525.Az

Ərdoğan gəlir - Yazı


 

Ərdoğan gəlir - <b style="color:red">Yazı </b>

BÖYÜK TÜRKİYƏNİN CƏSUR CUMHURBAŞQANI ƏRDOĞAN AZƏRBAYCANA – VƏTƏNİNƏ GƏLİR. O, içində nazirlərin, generalların, alimlərin, millət vəkillərinin, ayrı-ayrı partiyaların təmsilçilərinin, dövlət və iş adamlarının, ziyalıların olduğu böyük nümayəndə heyəti ilə gəlir, xoş gəlir, səfa gətirir.

ƏRDOĞAN siyasi, hərbi, mənəvi mesajlarla gəlir: BÖYÜK TÜRKİYƏ ilə BÖYÜK AZƏRBAYCAN birdir, qardaşdır, biz birlikdə güclüyük, birlik dirilikdir, bir olsaq, həll edə bilməyəcəyimiz problem yoxdur. Dostlara ümid, sevinc, qürur, güvənik, düşmənlərə göz dağıyıq. Hər kəs bilsin ki, Qafqazla bağlı məsələlər BÖYÜK TÜRKİYƏ və BÖYÜK AZƏRBAYCANIN iştirakı olmadan həll edilməz. Biz olan yerdə barış, ədalət, sevgi, mərhəmət, hüzur olar. Biz rəngindən, dilindən, irqindən, sosial kimliyindən, siyasi, dini anlayışından asılı olmayaraq hər insana qucaq açarıq, insanı uca Allahın rizasını qazanmaq üçün sevərik, mərhəmət etməyənə mərhəmət olunmaz ölçüsünü unutmarıq. BÖYÜK TÜRKİYƏ ilə BÖYÜK AZƏRBAYCANIN birliyi Qafqazda barış və təhlükəsizliyin, iqtisadi, mədəni, sosial inkişafın təminatıdır. Bizimlə olan xeyir tapar, bizə qarşı çıxan məğlub olar.

Ərdoğanın  fanatı deyiləm. Fanatizm ağılın kirayə verilməsi, vicdanın ölməsi, iradənin doğrunu seçmək imkanını itirməsidir. Bu çərçivədə Ərdoğanın qüsurlarının olduğunu da bilirəm, görürəm, deyirəm, yazıram. Ancaq bu yazı CƏSUR ƏRDOĞANIN AZƏRBAYCANIN üzərində haqqı var düşüncəsi ilə yazılıb, onun haqqını bir ölçüdə verək istəyidir, vəfa borcudur, onun, onun timsalında BÖYÜK TÜRKİYƏNİN əməyinə verilən dəyərdir. İnanıram ki, nəyə dəyər versən, o artacaq.

ƏRDOĞAN bir ANADOLU övladıdır, Rizəlidir. Bu millətin içindən çıxan, düşüncəsi mənsub olduğu millətin dəyərləri ilə yoğrulan liderdir. Qara dənizin təbiəti kimi dili sərt olsa da, imanlı ürəyi mərhəmətlə doludur. Anasını çox sevər, onun gözündən, üzündən, əlindən, Allah Rəsulunun cənnət anaların ayaqlarının altındadır ölçüsünə uyaraq ayağından öpər, bir yetim görsə, qucağına alar, başını oxşayar, göz yaşlarını tuta bilməz, məzlumun, kimsəsizin, yoxsulun evinə gedər, çayını içər, ona təsəlli, ümid verər. İşğalçı Rusiyanın və zalım Əsədin varil bombaları ilə öldürdüyü məzlum və müsəlman Suriya xalqının canını ölümdən qurtaran 3,5 milyonluq yaxınlarına Türkiyənin sınırlarını açar, onlara ev tikər, qarınlarını doyurar, göz yaşlarını silər, məktəb, xəstəxana açar, dünyada onların və bütün məzlumların susmayan səsi olar.

