525.Az

Div əmilər, F-16 xalalar - Məhsəti Musadan yeni yazı


 

XƏSTƏXANALARDA NÖVBƏ PROBLEMİ

Div əmilər, F-16 xalalar - <b style="color:red">Məhsəti Musadan yeni yazı </b>

Havalar soyumağa başlayınca yenə də həmişəki kimi ağrılar bədənimdə "Cəngi" rəqsinə başladı. Həkimlər, növbələr...

Növbə demişkən, bu mövzu həmişə mənim yaralı yerim olub. Üzüyumşaqlığım ucbatından getdiyim yerdən çox vaxt əliboş qayıtmışam və buna birtəhər göz yummuşam. Amma xəstəxanalardakı  növbə mədəniyyətsizliyini sakit izləmək olmur. Və bu dəfə ardıcıl müşahidə etdiklərimi sizinlə bölüşmək istədim.

Qeyd etdiyim kimi, səhhətimdə problemlər yarandığı üçün rayonlarımızın birində həkimə müraciət etdim. Məndən başqa növbədə kimsə yox idi. Lakin həkim mütləq müəyyən müayinələrdən keçib sonra yanına qayıtmağımı istədi. Yenidən ora qayıdanda isə xeyli xəstə toplaşdığını gördüm. Cəbhədə vəziyyətin gərginləşdiyi vaxtda burada da növbə üstündə qırğın gedirdi. Ağrılarım möhkəm olduğu üçün divara söykənib müvazinətimi saxlamağa çalışdım. Bu vaxt çox çəlimsiz və hamilə bir xanım ayağa qalxıb yerini mənə təklif etdi. Ayaq üstə güclə dayanmağıma baxmayaraq, qətiyyətlə imtina etdim. Nə qədər çalışsam da, onu yerinə qaytara bilmədim. Utandığımdan oradan uzaqlaşdım ki, bəlkə əyləşə. Amma  gedərkən xəstə yanında gəlmiş pomidor yanaqlı, enli sinəli xalalardan birinin ley kimi həmin oturacağa tərəf şığıdığı gözümdən yayınmadı...

Müalicələrimi alıb özümə gəlirdim ki, yenidən xəstəxanaya üz tutmalı oldum. Bu dəfə COVİD-19-la mübarizə aparmalı idim (Bu haqda ötən yazılarımdan birində yazmışam). Həkim KT müayinəsindən keçməli olduğumu  bildirdi. Bizim rayonda bu müayinə müəyyən səbəblərdən mümkün olmadığı üçün oradan birbaşa başqa  rayona üz tutdum. Burada da məndən əvvəl gələnlərin çoxu yaşlı və xəstə insanlar idi. Kimsədən icazə almağa üzüm gəlmədi. Gözləməyə başladım. Lakin sonradan gələn insanlar səbrimi tükəndirirdilər. Biri "həkimdən bir söz soruşub çıxıram" deyərək otağa təpilib 20 dəqiqədən sonra çıxır, biri "buranın işçisiyəm" deyib keçir,  yaxud hansısa bir ağxalatlı qadın kiminsə qolundan dartaraq: "Az gəl bura görüm, özüm keçirdəjəm. Növbə nədir?" - söyləyib növbədəkiləri qıcıqlandıraraq öz işlərini görürdülər. Nəhayət, hər kəs sözü bir yerə qoydu ki, daha növbəsiz keçən kimsəyə imkan verməsinlər. Amma bu vaxt haradansa peyda olmuş div görünüşlü nəhəng bir kişi insanların arası ilə keçib qapıya tərəf getdi. Qadınlardan bəziləri "Ay qardaş, hara keçirsən, növbəni gözlə" desə də, o, çevrilib parası boyda olan bu insanlara tərs-tərs nəzər saldı və elə görünüşünə uyğun səslə yuxarıdan aşağı hörüldədi:

- Mön homudan övvöl gölmüşöm.

- Əşi, indi gəldin axı...

O, gözünü bərəldib eyni səslə davam etdi:

- Deyüröm kü, çoxdan gölmüşöm!

Sonra saymazyana şəkildə dabanı üstə fırlanıb qapını açaraq içəri keçdi.

Bu həyasızlığın qarşısında susub başını bulayan xəstə insanlara baxdım. Heç kimin  onunla tutaşmağa halı yox idi. Canımı dişimə tutub mən də səbr etdim.

