525.Az

Tərtərdə şumsuz texnologiyanın tətbiqi ilə bağlı seminar keçirilib


 

Tərtərdə şumsuz texnologiyanın tətbiqi ilə bağlı seminar keçirilib<b style="color:red"></b> Müasir əkinçilik dedikdə yetişdiriləcək bütün məhsulların kəmiyyət və keyfiyyətinə müsbət və mənfi təsir edəcək bütün mühüm amillərə müasir aqronomik elmi-praktiki biliklərin, müasir laboratoriya və gündəlik ölçmə cihazlarının, müasir marketinq araşdırmalarının vasitəsi ilə nəzarət edən istehsal prosesinə əsaslanan tam innovativ əkinçilik nəzərdə tutulur.

525.az xəbər verir ki, dünyada hazırda innovativ əkinçilik prinsiplərinə əsaslanaraq yeni müasir texnologiyalar, becərmə üsulları tətbiq edilməkdədir. Respublikamızda da hər il Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif qurumları tərəfindən, əsasən Aqrar Elm və İnnovasiya Mərkəzi, eləcə də onun bölgələrdə olan regional mərkəzləri tərəfindən dünya praktikasına əsaslanaraq xeyli sayda müasir əkin texnologiyaları bölgə fermerlərinə tövsiyə edilir, onlar üçün nümayiş əkinləri təşkil edilir, mütəxəssislər tərəfindən bu yeniliklər haqqında, müqayisəli şəkildə ətraflı məlumatlar verilir. Bu yeniliklərə əsaslanaraq, aqrar sahədə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi üçün şumsuz texnologiyanın tətbiqi ilə bağlı fermerlərin maarifləndirilməsi məqsədilə dekabrın 5-də Tərtər rayonu Zolgörən kəndində, Əkinçilik Elmi Tədqiqat İnstitutunun, Tərtər Bölgə Təcrübə Stansiyasının pambıq əkilmiş sahələrində, müqayisəli şəkildə nəticələri araşdırmaq üçün sıfır, minimum və ənənəvi becərmə üsullarına əsaslanaraq payızlıq buğda səpini həyata keçirilib. Nümayiş məqsədilə Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdovun rəhbərliyi ilə təşkil edilmiş tədbirdə Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Bəhruz Nəzərov, Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova, aqrar sahə mütəxəssisləri və bölgədə fəaliyyət göstərən fermerlər iştirak ediblər.

İ.Cümşüdov fermerləri yeni sıfır becərmə və minimal becərmə metodlarının üstünlükləri ilə ətraflı tanış edib. Braziliyadan dünyaya yayılmış sıfır becərmə metodunun saymaqla bitməyən üstünlükləri, əsasən torpaq münbitliyinin, torpaqda nəmliyin saxlanması, istehsal xərclərinin 55-60 faiz azalması, toxuma və suvarma suyuna qənaət edilməsi, şum və digər səpinqabağı əməliyyatların aparılmaması, bu əməliyyatlara vaxt və vəsait sərf edilməməsi və s. barədə geniş müzakirələr aparılıb. Həmçinin, minimal becərmə metodu ilə səpin fermerlərə əyani şəkildə nümayiş etdirilib. Bildirilib ki, bu metodla səpin zamanı sələf bitkinin məhsulu yığıldıqdan dərhal sonra ənənəvi şum və digər aqrotexniki tədbirlərə ehtiyac qalmır, sadəcə diskilənmə və riperlənmə əməliyyatı aparmaqla növbəti səpin həyata keçirilir.

Qeyd edilən bu texnologiyaların tətbiqi nəticəsində izafi xərclərin qarşısı alınır, məhsulun maya dəyəri aşağı düşür, torpaq deqradasiyaya uğramır, yəni torpağın alt qatı bərkimir, bitkilərin inkişafı üçün münbit şərait yaranır.

Seminarın Tərtər rayonunda təşkili təsadüfi deyil. Başlıca məqsəd yeni texnologiyaların üstünlükləri barəsində bölgə fermerlərini maarifləndirmək olsa da, son zamanlarda Tərtər rayonunun keçirdiyi ağır günlər də rol oynayır. Məlumdur ki, İkinci Qarabağ müharibəsinin baş verdiyi ən qaynar nöqtələrdən birinin məhz Tərtər rayonu olması ilə əlaqədar, rayonun fermerləri, kənd zəhmətkeşləri öz təsərrüfatlarında işlərini məcburən dayandırmalı olublar. Əsasən pambıq yığımında baş vermiş ləngimələr səbəbindən payızlıq dənli bitkilərin əkinində ciddi gecikmələr baş verib. Bunu nəzərə alaraq mütəxəssislər fermerləri şumsuz texnologiyalara üstünlük verməyə çağırıb, daha artıq vaxt itirmədən, heç bir səpin qabağı əməliyyatlar aparmadan, hazırkı yağıntısız iqlim şəraitindən maksimum istifadə edərək növbəti vegetasiya ili üçün səpinlərini yekunlaşdırmağı tövsiyə ediblər.

Şahanə MÜŞFİQ
 





09.12.2020    çap et  çap et