ƏRDOĞAN dini təhsil verən liseyi və İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Uca Allaha iman edib, namazını qılır, orucunu tutur, zəkatını verir, gözəl Qurani-Kərim oxuyur, ümmət şüuru var, qibləyə yönələnin təkfir olunmayacağına inanır, deyir ki, mən nə sünniyəm, nə də şiəyəm, mən müsəlmanam.

ƏRDOĞANIN düşüncəsi sevəlim, seviləlim, dünya kimsəyə qalmaz deyən Yunis Əmrənin, bağban boş yerə zəhmət çəkməsin, gül bağçasını selə versin, o, min gül bağçasına su versə də, PEYĞƏMBƏRİN üzü kimi bir gül açılmaz deyən Füzulinin, enməmişdir hələ Quran bunu haqqı ilə bilin, nə məzarlıqlarda oxunmaq, nə də fal baxmaq üçün deyən Mehmet Akif Ersoyun, dəyərin hədəfin qədərdir deyən Məhəmməd İqbalın, ölüm pis olsa idi, PEYĞƏMBƏR ölməzdi deyən Nəcib Fazil Kısakürəyin, İslam ruhu ilə şahlanan yurdu müsəlmansız qoyma, Allahım deyən Arif Nihat Asyanın, çoçuklar öldürülməsinlər, şirni də yeyə bilsinlər deyən Nazim Hikmətin, ürəyimiz ağrıyırsa, könlümüz sıxılırsa, narahatıqsa, qəlbimizdə acı varsa, biz də yaşayırıq, həyatdayıq, qardaşım deyən İbrahim Sədrinin, məzarlardan belə yüksələn bir bahar vardır deyən Sezai Karakoçun, sulamaq istəyirəm dənizlərini, tozlanmasınlar deyə yazan İbrahim Tənəkəçinin təbliğ etdiyi dəyərlərlə mayalanmışdır. CƏSUR ƏRDOĞAN şeiri, ədəbiyyatı, türküləri çox sevir, onlar vasitəsilə milləti ilə könül bağı qurur, onun oxuduğu bərabər yürüdük biz bu yollarda, bərabər islandıq yağan yağmurda nəğməsi dillərdə dastan olmuşdur. CƏSUR ƏRDOĞANIN düşüncəsi zəngin xalq ədəbiyyatına, saz mədəniyyətinə, insanın qəlbinə hüzur verən, ağlını, duyğularını tərbiyə edən türkülərə bağlıdır. O saz mədəniyyətinin ki, bizə uca ALLAHI, ELÇİNİ, insanı, xeyiri, şəri, bu dünyanı, axirəti tanıdır, çiçəyə, böcəyə, dağa, suya, ağaca, Aya, Günəşə uca ALLAHIN ayələri kimi baxır. Bu el, söz və saz mədəniyyəti çiçəklə danışır, deyir ki, dərdini dağa söylə ki, hüzur tapasan, su ilə xəbərləşir, xanım ərinə igidim, dağım, ər xanımına halalım deyir. Bu mədəniyyət həyat bir dərin nəfəsdir söyləyir, Əzrailə ehtiyac yoxdur, can düşər can üstünə fikrinə inanır, fərman padşahındır, dağlar bizimdir deyə üsyan edir, sevgisini sözlərin ən gözəli, ən incəsi ilə bildirir: Üzündə göz izi var, Sənə kim baxdı, yarım? ölçüsünü qoyur, üzdə göz izinin, gözdə də üz izinin olmasını istəmir, qısqanır, yəni sevir. Bu mədəniyyətin insanları acısına xocası kimi baxır:

Yaradan var, Yaradan var,
Hər dərdi yaradan var.
Toxunma yarama, təbib,
Məndə hər yaradan var.