Arada tibb bacıları yenə öz qohum-əqrabalarını gətirib içəri ötürür, beləliklə, növbəmizin vaxtı uzanırdı. Sonra biri yaşlı, biri isə gənc olmaqla iki xanım yaxınlaşıb növbədə çox insan olduğunu gördü. Yaşlı qadın: "Qurban olum, 5 yaşlı uşağı evdə tək qoymuşuq. İcazə verin qızım tez keçsin" - dedi. Təbii ki, mövzu uşaq olduğu üçün kimsə etiraz etmədi. Bu xanımları da belə yola saldıq. Xeyli  gözləyəndən sonra, növbəm yaxınlaşırdı. Yorğunluq və səhərdən canıma işləyən soyuq əməlli-başlı hövsələmi daraltmışdı. Bu vaxt bir xala F-16 sürəti ilə yanımızdan keçib birbaşa qapıya tərəf getdi. Təxminən  65-66 yaşı olsa da, qaməti düpbədüz, hündürboylu, qıvraq, elə qırıcı kimi qadın idi. Tıncıxmış insanlar yerbəyerdən dillənib növbəyə durmağını tələb edəndə xala bir sağa, bir sola baxıb özünü sındırmadı:

- Belə özüm keçəjəm. Yaşdı adamam, nətəər gözdüyüm a mən?

Artıq insanların bu saymamazlığından səbrim tükəndi:

- Xanım, elə şey yoxdur. Səhərdən növbə verə-verə gözləyirik. Hər kəs öz vaxtında keçəcək.

- Boooy, mən gözdüyəmmərəm. Xəstəyəm.

- Heç kim bura kefindən gəlmir. Hamımız xəstəyik. Ayaqlarıma bax, nazik corabla səhərdən ayağım kəsilir soyuqdan.

Xala artıq danlamağa keçdi:

- Booy, başaaa xeyir, indiki cavannarı başa salmaq olmur ha. Sən niyə yun coraf geyinmirsən ki?

- Əsas odur ki, indi geyinməmişəm, soyuqdur və kimisə gözləyəcək halım da yoxdur.

O, güzəştə getməyəcəyimi görüb özünü oturacağa atdı. Sonra orta və şəhadət  barmağını cütləyib kor bağırsağının üstündən basdı. Dərhal da artıb-azalan səslə həyəcan siqnalı işə düşdü:

- Uuuuyyy öldüüüüm... Uuuuyyy öldüüüüm... Uuuuy böyrəkləriiiim...

Qəfildən ona zillənən kinayəli baxışların altında barmaqlarını üstünə qoyduğu orqanla adını çəkdiyi orqanın arasındakı məsafənin fərqini anlayıb fəndi dəyişdi. Bu dəfə uzun və ox kimi düz olan qıçlarını cütləyib tank lüləsi kimi irəli uzadaraq hazır vəziyyət aldı və nəfəs almadan öhhhööö-hööö-hö-hö-höööö edərək qarşı tərəfdə dayananları tüpürcəkli öskürək atəşinə tutmağa başladı. Oğlu kənarda dayanıb fəxrlə anasının şousunu izləyir, mənim isə bu mənzərədən ürəyim bulanırdı.

Birdən qapı açıldı və xala atəşi dayandırıb içəri atıldı. Ayağa qalxsam da, mənimlə gəlmiş yoldaşımın təkidi ilə  dayanmağa məcbur oldum. Xala düz yarım saatdan sonra suyu süzülmüş halda dəhlizə çıxdı. Bu qədər vaxtı neylədiyini soruşduq. "Ay bala, aparat xarab oldu. Bayaqdan içəridə gözdüyürəm. İndi dedilər ki, büyün düzəlmiyəjək" deyərək silah-sursatını yerə qoyub normal şəkildə danışmağa başladı.

İtirdiyimiz vaxta heyifsilənmiş və yorğun halda xəstəxananı tərk etdik. Yolda geyim mağazasının yanından keçərkən bayaq  "evdə 5 yaşlı uşaq qoyub gəlmiş" iki qadının iri və dolu sellafon torbalarla mağazadan çıxıb qol-qola girərək arxayın şəkildə getdiyini gördüm. "Əhsən fərasətinizə" - deyib sabah gedəcəyimiz  şəhərdəki xəstəxana ilə əlaqə saxlamağa çalışdım...

 





09.12.2020    çap et  çap et