Həsrət sevgiylə birgə doğulur... Sevgiylə bərabər ölür. Sevməsən həsrət çəkməzsən, can atmasan, yoxluğuna yanmazsan. Əslində, məhəbbətin böyüklüyünü elə həsrətin ağırlığı, “çəki”siylə anlamaq olur. Əsl, həqiqi aşiqdən ötrü hər şey həsrət çəkmək üçün bəhanədi. Əbədi ayrılığa, uzun hicrana ehtiyac da yoxdu heç... Doğrudan da sevirsənsə, bütün ürəyin, beyninlə aşiqsənsə, ayrılandan beş dəqiqə sonra da darıxa, özləyə, həsrət çəkə bilərsən. Hələ gözündən itməmiş, uzaqlaşmamış təklənirsən, ürəyin sıxılır. Bir az sonra alışırsan bu halına, həmişə, hər yerdə darıxmaq gündəlik ovqatına çevrilir. Sevgilin yaxında, yanında olanda belə həmin halları keçirirsən, indinin yox, gələcəyin dərdini çəkirsən ona görə... Qəribə qorxular, təlaşlar alır canını. Birdən, Allah eləməmiş...
Həsrət zəiflədir səni... qanın azalır, ürəyinin ritmi azalır elə bil. Üşüyürsən! Sızıldayırsan! Vüsal gününün yaxında olduğunu bilsən də yer tapmırsan özünə. Günləri yox, saatları sayırsan... Axşamlar tez yatırsan, gün tez keçsin. Zaman qatilinə çevrilirsən, dayanmadan vaxt öldürürsən. Ta ki o ana, qovuşma anına qədər. Elə ki sevdiyinlə birləşdin, ürəyinin həsrət yükü yüngülləşdi, dünya sənindi. Bütün ağrıların, əzabların çıxır canından, harasa yox olur. Ürəyinin sızıltısı da itib gedir. Elə bil heç olmayıb. Quş kimi yüngülsən, uşaq kimi qayğısızsan, azadsan, rahatsan. Həsrətsizsən ona görə. Müvəqqəti ayrılığa, müddətli hicrana qalib gəlmisən...
Amma Allah eləməmiş ayrılıq qaçılmazdısa, həmişəlikdisə, bu həsrət səni heç vaxt rahat buraxmayacaqsa, onu heç nə ilə ovuda bilməyəcəyinə əminsənsə, necə yaşayasan?! Bunu ağla, təsəvvürə belə gətirmək üzücüdü... Yumşaq desək, üzücüdü! İsa İsmayılzadənin “Həsrət” şeiri də bu mövzudadı. Şeirdə çox kədərli bir hadisə var. Elə ilk misralardan adamı qüssə bürüyür. Amma bir az daha başqa gözlə oxuyanda şairin poetik priyomlarına, adi fikri orijinal ifadə məharətinə heyrətlənirsən. Aşiq sevdiyi qızın başqasıyla ailə qurmasını son dərəcədə qeyri-adi şəkildə təsvir edir: “Sən qanadlı xəbər kimi yad qapını açan gündən... ” Şairdən ötrü həsrətin tarixi də elə bu gündən başlanır. Şeirin davamını bir qədər də avtobioqrafik hesab etmək olar. Şair özündən danışır. Bir otaqlı evindən, qatarla, təyyarəylə səyahətlərindən, alqış dolu salonlarda çıxışlarından, ürək ağrılarından və s. Bir sözlə aşiq sevgilisindən ayrılsa da, həyata davam etmək, hansısa yolla xilas olmaq istəyir əzablarından. Nə qədər də həyatidi, realdı bu fikirlər, deyilmi? Axı doğrudan da, insanın qəlb ağrıları, könül rahatsızlıqları olanda məişətdən, işdən, gündəlik vəzifələrindən yapışır. Daha doğrusu baş qatır, fikrini yayındırmağa, o haqda düşünməməyə çalışır. Amma çifayda. O həsrət ürəyinin içindədisə, nə hər günkü işlər, nə ev-eşik qayğıları, nə də real həyat sevincləri ovudan deyil səni... Çünki İsa İsmayılzadə dediyi kimi, həsrəti heç bir yerdə azdırmaq, ondan qurtulmaq olmur. Bəlkə yalnız xəyallarla, özünü aldatmaqla az da olsa sakitləşir, toxtayırsan. Xatirələrinə sarılırsan, xoşbəxt günlərini yada salıb rahatlaşmaq istəyirsən...
...Şair həsrət çəkən adamın bu halını da çox orijinal, qeyri-adi yolla ifadə edir... Ürəyini ovutmaqdan ötrü xatirələrlə uşaq kimi oynamasını deyir. Ancaq gözünü açan kimi o xatirələrdən ayrılmağın yüz qat artıq incidir. Çünki bilirsən ki, daha olmayacaq. Nə o görüşlər, nə rahatlığın, nə də elə səadət... Həsrətdən boğulursan az qala... Və birdən şair – Nə yaxşı ki həsrətin var! – deyir. Diksindin, eləmi? Amma həsrət varsa, sevgi var. O, baş qatdığın iclas salonları, işlər, səfərlər yaşamaq deyil axı... Əzab çəksən də, həsrətdən havalansan da, sevirsən! Xoş sənin halına... Yaşayırsan! Yaşadırsan həsrəti!
İsa İsmayılzadə: “Sinəmdəki ürək deyil,
həsrətindir...”

Sən qanadlı xəbər kimi
yad qapını açan gündən –
Həsrətinlə yaşayıram bir otaqda,
Həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada.
Qatarlarda, təyyarələrdə, gəmilərdə
sənəd kimi öz yanımla
gəzdirirəm həsrətini,
Ora-bura sürüməkdən
bezdirirəm həsrətini.
İstəyirəm azdıram mən həsrətini
alqış dolu salonlarda –
bacarmıram.
İstəyirəm azdıram mən həsrətini
dalanlarda,
döngələrdə,
izdihamlı küçələrdə –
bacarmıram.
Həsrətinə gücüm çatmır, sənə – əlim.
İstəyirəm həsrətini
meşələrə, dənizlərə, atıb gəlim –
bacarmıram.
Həsrətinə gücüm çatmır, sənə – əlim.
Süfrəmdəki çörək deyil, həsrətindir,
Sinəmdəki ürək deyil, həsrətindir, – hey
döyünür.
Ürəyimin başını mən
ovuduram bir uşaq tək.
Səndən qalan xatirəni,
Olub-qalan həsrətini
Ürəyimin qabağına atıram mən
oyuncaq tək.
öz başımı qatıram mən
bir uşaq tək.
Həsrətini içirəm mən,
Həsrətini çəkirəm mən,
Nə yaxşı ki, həsrətin var!..
Həsrətinlə yaşayıram bir otaq
da,
Həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada.
Yaşayıram,
yaşayıram,
yaşadıram həsrətini.
çap et