Bu saz mədəniyyəti içində elm, iman, sevgi, barış, ədalət daşıyır, dəyərləri insanı dar və zor gündə yasa düşməyə qoymur, ümid verir, qaranlığın içindəki işığı göstərir, deyir ki, halal ruzi yeyən atamın manqal kimi ürəyi var, qəlbimdə o qədər dərd var ki, sancı sərxoş olmuşdur, dağlar çiçək açar, Veysəl dərd açar. Bu saz mədəniyyəti insanın ağlını, iradəsini, vicdanını, duyğularını gücləndirən dua və ana mədəniyyətidir, bu mədəniyyətin böyük təmsilçisi Ərdəm Bəyazit fədakar və şəfqətli Anadolu qadınını belə tanıdır:

Qadınlar tanıyıram ölkəmə aid,
Ürəkləri Ağ dəniz kimi geniş, nəfəsi Afrika kimi isti.
Sinələri Çuxurova kimi münbit,
Dağ kimi otururlar evlərində.
Limanlar gəmiləri necə gözləyərsə,
Eləcə gözləyərlər erkəklərini.
Yaslandınmı çinar kimidir onlar,
Qucaqladınmı ümid kimi. 

Bu saz, söz, el mədəniyyəti deyir ki, Sevinəndə torpağa, üzüləndə göyə bax, Yerdə təvazö, Göydə fərəh var.

ƏRDOĞANIN düşüncəsində bir SƏLCUQLU damarı var, “fəthin atası”, “ədalətin nuru” adlarını qazanmış ALP ARSLAN 1071-ci ildə bir müdafiə savaşı olan Malazgirt zəfəri ilə ANADOLUNUN fəthinin önünü açdı, ANADOLU İslam torpağı oldu. O, döyüşdən öncə kəfənini geyindi, uca Allaha dua etdi, cəsur ordusunun başına keçdi və bu sözləri söylədi: “BUNDAN SONRA ASLAN YAVRULARI KİMİ OLUN VƏ BÜTÜN MƏMLƏKƏTLƏRİ QARTALLAR KİMİ SÜRƏTLƏ KEÇİN”. Onun bərəkəti ilə SƏLCUQLU qısa bir zamanda bugünkü TÜRKİSTANI, ƏFQANISTANI, İRAQI, SURİYANI, ANADOLUNU, İRANI, QAFQAZI əhatə edən dünya dövləti oldu, böyük bir İslam mədəniyyəti ortaya qoydu. Sadəcə bunu demək istəyirəm ki, Nizami Gəncəvi SƏLCUQLU dövlətinin yetirməsidir. Böyük dövlətlər böyük şəxsiyyətlər yetişdirirlər, o böyük dəyərlər də dövləti irəli aparırlar. SƏLCUQLUNU anlamadan Nizamini anlamaq imkansızdır. Onun təbliğ etdiyi dəyərlər də bunlardır: tövhid, ədalət, dövlət idarəçiliyinin əsasları, mərhəmət, insanın dəyəri.

ƏRDOĞANIN düşüncəsində bir OSMANLI damarı da var. Təxminən yeddi yüz illik tarixi olan OSMANLININ liderlik anlayışının ölçüləri bunlardır:

İnsanı yaşat ki, dövlət yaşasın;

Vaxtından öncə çiçək açmaz – səbirli ol, hədəflərin üçün dirən, əmək səndən, zəfər uca ALLAHDANDIR;

Xalqı parçalama, birləşdir;

Ədalətli ol;

Mərhəmətli ol;

Lider millətinə ümid, güvən, hədəf verən, onu qoruyan insandır;

Lider elm, təhsil, təcrübə ilə yetişdirilər;

Lider cəsurdur, cəsurluq qorxusuzluq deyil, həqiqət uğrunda ölümü şüurlu biçimdə gözə almaqdır;

Uca ALLAHDAN və millətdən ayrılma;

Dostlarını çoxalt, düşmənlərini azalt;

Liderin yükü ağır, işi çətin, gücü tükdən asılıdır, o, hər zaman uca ALLAHDAN yardım istəməlidir;

Lider həm idealist, həm də gerçəkçidir, idealistlik onu cəsarətə, gerçəkçilik ağıla bağlayır, ağıl, elm, cəsarət birləşsə, açılmayan qapı qalmaz;

Məsləhətsiz iş görmə;

Elmin, alimin, təhsilin, əməyin dəyərini anla;

İnsan dövlət üçün deyil, dövlət insan üçündür;

Uca ALLAH yer üzündə insanı mərkəzə qoymuşdur, insanın haqqına təcavüz, uca ALLAHIN haqqına təcavüzdür.

