. O, 2020-ci il iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü olaraq orduya yazılıbmış. Sentyabr ayında müharibə başlayanda isə ön cəbhəyə yollanıb. Şuşa şəhərinin azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşub, şəhərin azadlığa qovuşmasının sevincini yaşayıb. Təəssüflər olsun ki, qələbəmizə cəmi 1 gün qalmış, noyabrın 9-da Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq şəhid olub.

Keçən il "Bayraq Günü" ilə bağlı tədbirin sonunda çıxışı zamanı ən böyük arzularından birinin də bayrağımızın Şuşada dalğalanacağı günü görmək olduğunu deyib Elvin müəllim. Onda heç özünün də ağlına gəlməzdi ki, Şuşanın azadlığa qovuşmasında onun da payı olacaq. Əfsuslar olsun, qələbə xəbərini özü şagirdlərinə, məktəb kollektivinə çatdıra bilmədi. Bu gün Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbin müəllim, şagird kollektivinin qürur yeri, fəxridir. Məktəbin tarixində Elvin müəllimin adı əbədi yaşayacaq və böyük ehtiramla yad ediləcək.

Lerik rayon Sors kənd ümumi orta məktəbinin tarix müəllimi Elgün Quliyev də döyüşlərə qatılan, müharibənin bitməsinə saatlar qalmış şəhid olan müəllimlərdən biridir. Anasının yeganə oğlu, 3 bacının bir qardaşı Elgün də bu il müəllim adı qazanmışdı. İlk dəfə sinfə girəcəkdi. Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində topladığı 52 balla Lerik rayon Sors kənd ümumi orta məktəbində dərs demək hüququ əldə etmişdi. Şagirdlərinə tarixdə qalanlardan danışacaqdı Elgün Quliyev. Ancaq özü tarixə çevrildi. Müasir tariximizin şanlı səhifələrindən birini də məhz o yazdı. Müharibənin bitməsinə saatlar qalanda şəhid olan müəllimlərdən biri oldu. 

Müəllim kimi fədakar, döyüşçü kimi qəhrəman... 

Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müəllimi Rabil İsmayılov da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Vətən Müharibəsində fədakarlıqla iştirak edən döyüşçü müəllim 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında 55 bal toplayaraq işə qəbul olunmuşdu. İstedadlı olmaqla yanaşı, həm də sözün həqiqi mənasında yaxşı müəllim olub Rabil İsmayılov. İxtisasını mükəmməl bilən müəllimə çalışdığı məktəbin direktor və müəllim kollektivi "Riyaziyyatın atası" deyirmiş. Dərsdə heç vaxt oturmur, ya  partaların arasında, ya da əlində təbaşirlə lövhənin önündə olurmuş Rabil müəllim. Bu il məktəbin qalib olduğu qrant layihəsinin müəllifi də məhz R.İsmayılov olub. 

Kürdəmirdə şagird, Masazırda müəllim, Şuşada şəhid... 



Torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən və şəhidlik zirvəsinə ucalan müəllimlərdən biri də Qoşqar Ömərovdur. O, Kürdəmirdə doğulub, Abşeron rayonunun Masazır kəndindəki ən müasir məktəblərdən birində, 5 nömrəli tam orta məktəbdə şagirdlərinə hesablama elmini öyrənməkdə bələdçilik edirdi. Ta sentyabrın 27-nə qədər o bir müəllim idi şagirdlərinin gözündə. Amma artıq, yəni Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhid olandan sonra bir qəhrəmandır. 44 günlük Vətən müharibəsinin son günlərinə qədər döyüşdü. Noyabrın 5-də şəhidlik zirvəsinə yüksələnədək davam edən ömrü qısa olsa da, amacı böyük olan döyüş yolunu da məharətlə 26 illik ömrünə sığdırdı.

Qubadlı uğrunda gedən döyüşlərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin müəllimi Emil Qurbanov 5 güllə yarası alaraq şəhadət şərbətini içib. Emil müəllim Lənkəran şəhər 7 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədər hərbi hazırlığı müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini idi. Hərbi xidmətdən sonra bir müddət hərbçi kimi fəaliyyətini davam etdirib taqım komandiri olmuşdu. Ancaq sonradan ailəsini yanına apara bilmədiyindən özü hərbi hissədə fəaliyyətini dayandıraraq rayona, ailəsinin yanına qayıdıb.  Həm məzunu olduğu 7 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədər hərbi hazırlıq müəllimi, həm də "Zirvə" İdman Kompleksində məşqçi kimi işə başlayıb. 2006-cı ildən bu yana yetişdirdiyi idmançılarla böyük uğurlara imza atıb.  

