525.Az

Vətən müharibəsində ilk bayraq ucaldan şəhid


 

Vətən müharibəsində ilk bayraq ucaldan şəhid<b style="color:red"></b>

Şəhidlər ölməz, vətən bölünməz

“Üçrəngli bayrağı öz qanlarıyla Vətən göylərinə çəkdi şəhidlər...”

Böyük Vətən müharibəmizin şəhidləri öz qanlarıyla Azərbaycanın şanlı bayrağını Qarabağ üzərində, işğal olunmuş torpaqlarımızın səmasında dalğalandırdılar. O bayrağı o torpaqlarda ilk ucaldanlardan biri də Natiq Verdiyevdir. Çoxları onu Murov üzərinə qaldırılan bayraq videosundan xatırlayır. Bu yazıyla isə igidimizi daha yaxından tanıyacağıq.

Verdiyev Natiq Əlimurad oğlu 5 fevral 1995-ci ildə Xızı rayonu Xələnc kəndində anadan olub. 1 sentyabr 2001-ci ildə 9 illik Xızı rayon Xələnc kənd məktəbində təhsil almağa başlayıb. 2010-cu ildə həmin məktəbi bitirərək Sumqayıt Texniki Kollecində "Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti" ixtisası üzrə təhsilini davam etdirib. 2013-cü ildə təhsilini bitirərək Tərtərdə N saylı hərbi hissədə xidmətə başlayıb. 2015-ci il yanvar ayında hərbi xidmətini bitirib. 2016-cı ildə "Aprel döyüşləri" uşaqlıqdan qəlbi vətən sevgisiylə döyünən Natiq üçün başqa bir həyatın başlanğıcı olur. Döyüşkən ruhlu gənc  könüllü olaraq orduya qoşulmaq qərarına gəlib və Bakıda 3 ay kurs keçərək, 5 illik müqavilə ilə xidmətə başlayıb. İyulun 7-i Naftalana yola düşüb. Daha sonra isə Tərtərə gedərək Xüsusi Təyinatlı Qüvvələrdə "kəşfiyyatçı" kimi hərbi qulluğunu davam etdirib.



Natiq bu sənəti seçərkən gec və ya tez şəhid olacağını bilirdi, o günü gözləyirdi. Çünki bu şərəfli zirvə onun ən böyük arzusu, həyat amalı idi. Seçdiyi və addım-addım yaxınlaşdığı bu zirvə onu 2020-ci ildə gözləyirdi.
Bu il sentyabrın 27-də Vətən müharibəmiz başlanan gündən Natiq də öndə irəliləyən döyüşçülərimizdən olur. O və döyüş yoldaşları bununla kifayətlənmir, ilk qələbə şərbətini də məhz həmin gün dadır, xalqa daddırırlar. Belə ki, Natiq döyüş yoldaşları ilə birlikdə işğaldan azad etdikləri Murov yüksəkliyinə bayrağımızı Azan sədaları altında sancaraq ilk qələbə sevincini xalqımıza yaşadırlar. İşğaldan ilk azad olunan torpaqlar üzərində dalğalanan ilk bayraq artıq onlara əmanət idi. Bu qəhrəman igidlərimiz də çətin şərtlərdə, soyuq havada üç gün ac-susuz qalaraq bayrağı müdafiə edirlər. Onların bayrağın yanında çəkilmiş görüntüləri insana qürur, sevinc qarışıq qəribə hüzn də yaşadır. Üzərində dayandığın torpağın müqəddəsliyini, ucalığını bir daha ən dərin duyğularla hiss edirsən. Çünki o torpağın hər qarışında Natiq və onun kimi qəhrəman oğulların alın təri, zəhməti, əzablı günləri, qanı, canı var. O oğullar ki, onların hər biri bir ana yavrusu, bir qardaş dayağı, bir bacı pənahı, bir sevgili qisməti idilər. Amma onlar vətən yavrusu, xalq dayağı, Qarabağ pənahı, torpaq qisməti, əbədiyyət yolçusu olmağı seçdilər.

Gizir Verdiyev Natiq də oktyabrın 1-də Vətənin, bayrağın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq, əbədiyyətə qovuşdu. O, oktyabrın 3-də Xızı rayon Xələnc kənd qəbristanlığında dəfn edilib.



Qardaşı Famil onun uşaq yaşlarından vətənpərvər biri olduğunu deyir:

“O, lap uşaq yaşlarından vətənini, torpağını sevən, döyüş ruhlu idi. Hərbi xidmətdən 2015-ci ildə qayıtmağına baxmayaraq, 2016-ci il aprel hadisələrindən sonra könüllü orduya yazıldı və gizirlik kursu keçib Tərtərdə yerləşən öz hərbi hissəsinə qayıtdı.

Vətənə bir başqa sevgisi vardı. Hətta 2016-cı ildə Xızı rayonu Giləzi qəsəbəsindən şəhid olmuş Novruzov Ravilin 2018-ci ildə qəsəbənin girişinə vurulmuş böyük şəklini görüb deyirdi  ki, bax, mənim də belə bir şəklim bizim kəndimizin girişinə vurulacaq. Şəhidliyi bu cür arzulayırdı.

Qardaşım dininə bağlı insan idi, İslam dininin qanunlarına əməl etməyə çalışırdı.  Silah yoldaşlarının sözünə görə, hər döyüşə girəndə də öncə Şəhadət namazı qılıb girərmiş. Sentyabrın 25-də atama yazdı ki, mənə halallığını ver, vaxt az qalıb. Biz hamımız əvvəldən bilirdik ki, Natiq şəhidlik yolunu seçib. Bu da onun vətən sevgisindən irəli gəlirdi.

Müharibə başlayandan hər gün danışırdıq. Hətta oktyabrın 1-i günorta saatlarında da danışdıq. Həmin gün bacıma yazıb ki, “döyüş başlayır, biz gedirik. Haqqınızı halal edin! Qarabağ probleminə son!”

Anası şəhidimiz haqqında danışır:
 
“Natiq uşaqlıqdan qoçaq idi, mərd idi, hər kəsin köməyinə qaçan idi. Qohum-əqrəbada, dost-tanışda hələ heç kim deyə bilməz ki, Natiq bu vaxta qədər kiminsə xətrinə dəyib, kimisə incidib. O, cəld, çevik uşaq idi. Özü seçdi bu yolu. Özü istədi və getdi”.



“Şəhid bir damladır. Damlalar birəşib Şəhidlik zirvəsini yaradırlar”- deyir qəhrəman igidin atası. Natiq də o zirvəni yaradan şərəfli damlalardan biridir. Bütün videolarında, şəkillərində gülümsəyən, ən çətin məqamı belə pozitiv qarşılayan, sonuncu videosunda “hələ ki, heç birimizə heç nə olmayıb, salamatıq, heç birimizin burnu da qanamayıb”- deyərək, ailəsinin, onları sevənlərin ürəyini rahatlamağa çalışan Natiq sevərək seçdiyi şəhidlik məqamına da gülə-gülə getdi.

Torpaq suyla qarışarsa palçıq, qanla qarışarsa Vətən olur. Bu torpağı öz qanlayırlya növbəti dəfə Vətən edən Natiqlərin ruhuna sayğı, sevgi, ehtiramla...

Şahanə MÜŞFİQ

[email protected]

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz! 

 

 





09.12.2020    çap et  çap et