ƏRDOĞANIN düşüncəsi Şəhid SEYYİD KUTUBUN dəyərlər bulağından su içmişdir. O SEYYİD KUTUBUN ki, dar ağacına aparılanda Misir prezidentindən üzr istə ki, səni bağışlasın təklifinə: “BİR MÖMİN BİR KAFİRDƏN ÜZR İSTƏMƏZ”, - demişdir. CƏSUR ƏRDOĞANIN Bosniya müsəlmanlarının alim lideri ALİYƏ İZZƏTBƏYOVİÇ ilə könül, düşüncə, vicdan bağı var idi. O böyük insan son vəsiyyətini də ƏRDOĞANA etmişdi. ALİYƏ İZZƏTBƏYOVİÇİ tanımaq üçün bərəkətli düşüncəsindən örnəklər təqdim edirəm: Risk almayan lider olmaz, risk savabdır, barışı sevmək müsəlman olmağın əlamətidir, sual vermək sənətdir, səni cənnətə götürəcək bir hədəfin olsun, dünya sevgisi qəlbə yükdür, Mehdi inancı müsəlmanların tənbəlliyinin adıdır, idealist olanlar planlı və proqramlı yaşayarlar, şeirsiz fikir olmaz, ziddiyyətlər idrakı inkişaf etdirir, insan olmadan İslam olmaq imkansızdır, uğrunda ölməyə hazır deyilsənsə, özgürlük (azadlıq) sözünü lüğətindən çıxar, dininiz əxlaqınız qədərdir, şairin əsl dərdi şeir deyil, sussanız, zalımlar və zülm çoxalacaq, hər ev məsciddir...

ƏRDOĞAN MUSTAFA KAMAL ATATÜRKÜN min bir əziyyətlə, əməklə, alın və ürək təri ilə qurduğu BÖYÜK TÜRKİYƏ CÜMHURİYYƏTİNİ on səkkiz ildir idarə edir. O, idarə haqqını xalqından aldı, seçildi, keçirilən bütün seçkiləri qazandı, uğurlara imza atdı (etdiyi, edə bilmədiyi, yanlış etdiyi işlər də var): 

TÜRKİYƏDƏ zehniyyət dəyişdi, ölkə qəfəsdən çıxdı, dünyaya açıldı;

TÜRKİYƏ Amerikadan idarə olunan bir ölkə statusundan qurtuldu;

TÜRKİYƏ elm və təhsilin önəmini anladı, bildi ki, elm, alim və təhsil olmadan inkişaf imkansızdır. Bu gün TÜRKİYƏNİN böyüməsi, daha çox inkişaf etməsi, dünyada söz sahibi olması üçün bu üç dəyər həyatın bütün sahələrinə daşınmalıdır: ƏDALƏT, ELM, TƏHSİL;

TÜRKİYƏ bölgəsinin ən güclü dövlətinə çevrildi;

TÜRKİYƏ Orta Şərqin lider dövlətinə çevrildi, TÜRKİYƏNİN iştirakı olmadan bölgənin problemlərini həll etmək imkansız oldu;

İslam ümmətinin önəmli bir hissəsi TÜRKİYƏYƏ ümidlə baxmağa başladı;

TÜRKİYƏ Rusiyaya, Çinə, Afrikaya açıldı;

TÜRKİYƏ NATO-nun ikinci Ordusuna sahibdir;

