|
|
|
|
Tanınmış italyalı rəssam Amadeo Modilyani deyir ki, rəssam Tanrıya bənzəyir, ancaq çəkdiklərinə can verə bilmir.
Budəfəki həmsöhbətimiz rəssam Sevda Çələbinin çəkdiyi rəsmlər bu xüsusiyyətinə görə digərlərindən fərqlənir.
O, çəkdiyi rəsmlərdə Şəhidlərin portretini yaradaraq rəsmlərə bir növ ruh verir. Onun bu rəsmləri izləyicilər tərəfindən də böyük maraqla qarşılanır.
Dediyinə görə, rəsmləri öz içindən gələrək çəksə də, izləyicilərin çoxu ilə eyni fikirdə olduğu üçün rəsmləri bu qədər bəyənilib.
***
- Qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadənin və Prezidentin köməkçisi Hikmət Hacıyevin rəsmini çəkib paylaşdıqdan sonra tanınmağa başladınız. İzləyicilərin məhz bu rəsmlərə maraq göstərəcəyi əvvəlcədən ağlınıza gəlmişdimi?
- Əslində, mən rəsmlərimi içimdən gələrək çəkirəm. Vətənə layiq olan, mərd insanlarla həmişə fəxr etmişəm. Allah Cəbrayıl Dövlətzadəyə və bütün şəhidlərimizə rəhmət eləsin. Hikmət Hacıyev də bir məmur olaraq çox nümunəvi insandır. İstifadəçilərin çoxu mənimlə eyni fikirdə olduğu üçün rəsmlərim bəyənildi, mən də buna çox sevindim.
- İşlərinizi tanıtmaq məqsədilə sosial şəbəkələrdən istifadə edirsiniz. Bəs bu platformaların imkanlarından nə dərəcədə razısınız?
- Sosial şəbəkələrdən istifadə etməyə ilk dəfə 2019-cu ilin yazında başlamışam. O zaman əl işlərimi görüb məni rəsm müsabiqəsinə dəvət etdilər və sərgidə iştirak edib Leyla Əliyeva ilə görüşmək imkanı qazandım.
- İnsan sənətə gələndə ona dəstək verən şəxslər olur. Sizə bu yolda dəstək çıxan və yaxud ailədə rəssamlıqla məşğul olan kimsə varmı?
- Mən özümü dərk edəndən, təxminən 4-5 yaşımdan rəsm çəkirəm və bu, məndə irsidir. Mənim dəstəkçilərim atam və anam olub. Hansı ki, onların da çox gözəl rəsm çəkmək qabiliyyətləri var idi. Ancaq heç biri bu işlə ciddi şəkildə məşğul olmadı. Anam ingilis dili müəllimi, atam isə stomatoloqdur. Mən də riyaziyyat-informatika müəllimiyəm.
- Ən çox hansı janra müraciət edirsiniz?
- Bütün janrları sevirəm və hər gün öz üzərimdə işləyərək dünya rəssamlarının rəsmlərini izləyirəm. 3D formatında rəsmlər çəkirəm. Oxşar rəsmləri təkrar çəkməyi sevmirəm. Daha çətinə gedərək, mən bunu da bacararam deyərək, yeni işlərə əl atıram. Amma ən çox portret janrına müraciət edirəm. Bu janr rəsmdə ən çətin janrlardan hesab olunur.
- Sevda xanım, əsərlərinizdə daha çox soyuq, yoxsa isti rənglərdən istifadə edirsiniz?
- Hər bir rəsm öz çalarları ilə gözəldir. Təbiətin rəngləri Allahın bizə verdiyi nemətlərdəndir. İsti rənglərdən müəyyən qədər istifadə etsəm də, əksər rəsmlərimdə soyuq rənglərdən daha çox istifadə etmişəm.
- Rəssamlıq sahəsində hər hansı mükafatınız varmı?
- 14 yaşımda Füzulinin "Leyli və Məcnun" əsəri mövzusunda keçirilən rəsm müsabiqəsində respublika üzrə birinci yeri qazandım. Bir ay sonra oxuduğum məktəbdə sərgim təşkil olundu. Sərgimə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, böyük bəstəkar, rəssam Arif Məlikov və Xalq şairi Vaqif Səmədoğlu gəlmişdi. Mənim üçün onları yaxından tanımaq ən böyük mükafat idi.
- Rəssam üçün palitrasız həyat nə deməkdir?
- Şəxsən mən həyatımı rəsmsiz, palitrasız təsəvvür edə bilmirəm. Çölə çıxarkən çox insanın diqqət etmədiyi nüanslara nəzər salıram. Göydəki buludların toplanmasına, yarpaqların formasına, quşların uçuş trayektoriyasına, küçələrin düzülüşünə və s. Bütün bunları sonradan rəsmlərimdə əks etdirirəm. Məncə, bir rəssam üçün palitrasız həyat qanadsız quş kimi olmaqdır, həyatı doyunca yaşamamaqdır.
- Elə bir əsər olubmu ki, onu ərsəyə gətirə bilməmisiniz?
- Çəkə bilmədiyim yeganə rəsm anamın portretidir. Anamı itirəndə 10 yaşım var idi. O ana ki, bu günə qədər qazandığım bütün nailiyyətləri 10 ildə onun mənə öyrətdikləri sayəsində əldə etmişəm. Əgər yaşasaydı, hər şey başqa cür olardı deyə çox düşünürəm. Hər dəfə onun portretini çəkməyə başlayanda qəhər məni boğur və davam edə bilmirəm.
- Bildiyimiz kimi, bir çox rəssamlar əsərləri müəyyən saya çatanda sərgilər təşkil edirlər. Siz belə bir sərgi təşkil etmisinizmi?
- Yalnız rəssamlıqla məşğul olmadığımdan sərgi açmaq üçün rəsmlərimi bəlli bir saya çatdıra bilmirəm. Sərgi təşkil etməyi çox istəyirəm. Yəqin ki, nəsib olar.
- Hər bir insanın sevdiyi musiqi olur. Siz əsər yaradarkən hansı musiqiləri dinləyirsiniz?
- Musiqini çox sevirəm. Pianoda da ifa edirəm. Azərbaycan musiqisinin bütün janrlarını sevirəm və dinləyirəm. Rəsm çəkərkən sakitlik və musiqi çox önəmlidir. Rəsmlərimi işləyərkən əsasən klassik musiqiyə qulaq asıram. Bu, mənə rahatlıq və ilham verir.
- Gələcək planlarınız haqda nə düşünürsünüz?
- Qadınlarımız və körpələrimiz üçün rəsm mərkəzi açmaq istəyirəm. Bu, mənim çoxdankı arzumdur. Deyirlər ki, çirkin qadın yoxdur, baxımsız qadın var. Mən bu cümləyə bir şeyi də əlavə etmək istərdim. Bacarıqsız qadın yoxdur, şəraitsiz qadın var. Qadınlarımızın çoxu psixoloji problemlərlə üzləşirlər və istədikləri işləri həyata keçirə bilmirlər. Təbii ki, bütün bu baş verənlər övladlarına da sirayət edir. Həmişə arzum olub ki, əl qabiliyyəti olan insanları üzə çıxarım.
Günel ABBAS