Şuşa uğrunda canını əsirgəmədi 

Rəvan Lətifov isə Vətən müharibəsi başlayanda Sincan kənd tam orta məktəbində təşkilatçı-müavin olub. Sentyabrın 29-da Vətən müharibəsində iştirak etmək üçün çağırış vərəqəsi alıb və məktəbi döyüş meydanı ilə əvəz edib. Qısa döyüş yolu Şuşaya qədər gedib çıxdı. Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Şəhadət xəbərini ailəsi noyabrın 16-da alıb və o, Xaçmaz kəndindəki "Şəhidlər Xiyabanı"nda dəfn edilib.

Gəncənin qürur mənbəyi olan şəhidlərindən biri də Rəşad Məmmədovdur. Həyat yolunu cızarkən silah yox, qələm götürməyə üstünlük vermişdi. Qələmlə ondan əvvəl yazılmış tarixi yaşatmaq, anlatmaq, gələcək nəslə ötürməyi hədəfləmişdi. Sadəcə müəllim olmaq istəmişdi. Bu istəklə də orta məktəbi bitirib ali məktəbə - Gəncə Dövlət Universitetinə daxil olmuşdu. Sonra daha yaxşı müəllim olmaq istədi. Bu həvəslə GDU-da magistratura təhsili aldı. İnsan yetişdirmək, insanın şəxsiyyətə çevrilməsi prosesində fəal rol oynamaq idi niyyəti. Hazırlaşıb müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatıldı və 2018-ci ildə 51 bal toplayaraq yaxşı müəllim olacağına dair bir şübhə yeri qoymadı. Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbi seçdi. Çox keçmədi ki, məktəbin sevimli tarix müəllimi oldu Rəşad Məmmədov. Onun müəllim ömrü 2 il - Azərbaycan Ordusunun Qarabağda əks-hücum əməliyyatlarının başladığı günədək sürdü. Əməliyyatların başlanması ilə əli qələmli Rəşad müəllim dönüb oldu əli silahlı əsgər. Tarixin səhvini qələmlə düzəldə bilməyəcəyini anladı hər halda. Əlindəki qələmlə son 30 illik tarixin üstündən qara bir xətt çəkib silahla yeni tarix yazmağa qərar verdi. Canından çox sevdiyi vətəni, torpağı uğrunda gedən döyüşlərdə şücaət göstərdi Rəşad müəllim. Vətənin azadlığı uğrunda gedən döyüşlərin birində də  qəhrəmancasına həlak oldu.   

Öncə Vətən!

Şəhid müəllim Vidadi İsrafilov Daşkəsənin Gurbulaq kəndində doğulub, böyüyüb. Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsini bitirib. Riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Vidadi müəllim onu qorumaq, ərazi bütövlüyünü təmin etmək üçün canından keçəcək qədər çox sevdi torpağını. Vətən müharibəsi başlayan kimi riyaziyyat müəllimi Vidadi İsrafilov hərbi komissarlığa müraciət edərək sentyabrın 29-da "öncə Vətən" deyib arxasında qoyduğu 5 və 6 yaşında olan iki övladını ata-anasına həvalə edərək döyüşlərə yollanıb. Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşə-döyüşə Şuşaya qədər gedib çıxıb. Müharibənin bitməsinə bir neçə saat qalmış ağır yaralanan Vidadi İsrafilov qəhrəmancasına şəhid olub.

***

Təhsil naziri Emin Əmrullayev deyir ki, Azərbaycan müəllimi Vətən müharibəsindən üzüağ, başıuca çıxdı: "Həm özü şəhidlik zirvəsinə ucaldı, həm də yetişdirdiyi Vətən övladları bu adı haqq etdilər! Düşmənə dərs keçən müəllimlərimizi ehtiramla anırıq. Xalqımızın böyük qələbəsində Azərbaycan təhsil işçilərinin uzunmüddətli bir əməyi vardır. Bu çox vacib məqamdır. Çünki hər bir insanın müəllimi var. O cümlədən də, bu döyüşlərdə iştirak edən, bu qələbədə rolu olan hər bir insanın və müəllimlərimizin. Döyüşlərə qatılan və vətən uğrunda canından keçən müəllimlərimizə Allahdan rəhmət diləyirəm".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





08.12.2020    çap et  çap et