TÜRKİYƏ humanitar yardımın ölçüsünə görə dünyada ikinci, milli büdcəsinə nisbətlə birincidir;

TÜRKİYƏNİN dünyanın on altı ölkəsində əsgəri var;

Hərbi ehtiyaclarının yüzdə yetmiş beşini özü təmin edir;

Tibb sahəsində önəmli uğurlara imza atıldı, çoxsaylı xəstəxanalar açıldı, dəyərli alimlər, həkimlər yetişdi. Bu gün TÜRKİYƏ dünyada tibbi turizmin mərkəzlərindən biridir;

TÜRKİYƏNİN iqtisadi imkanları artdı, elmi potensialı gücləndi, yollar çəkildi, körpülər tikildi, turizm inkişaf etdi, mədəniyyətdə uğurlar qazandı;

ƏRDOĞAN AZƏRBAYCANIN QARABAĞI zalımdan və zülmdən azad etmə hərəkatında çiynini yükün altına verdi, sözü və əməli ilə tam dəstək oldu. İLHAM ƏLİYEVƏ dedi ki, TÜRKİYƏNİN hərbi imkanları AZƏRBAYCANINDIR. Rusiyanın savaşa müdaxilə ehtimalı ortaya çıxanda isə tarixi sözlərini söylədi: MÜDAXİLƏ OLSA, ATAMIN OĞLU DA OLSA, GÖZ YAŞLARINA BAXMARAM.

ƏRDOĞAN AZƏRBAYCANA GƏLİR, bu, münasibətlərin bir dönəminin bitdiyinin, yeni bir dönəmin başladığının əlamətidir. Bu yeni dönəm:

1) QARABAĞIN dağlıq hissəsində AZƏRBAYCANIN suveren hüquqlarının bərpası uğrunda siyasi, diplomatik savaş dönəmidir;

2) TÜRKİYƏNİN Güney Qafqazda siyasi, iqtisadi, hərbi imkanlarının artacağı mərhələdir;

3) TÜRK ORDUSUNUN AZƏRBAYCANA gəlişinin yolları açıla bilər;

4) Avropa və Amerika bu dönəmdə anlayacaq ki, Qafqazda, TÜRKİSTANDA, Ukrayada, Gürcüstanda Rusiyanın təsir imkanlarını azaltmağın yolu Türkiyə ilə əməkdaşlıqdır;

5) Bölgənin iqtisadi inkişafı, barış və təhlükəsizliyin təmin olunması TÜRKİYƏ ilə AZƏRBAYCANIN sıx əməkdaşlığından çox asılıdır;

ƏRDOĞAN VƏTƏNİNƏ-AZƏRBAYCANA XOŞ GƏLİR, ÜMİD, SEVİNC, CƏSARƏT, GÜVƏN, BARIŞ GƏTİRİR. Deyir ki, dünyada söz sahibi olmağın yolu birlikdən, qardaşlıqdan keçir: BİR OLALIM, İRİ OLALIM, DİRİ OLALIM, DOSTLARA GÜVƏN, DÜŞMƏNLƏRƏ GÖZ DAĞI VERƏLİM!

UCA ALLAH BÖYÜK TÜRKİYƏNİ, ONUN CƏSUR LİDERİ ƏRDOĞANI QORUSUN, AĞLINA, İRADƏSİNƏ, ELMİNƏ BƏRƏKƏT VERSİN! TƏK OLAN ALLAH BÖYÜK TÜRKİYƏNİN FƏDAKAR XALQINA HÜZUR, İGİD ORDUSUNA GÜC VERSİN, ONLARI DARDA QOYMASIN, RUZİSİNİ, SEVGİSİNİ, BARIŞINI ARTIRSIN! BÖYÜK TÜRKİYƏ İLƏ BÖYÜK AZƏRBAYCANIN QARDAŞLIĞINI ƏBƏDİ ETSİN!

 





09.12.2020    çap et  çap et